Daha 10 seçki məntəqəsinin nəticələri ləğv edildi - YENİLƏNİB
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Nağıyeva Vəfanın müraciətinə baxılıb.
Adalet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Ramiz İbrahimov deyib.
Ramiz İbrahimov bildirib ki, namizəd seçki dairəsi üzrə 23 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib: “Müraciət araşdırılıb. Vəfa Nağıyeva şikayətində səsvermə günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına topa bülleten atıldığını, səslərin səsvermə otağından kənarda sayıldığını və s bu kimi qanun pozuntuları olduğunu iddia edib. Müraciətinə özündə 86 videogörüntünü və 49 protokolun şəklini əks etdirən elektron informasiya daşıyıcısı əlavə edilib. Namizəd Vəfa Nağıyevanın iddiaları araşdırılıb. 86 videogörüntüyə baxış keçirilib. 2 videogörüntüdə pozuntu var. Videogörüntülərin hamısının pozuntunu əks etdirməməsini deyəndə o, səs-küy salıb. Eyni zamanda sonradan 2 videogörüntü də göndərib ki, onlar da təkrar videolar olub. Araşdırma zamanı seçki dairəsi üzrə 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsas yaranıb”.
Məsələ səsverməyə çıxarılıb, qeyd edilən 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd 46.2 faiz səslə Tənzilə Rüstəmxanlıdır.
***
Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərov təqdimat edib.
O bildirib ki, deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu MSK-ya müraciət edərək, 17 seçki məntəqəsində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia edib.
"Namizədin təqdim etdiyi və sosial şəbəkələrdə yayılan görüntülərə baxılıb. Araşdırmanın nəticəsində məlum olub ki, dairənin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla digər məntəqələrdəki pozuntular təsdiqini tapmayıb. Nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb".
***17:02
Mərkəzi Seçki Komissiyası (MSK) 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti qismən qəbul edilib.
Adalet.az xəbər verir ki, bunu MSK-nın sentyabrın 13-də keçirilən iclasında Komissiya üzvü İlkin Şahbazov deyib.
O bildirib ki, Gülağa Aslanlı MSK-ya müraciət edərək namizəd olduğu dairə üzrə seçki prosesində pozuntularla əlaqədar məlumat verib.
İ.Şahbazovun sözlərinə görə, araşdırma aparılıb və müəyyən edilib ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsində çatışmazlıqlar var.
Buna görə də 30 saylı məntəqənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.