11 Iyul 2024 12:23
503
ƏDƏBİYYAT

ÇƏKİŞMƏ DƏRDİ - Əlisəfa Azayev yazır

Vəkil Aydın Şükürlü qanıqara halda məhkəmənin həyətində gəzinsə də, sanki burada əkilmiş, uca boylu çinarlar ona gözəllik təlqin edir, aradabir gülümsəyir, ilahinin qüdrətinə valeh olurdu. Çinar ağacları çoxucaboy, yoğun, şaxəli idilər. Onların hansı əsrdə, nə vaxt əkildikləri məlum deyildi.

Xəzan yarpaqları da xoşagələn bir gözəllik yaratmışdı. Hər tərəfə səpələnmiş bu ala-göy, saralmış yarpaqların çoxu sərt şaxtanın qurbanı olub, beləcə tezcə yerə tökülmüşdülər. Daha əvvəllər tökülənlər bir qədər qızaran, qaralan kimi idi. Çoxundan da qəribə iy, qoxu gəlirdi. Sanki yağışdan sonra gələn torpaq iyin xatırladırdılar.

Səhərin bu gözəlliyində hakim İmam Zahidzadə də həyətdə gəzinirdi. Sanki o heç vəkili görmür, görmək də istəmirdi. İş vaxtının başlanmasına hələ bir neçə dəqiqə vardı. Ona diqqət kəsilmiş adamlardan xeyli uzaqda qürurla gəzinirdi. Sanki özündən razı qartımış xoruz idi. Onlarla toyuq içində özünü çox xoşbəxt, imkanlı hiss edirdi.

Bu an prokuror ara qapıdan sakit halda çıxıb, ona tərəf gəlməyə başladı. Hələ ona çox çatmamış gülümsədi, qolların açaraq səsləndi:

  • Salam... Sabah xeyir...
  • Salam... Sabahınız xeyir...

Onlar beləcə həsrətli dostlar kimi qucaqlaşıb-öpüşdülər. Bir-birilərinə xoş sözlər dedilər, dərdləşdilər. Prokuror soruşdu:

  • Nə var-nə yox, qadası?
  • Sağlığın.
  • Səhhətin necədi?
  • Belə də... Hərdən ağrınıram. Bu revmatizma, qan təzyiqi kələyimi kəsir də.
  • Yeyib-içmək, gəzib-dolanmaq lazımdı.
  • Sənin kimi... Kefqomsan ha...

Onlar beləcə ürəkdən deyib-gülür, şənlənirdilər ki, vəkil səbr edə bilməyib dilləndi:

  • Baxın da...
  • ...
  • Bu da bizim ədalətimiz...
  • ...
  • Universitetdə oxuyanda qocaman bir müəllimimiz vardı, deyərdi: “O rayonda ki orqan işçiləri dostluq elədi, o rayonun sakinlərinin vay halına, evləri yıxılacaq...

Onun bu sözlərinə yaxındakı adamlar gülüşdülər, soruşdular:

  • Axı, nə üçün?
  • Ona görə ki, ədalət, çəkişmə prinsipi təmin edilmir.

Prokurorla hakim bu söz-söhbəti eşidib, başlarını bulaya-bulaya məhkəmənin əsas binasına tərəf addımladılar. Otaqda isə onları pürrəngi çay süfrəsi gözləyirdi. Hakim mızıldandı:

  • Deyilənləri eşitdiniz də?!
  • Hə...
  • Cəmiyyət xarab olub da.
  • Tək-tək adamların nöqsanlarını beləcə qələmə vermək düzgün deyil.
  • Sizin də sözlərinizdə bir həqiqət var. Ancaq yaxşı deyirlər ki, bəla həmişə insana yaxınlarından gəlir. Necə ki, Sezarı dövrəyə alıb qəsd edənlər arasında oğul qədər xətrini istədiyi Brut da olub. Hətta bu an soruşub: “Brut, sən dəmi?!”

Prokuror qımışaraq ona tərəf baxdı:

  • Siz ki, yaxın idiniz.
  • Bir o qədər yox.Keyfiyyətsiz adamdı.
  • Aracılıq edirdi axı.
  • Həm də atmağı bacarırdı,
  • Sizə?!. İşə bir bax da!..

Hakim onun sözlərindən incik halda özünü elə apardı ki, sanki bu sözləri eşitmədi. Sadəcə olaraq alnını turşutdu, dedi:

  • Əlbəttə, dünyamalı – pul, qızıl, zər-zinət şirin şeydi. Lakin dostluq, sədaqət ondan da şirin, əzəldi.

Prokuror sanki onu yenə də sancdı:

  • Olmayan şeylərdən danışıb yenə qanımızı qaraltma.
  • Niyə, Allah bərəkət versin.
  • Bizim tərəfə keçən yoxdur.
  • Maaşımızı, əmək haqqımızı alırıq ki.
  • Onu düz deyirsiniz.

Bu an katib otağa girib dedi:

  • Salam...
  • ...
  • Hər vaxtınız xeyir.
  • ...
  • Başlaya bilərikmi?

Hakim soruşdu:

  • Camaatı zala dəvət etmisinizmi?
  • Bu dəqiqə... Dəvət edim də.

Sonra dərhal dəhlizə çıxdı. Kəkələyə-kəkələyə dedi:

  • Məhkəməyə gələnlər... Buyursunlar... İçəri... Zala...

Hakim zala daxil olanda ucadan səsləndi:

  • Qalxın, məhkəmə gəlir!
  • Həyəcanlı idi. Pörtmüşdü. Az qaldı ki, prokurorla toqquşsun:
  • Bağışlayın...
  • Bağışlamalı bir şeyim yoxdur.

Vəkil ləng içəri girəndə hakim onu qınadı:

  • Belə olmaz da...
  • ...
  • Daha o qədər böyümüsünüz ki, söz-söhbətimizə də lağ edirsiniz.
  • Allah eləməsin.
  • Bəs bayaq dediyiniz o sözlər nə idi?!.
  • Mən çəkişmə prinsipi barədə danışırdım.
  • Əyləş, ağlın olsun...
  • Əyləşim də...

Prokuror qımışdı:

  • Nə, ağıl ?!. İbrahimin bu nemətindən, payından hamı razıdı. Heç kim öz ağılını pis bilmir axı.

Məhkəmə işə başlasa da, vəkil pərt halda qaldı. Arada prokurora üz tutub dedi:

  • Sizin bu sözlərinizi eşitdim, xoruzun beş fəziləti yadıma düşdü.

Prokurorla vəkilin döşləşməsi həmişə hakimin xoşuna gəlməsə də, indi meydanı onlara vermək istədi. Belə işləri düzüb-qoşmaqda usta idi:

  • Hə, buyur, de görək də, bunlar hansılardı?
  • Birincisi, xoruzun pipikləri, onun hörmət və əzəmətindən xəbər verir. İti caynaqları güclülüyünü, dalaşqanlığı cəsarətini, bir yem görəndə başqalarını yanına səsləməsi alicənablığını, səhərin açılmasın dəqiqliklə əvvəldən xəbər vermək üçün banlaması onun etibarlılığını simvolizə edir.
  • Başa düşdük, mənası?
  • Mənası odur ki, hamı öz iş sahəsində fəzilətlərini nümayiş etdirib, böyüdüyü, boya-başa çatdığı cəmiyyətə layiqincə xidmət etməlidi.

Prokuror boğuq bir səslə dilləndi:

  • Yoxsa bizim səsimiz, banlamağımız sənə xoş gəlmir?

Onun bu sözlərinə zaldakılar gülüşdülər. Vəkil hazırcavablıqla dedi:

  • Bəli, səsiniz xoş gəlir, məna çaları isə bir o qədər yox.
  • Niyə ki?
  • Prosesdə çəkişmə prinsipi təmin olunmur.
  • Buranın sükancısı hakimdi.
  • Bu fikrinizə görə mən sizə təşəkkür edirəm.

Hakim vəkilin bu sözlərindən incimiş halda dilləndi:

  • Yaxşı sakit olun... İşə mane olmayın. Baxılır...
  • ...
  • Cinayət işinə...
  • ...
  • Adi xuliqanlıq işidi də... Müttəhim burada. Şahidlər hamısı gəlibmi?

Katib dərhal məlumat verdi:

  • Bəli, cənab hakim... Ancaq biri xəstədi... Gəlməyib...

Hakim sözlərindəki məna çalarını ona dərhal irad tutdu:

  • Ay evin yıxılmasın, bəli dediyin nədi, biri xəstədi, gəlməyib deməyin nə?!.  Görürsən ki, hər sözümüzü, hərəkətimizə diqqət yetirir, nəzərə alırlar. Bu gündən sonra daha prokurorla görüşüb-öpüşmək olmaz...

Vəkil bu sözlərin ona ünvanlandığını başa düşdüyü üçün dedi:

  • Mən yox, camaat, kütlə rəyidi bu.
  • Sən demə, fikirləşmə, başqaları bunu hallandırmaz.
  • Belə oldu?..
  • Yoxsa, atılıb bizə deyəcəksən? Yaxşı, bu hədə nədi?
  • Allah eləməsin, mən kiməm ki, məhkəməni hədələyəm?
  • Qoçusan da...
  • Ağ eləməyin də...
  • Hakim dilxor olsa da, özünü içəridəkilərə sakit göstərməyə çalışdı, gülümsədi:
  • Mən hirsli olanda işə baxmıram. Ancaq indi bir o qədər gərgin vəziyyətdə deyiləm. Çəkişirik də...
  • Çəkişmə prinsipi belə olmur.
  • Əlimizə silah, qılınc, xəncər, tüfəng-tapança götürək?!.

Zaldakılar yenə də pıçıldaşdılar, gülüşdülər, səsləndilər:

  • Düz deyir də...
  • Topaz...
  • Top...
  • Partladıcı...
  • Qumbara...

Hakim əlindəki taxta çəkici ilə onun altlığını döyəclədi. Arada əynindəki qara hakim mantiyasından ağ sapı kənar edərək dedi:

  • Yaxşı, indi də müttəhimi dinləyək də.
  • ...
  • Ə, qırışmal, qalx da...
  • Cənab hakim, bu heç də yaxşı söz olmadı.

Vəkil mızıldandı:

  • Sakit ol, a bala, ədəb-ərkan məsələləri bu tayfadan uzaqdı.

Hakim qeyzləndi:

  • Görürük elə sənin ədəbini!.. Mənim vəkilimə bax da!..

Vəkil dərhal cavab verdi:

  • Mən heç vaxt sizin tək ola bilmərəm.
  • ...
  • Şey, əşya deyiləm...
  • ...
  • Məni siz seçməyib, təyin etməmisiniz!

Hakimin bu pat, mat vəziyyətindən prokuror yararlanmağa çalışdı:

  • Vəkillərə meydan verilib.
  • ...
  • Müstəqil respublikanın uğurlarıdı da...
  • ...
  • Danışmağa söz tapmırlar.

Yenə də zaldakılar gülüşdülər, pıqqıldaşdılar:

  • Hə də...
  • Zəmanə dəyişib...
  • Ölü canlar...
  • Diriliblər...
  • Nolsun ki... O gün birini güllə ilə vurublar.
  • Biri də məhkəməyə verib. Pullarını qaytarmadıqları üçün.
  • Yazıq nə etsin ki, işə çıxıbmış da... Onun təqsiri olmadan iş sübuta yetib.
  • Bizim camaatla çətin. Qayda-qanundan xəbərsizdilər də.

Hakim ciddiləşən kimi olmuşdu. Müttəhim cavan oğlan Niyazı əsl mənada məhşər ayağına çəkmişdi:

  • De, dillən... Əclaflıq eləmisən...

Sonra üzünü zərərçəkən Nahidə tutdu:

  • Bu sənə kubik daşı daşıtdırmaq istəyirdi?
  • Hə...
  • ...
  • Pul istədi?
  • Bəli, aparmadığım üçün...
  • Qaça bilməzdin?!.

Hakimin bu sözləri zalda hədsiz gülüşə səbəb oldu. Vəkil qeyzlənmiş halda yerindən qalxaraq sanki içəridəkilərə meydan oxudu:

  • Baxın!..
  • ...
  • Bu da bizim məhkəmə!..
  • ...
  • Hakim!..

Hakim bu andaca səhvini başa düşüb, pörtüb-qızarsa da, yenədə özünü müdafiə etməyə çalışanda, vəkil dedi:

  • Bunlar protokola yazılacaq ha...
  • Yazılsın da...
  • Qorxulu deyil ki?
  • Yox...
  • Yuxarı məhkəmə də var.
  • Olsun da.
  • Prokuror bu işə nə deyir? Bu ifadə ittihamda da var.

Prokuror işə münasibət göstərmədi. İş yekunlaşmaq ərəfəsində hakim bir qeyd yazısı aldı. Katib yazmışdı: “Cənab hakim, bir az ehtiyyatlı olun”.

Hakim işi təxirə salıb otağına gələndə, katibi yanına çağırtdırdı:

  • Nolub, ə?
  • Heç... Vəkilin əlində telefon vardı. Qorxdum ki, səsinizi yazar.
  • Mən nə dedim ki?!
  • Qaçmaq məsələsi də...

Hakim onun dediklərinə əhəmiyyət verməyib, əlini yellədi:

  • Ə, qoy nə qədər tullanıb düşür-düşsün, mən dediyimi demişəm.
  • Axı bu belə ola bilməz.
  • Bəs necə olmalıdı?!

Katibə vəzifəni itirmək qorxusu güc gəldi, geri çəkildi:

  • Hə, siz deyəndi... Nolacaq ki...
  • Bir də belə çaşdırıcı yazılar yollama mənə.
  • Baş üstə. Bəs o ifadəni necə protokola salmayım?
  • Salırsan sal da, başımızı ağrıdar. Bütün bunları desə də, hakim sonradan istilənən kimi oldu. Namuslu adam cinayətkardan axı niyə də qaçmalıdı? Bunu yuxarı məhkəmə də öz qərarında vurğulamışdı.

Beləcə hakimin çıxardığı hökmü ləğv edərək, baxılmaq üçün qonşu rayonun məhkəməsinə göndərdilər. İş vəkilin dediyi kimi həll olundu. İşdə zərərçəkənin təqsirinin olmadığı sübuta yetirildi.

Hakim hökmünün ləğv olunması, yeni məhkəmə qərarının çıxarılmasını eşidibçox pis pərt olmuş, qəzəblənmişdi. Ancaq bilmək olmurdu ki, beləcə kimə qarşı narazı, kinlidi. Yaxşı deyirlər ki, kin saxlamaq yanan kömür parçasını əlinə almaq, başqasına atmaq kimidir. Belə anda özünü, əlini də yandırırsan axı.

Görüşəndə, hakim vəkilə dedi:

  • Ay əclaf, axırı istəyinə çatdın da.

Vəkil də sözündən qalmadı:

  • Belələri elə bilir ki, hamı onlar kimidi.
  • Yox, yaxşısan, təkmilləşirsən.
  • Müstəqilliyə xidmət edirəm.
  • Sözlərindən belə çıxır ki, biz müxalifətə xidmət edirik?!.
  • Fikrinizdə məntiq yoxdur, cənab hakim. Mən belə demədim.
  • Mən rəsmən olmasa da, elə o partiyanın üzvü, haqqyolçusuyam.
  • Başa düşdüm. Ancaq Tanrıya yalvarmaq, and içmək öz yerində. Şəriəti sevirsənsə, beşliyə də əməl edəsən gərək.
  • Kafir özünsən. Yediyin xörək qabına tüpürməyin bəs deyil, hələ bir məni  ittiham da edirsən.
  • Bax, indi xoruzun əsl mənada quyruğu görünür. Mən bunun üçün deyirdim də. Çəkişmə üçün şərait yaradın, həqiqət meydana çıxsın. Bu nə hərəkətdi, zərərçəkmişin maddi iddiasını təmin etmə ki, sən onda niyə qaçmamısan. Qaçsaydın, kənara dursaydın, bıçaq sənə dəyməzdi. Namuslu bir adam cinayətkardan nə üçün də qaçmalıdı?!.

O gündən hakim bir qədər dəyişilən kimi olsa da, son taleyi çox pis oldu. Müddəti başa vura bilmədi. Xidməti işindən geri çağırıldı.