Darıxdığım adam: Məhərrəm Qasımlı! - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1941 | 2023-07-24 11:30

...Bu dünyada nə yaxşı ki, darıxdığımız adamlar var. Və o darıxdığımız adamları görməsək ürəyimiz partlayar. Çünki biz onlarla görüşəndə içimizə, qəlbimizə, ürəyimizə işıq gəlir. O işıq bizi günlərlə, aylarla və illərlə yaşadır...

...Darıxdığım adamlardan biri də tələbə dostum, filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Aşıqlar Birliyinin sədri Məhərəm Qasımlıdır. O Məhərrəm Qasımlı ki, onun oturuşu da, duruşu da bir dünyadır. Və oturuşunda, duruşunda bir ağayanalıq, bir mədəniyyət və bir tərbiyə var. Bu da təsadüfi deyildir. Çünki, o, gözəl və ziyalı bir ailədə böyümüş və Azərbaycanın ən böyük ziyalılarından tərbiyə almış, elm öyrənmiş, insanlıq zirvəsinə ucalmışdır. O, Mir Cəlal Paşayev kimi, Bəxtiyar Vahabzadə, Firidun Hüseynov kimi, Tofiq Hacıyev kimi, Fərhad Zeynalov kimi, Şamil Qurbanov kimi, Qulu Xəlilov kimi dahi şəxsiyyətlərdən və müəllimlərdən çox şey öyrənmişdi. Ona görə ki, adını çəkdiyimiz bu böyük ziyalıların hər biri Məhərrəm müəllimə dərs demişdi. Elə Məhərrəm müəllimin danışığında da, söhbətlərində də, ünsiyyətində də məhz bu şəxsiyyətlərin işığı, nuru hiss olunur. Və Məhərrəm müəllimin bütün söhbətləri başdan-ayağa bal kimi şirindir, duzludur və insanın qəlbinə sarı yağ kimi yayılır...

...Onunla tez-tez görüşürəm. 2-3 gündən bir zəngləşirik. Zəngimiz olmayanda ya o məni axtarır, ya da mən onu! Başqa cür də ola bilməz! Ən azından ona görə ki, düşüncəmiz, dünyagörüşümüz və həyat tərzimiz bir-birinə çox oxşayır. Hər ikimiz arxamız, söykəyimiz olmadan bu mövqeyə gəlib çıxmışıq. Nə onun “dayı”sı olub, nə də mənim! Bax beləcə o, Məhərrəm Qasımlı olub, mən də Faiq Qismətoğlu! Elə bil yadımdan çıxdı. Bu günlərdə onunla yenidən görüşdük, tələbəlik illərini yada saldıq. Yaxın dostumuz və qardaşımız, istedadlı jurnalist, rəhmətlik Rafiq Hacıyevi xatırladıq. Rafiqlə Məhərrəm Qasımlı tələbəlik illərində universitetin yataqxanasında qalıblar. Bir yerdə o qədər kartof qızartması, sosiska, kolbasa yeyiblər ki, heç vaxt onu hər ikisi unutmayıb. Məhərrəm müəllim dedi ki, bilirsən də Faiq, mənim rəhmətlik Rafiqlə zarafatlarım olub. Bu zarafatlardan nə o cırlayıb, nə də mən. 65 illiyində dedi ki, 70 yaşım tamam olanda məclisi sən apararsan, duxun var, aparma, gör onda nə olur?! Mən də dedim ki, bu gözlərim üstə. Amma Allah-Təala onu əlimizdən tez aldı. Heç vaxt yadımdan çıxmır: sağlıq olsun, onun 70 yaşında məclisi mən aparacağam! Sonra da Məhərrəm müəllim başqa bir dostumuzu – filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafanı yada saldı. O da bir neçə il bundan əvvəl Allahın dərgahına qovuşub!

...Ümumiyyətlə, biz Məhərrəm Qasımlı ilə görüşəndə tələbəlik illərini, dostlarımızı xatırlayırıq. Elə söhbətimizi də onların üstündə qururuq. Hətta onun həmyerlisi olan filologiya elmləri namizədi, uzun müddət “Ədalət” qəzetində işləmiş, dostumuz Lətif Süleymanlını da xatırlamağı unutmadı... Birlikdə çay içdik, yenidən söhbət elədik. Söhbətin sonunda dedi ki, avqustun 5-də 65 yaşım tamam olur. Mən də onu təbrik elədim və can sağlığı arzuladım. Dedim ki, bir yazı da yazaram, amma razı olmadı. Bildirdi ki, əvvəllər yazmısan, bir də 70 yaşımda bir şey yazarsan. Mən də “yaxşı” dedim. Ancaq ondan ayrılandan sonra fikrimi dəyişdim. Fikrimi dəyişdim ki, dünyanın işini bilmək olmaz; ya mən, ya da o dünyamızı dəyişə bilərik! Ona görə də ürəyimdən keçənləri qələmə aldım. Allah yol versə, Məhərrəm Qasımlı, 70-də də yazaram! Amma bəri başdan deyim ki, 65-in mübarək! Cavan oğlana oxşayırsan, heç kim sənə 65 yaş verə bilməz! Ən yaxşı halda, sənə 50 yaş vermək olar!

Məhərrəm Qasımlı böyük alimdir, həm də istedadlı şairdir. Və Orxan Paşa imzası ilə şeirlər yazır. Təkcə bir şeiri – “Səsindən öpüm sənin” şeiri nəyə desən dəyər.

Məhərrəm müəllim, bir daha səni 65 yaşın münasibətilə təbrik edirəm və səsindən öpürəm! Deyirəm ki, darıxdığım adam: Allah səni ailənə, balalarına, nəvələrinə, dostlarına çox görməsin və həmişə ucalıqda olasan!

 

TƏQVİM / ARXİV