adalet.az header logo
  • Bakı -°C

Çiynimizdə oturan mələk - ÖLÜM - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
91 | 2026-06-18 09:00
A- A+

Heç kim ondan qaça bilmir


“Qaşla göz arasındadır!” - deyirlər ölüm. Təbii ki, bunu zamanında deyiblər. O zamanda ki, insanlar bir-birinə qarşı bu qədər laqeyd deyildi. Biganəlik, müxtəlif xəstəliklər, viruslar bu qədər artmamışdı. Necə deyərlər, dədə-baba üsulu ilə türkəçarə qaydasında müalicə olunurdu hər kəs. Nə “xərçəng” adı bilən var idi, nə də “tromb”. Nəysə. Amma adamlar ünsiyyət qurmağı, bir-birinin halına yanmağı, bir-birinə dəstək olmağı daha gözəl bilirdilər. Necə deyərlər, bir el-oba səmimiyyəti, bir insan təəssübkeşliyi var idi. Yıxılana hamı əl uzadırdı, büdrəyənin hamı qolundan tuturdu. İndi isə...
“Ölüm adiləşib”- deyirlər. Bunun da səbəbini bəzilərimiz müharibə ilə bağlayırıq. İtirdiyimiz övladların acısı ürəyimizi daşlaşdırıb deyirik. Otuz ildə o qədər qan gördük, o qədər hüzrlərdə olduq ki, yas mərasimləri az qala bir yerə yığışmaq üçün görüş yeri kimi dəyərləndirildi. Və adamlar ölkənin müxtəlif yerlərindən həmin yaslara borc-xərc özlərini yetirdilər ki, təsəlli versinlər bir-birlərinə. Beləcə ilk “başın sağolsun”dan sonra mövzu dəyişdi. Həyat problemləri, güzəran adamların fikrini yayındırdı. Ona görə də adiləşdi ölüm. Hətta qonşuda, məhəllədə yas düşəndə də, mağar qurulanda da çoxumuzun diqqətini çəkmədi. Televizorlarımızdan yayımlanan musiqilər nə susduruldu, nə də səsi azaldıldı. Çünki hər kəs öz ölüsünü düşündü. Bilmədi ki, ÖLÜM qaşla göz arasındadır. Hər an qapını döyə bilər. Və bir də ölüm qapıların fərqində olmur. İstənilən qapını istədiyi vaxtda döyür.
Bax bu düşüncələrin içərisində ağlımdan bu misralar gəlib keçdi. Bilmirəm nə qədər doğrudur, amma həqiqətən məni çox rahatsız edən pıçıltıdır bu:

Əlvida! -
Torpağı daha da sevdirir,
Doğmalaşdırır
Adama
Canımızdan 
Ayrılan can
Yerin altını da yaşıllaşdırır!..

Mən yerin altının necə yaşıllaşdığını öz həyatımda hər gün hiss edirəm. Özü də təkcə bu gün yox, dünən yox, nənəmi, babamı, əmilərimi, dayılarımı, bibilərimi, tələbə yoldaşlarımı, iş yoldaşlarımı, mənə qayğı göstərənləri, əlimdən tutanları, atamı, anamı, qardaşımı, səngər silahdaşlarımı ititrəndə bunu daha çox hiss etdim. Gördüm ki, yerin üstündəki çevrəm getdikcə daralır, seyrəlir. Yerin altındakı doğmalarım sanki orda bir şəhər salırlar. Və mən də o şəhərin sakinlərinin artımını izləyə-izləyə yerlə göy arasındakı məsafənin hardasa qısaldığını, bir-birinə yaxınlaşdığını da hiss edirəm. Çünki yerin altındakıların ruhu göy üzündədir, Tanrı dərgahındadır. O ruhlar yerlə göyü bağlayır bir-birinə. Bəzən elə bilirəm bu bağlantıdır yerlə göyü üz-üzə saxlayan səbəb. Bəlkə də burdakı İlahi güc özü qarşılaşdırıb yerlə göyü. Və bununla da bizə qaçmağın mümkünsüzlüyünü, həmişə üz-üzə olacağımızı demək istəyib həmin o gücün SAHİBİ. Axı adiləşən ölüm özü ilə birlikdə insanı da adiləşdirir. Və deməli, bu adiliyin içərisində baş qaldıran laqeydlik insanlığın yaşam, sevgi, diqqət, qayğı kimi hisslərinin şirəsini sorur, qurudur insanı. Adamda ruhdan çox, hissdən çox cisim qalır, yeriyən cisim. Və hər kəs də bu yeriyən cismin günahlarını da görür, savablarını da. Görə-görə də susur o ana qədər ki, ÖLÜM “mən burdayam” – deyir.
Hər dəfə özümə söz veririəm ki, nostalji, pessimist, ruh düşkünlüyü yaradan, ən vacibi isə sızıntılı duyğulardan uzaq qaçacam, onların dərinliyinə varmayacam, onlardan heç nə yazmayacam. Amma nə qaça bilirəm, nə də qaçmaya. Ona görə ki, o hisslər artıq kölgəmə çevrilib mənimlə yanaşı addımlayır. Hər gün də mən o addım səslərini eşidirəm. Bəzən özümə, doğma bildiklərimə təsəlli olsun deyə yaşımızı xatırladıram, yarım əsri arxada qoyduğumuzu deyirəm. Özü də bunu dediyim məqamda yüzəyüz bilirəm ki, heç kim razılaşmayacaq, heç kim qəbul etməyəcək dediklərimi. Amma bu, gerçəklikdi. Bütün məqamlar üçün, bütün anlar üçün. İcazə gözləməyən, qapı döyməyən gerçəklik!

De, bəlkə küləksən anidən əsən
Ya daşsan sürüşüb qəfil yol kəsən...
Olanlara inanmaq olmur bəzən - 
Ölüm?!.

Fərq qoymur kimdi, ya hansı təbəədi,
Dəyişmir heç vaxt ünvanı, məbədi!
Varsan bütün zamanlarda əbədi -
Ölüm! 

Bütün göz yaşların, səsləri udur
Səbrini həmişə gizlində tutur!..
Hər kəsə deyir ki, sakitcə otur! -
Ölüm...

Varlığı bəllidi, yerini bilən
Yoxdur ki, hay salsın "Ölüm"- dü gələn...
Hamıya, mənə də sonuncu gülən -
Ölüm!

Düşünürəm ki, bu şeir elə-belə yazılmadı. Və əminliklə də vurğulayıram ki, mən heç bu şeiri yazmaq barəsində də düşünməmişdim. Lakin sonuncu ağır itki özü-özlüyündə bu şeirin içimdə cücərməsinə səbəb oldu. Bir də gördüm ki sıxıntım, hamıdan gizlətmək istədiyim göz yaşım bu şeirə  çevrilib. Özü də hay-küysüz. Bu yerdə təkrar əmin oldum ki, heç birimizin qaça bilməyəcəyimiz çiynimizdə oturmuş mələkdi. Görür və gözləyir. Gördüyü bizik, gözlədiyi isə zaman. Sadəcə o zaman bizə aid deyil. Onun özünün ixtiyarında olan zamandı. Barəmizdə qərar verəcəyi zaman...
Hər bir yaşam insan həyatında nəyəsə birmənalı olaraq təsir edir. Gah ruhlandırır, həvəsləndirir, gah da aşıq şair demişkən sındırıb qol qanadını yanına salır. Fərqli cəhətlər olsa da ünvan birdir, yəni insandır. Ona görə də yaşamı problem etməkdən daha çox onu sadələşdirməyə, özünə və çevrənə uyğunlaşdırmağa çalışmaq lazımdır. Düşünmək, həm də cəhd etmək lazımdır ki, yaşamın içindən dərdlə yox, biraz qollu-qanadlı çıxa biləsən. Özünü kiminsə, nəyinsə qarşısında sınmış, diz çökmüş görməyəsən. Lap son gücünlə toparlanıb qamətini düz tutasan. Nəfsini də idarə edəsən. Bilirsiniz bunlar mənim düşüncəmə görə niyə bu qədər maraqlı və vacibdir? Bəlkə də bilirsiniz və ya sizin öz arqumentləriniz var. Şəxsən mənə görə burda daha çox həyat təcrübəmin diqtəsinə söykənib qərar qəbul etmişəm ki, çiynimdə oturanın mənə acımasını istəmirəm. Onsuz da o, fikrini dəyişən deyil. Nə qədər sızıldasam da, sızıldamasam da onun sözü sözdür, qərarı qərardır. Və...

Həyatın bir göz qırpımı olduğunu da deyiblər. Bəlkə də bu, elə hardasa ölüm qaşla göz arasındadır deyiminin paraleli və ya qarşılığıdır. Bu fikrim mübahisəli də ola bilər, baxmayaraq ki, mən onların hər birinə ayrı-ayrılıqda diqqət yetirib fərqlərini tapmağa çalışmışam. Sonda görmüşəm ki, qaşla göz arasında olan həyatı da bir göz qırpımı ilə bilir, daha doğrusu, buna qadirdir. Deməli...

Hər gün artır düyünləri, zədəsi,
Basqıları, göz dağları, hədəsi...
Yaxınlaşır qırılmağın vədəsi -
Bu ömür ağacının...

Gah yağışlar, gah da onu sel əyir,
Gah küləklər, gah da onu yel əyir...
Gah baltalar, gah da onu əl əyir-
Bu ömür ağacını...

Çiçəkləmək istəyiylə kükrəyir,
Tumurcuqda nəzər dəyir, büdrəyir...
Bəzən aşkar, bəzən içdə titrəyir -
Bu ömür ağacı...

Zaman özü suyun, odun azaldır,
Həm havasın, həm də yodun azaldır...
Qarışdırır... yaşam " xodun" azaldır -
Bu ömür ağacının!

 

P.S. Xalamoğlunu gözləyirdi. İki gün idi ki, gəlmirdi. Nigaran qalmışdı. Ağlına hər şey gəlirdi. Ölümdən başqa...

P.P.S. Xalam qardaşından nigaran idi. Zəng vurmurdu. Ağlına hər şey gəlirdi. Təkcə ölümdən başqa...
Xalam bilmirdi ki, oğlu iki gündür çıxıb gedib atasının, qardaşının yanına. Onların dünyasındadır. Xalam bilmirdi ki, qardaşı gedib oğlunun yanına. Xəzərdə xidməti vəzifəsini yerinə yetirəndə həlak olan oğlunun yanına. Xalam bunları heç vaxt bilməyəcək.

 

TƏQVİM / ARXİV