Dillərin Diplomatiya Üzərində Görünməyən Təsiri

Diplomatiya tarixinə nəzər yetirdikdə, gizli danışıqlardan tutmuş açıq müzakirələrədək, dillərin və üslubların nə qədər həlledici rol oynadığını müşahidə edirik. Siyasi manevrlər, sülh razılaşmaları, ittifaqlar – bütün bu mürəkkəb proseslərin arxasında təkcə maraqlar deyil, həm də dillə qurulan əlaqə dayanır. Dil təkcə ünsiyyət vasitəsi deyil, o zehniyyətin aynası və güc münasibətlərinin ifadəsidir.
Beynəlxalq təşkilatlarda istifadə edilən dillərə diqqət yetirdikdə – ingilis, fransız, ərəb, rus, ispan və çin dillərinin üstünlüyü aydın görünür. Bu dillər tarixi hegemonluqların izidir. Məsələn, BMT-də rəsmi dillər arasında yer alan fransız dili bir çox Afrika ölkəsində diplomatik münasibətlərdə üstünlük daşıyır. Bu, keçmiş müstəmləkə bağlarının hələ də dillə davam etdiyini göstərir.
Diplomatiya – sözlərin, jestlərin və simvolların incə və ustalıqla seçildiyi bir sənətdir. Bu sənət yalnız formal danışıqlardan ibarət deyil; arxasında dərin mədəniyyətlərarası anlamlar, psixoloji kodlar və dilin özü ilə bağlı görünməyən bir təsir sahəsi mövcuddur. Hər bir diplomatik cümlə, hər bir ifadə, sadəcə informativ deyil – həm də emosional, mədəni və siyasi bir yüklə yüklənmiş olur.
Dil həm körpü, həm də baryer ola bilər. Diplomatik sənədlərdə istifadə olunan terminlərin seçimi, sadəcə texniki məsələ deyil, bəzən bütöv bir millətin mövqeyini və tarixi yaddaşını əks etdirir. Zaman-zaman səhnənin arxasında qalan, lakin böyük nəticələr doğuran məhz dillərin özüdür. Bir söz, bir termin və ya bir ifadə beynəlxalq münasibətlərin istiqamətini dəyişdirə, bəzən isə qarşıdurmanın alovunu söndürə bilər.
Sözlər tərcümə olunur, lakin mənalar yox. Tərcümə işindəki ən böyük təhlükə məhz budur. Diplomatik sənədlərdə, bəyanatlarda və danışıqlarda bir sözün orijinal məna yükünü itirməsi bütöv bir prosesə təsir edə bilər. Məsələn, ərəb dilində tez-tez istifadə edilən “كرامة” (kəra:mə) “ləyaqət” ifadəsi, təkcə şəxsi şərəf deyil, eyni zamanda kollektiv bir millətin heysiyyətini ifadə edir. Bu söz bir neçə diplomatik çıxışda işlədildikdə, Qərbdə sadəcə etik dəyər kimi görünə bilər, amma ərəb auditoriyası üçün bu, kimlik məsələsidir. Bir ərəb diplomatının danışıqlarda "حل سلمي" (ḥal silmiy) — “sülh yolu ilə həll” ifadəsini işlətməsi təkcə humanist mövqe deyil, eyni zamanda regional yaddaşa hörmətin göstəricisidir.
Diplomatın hansı dildə danışması təsadüfi deyil. Hər bir dil seçimi, hər bir salamlaşma və ya bəyanat hansısa məqsədə xidmət edir. 2001-ci ildə Yaponiyanın Baş naziri Koizumi’nin Türkiyə parlamentində türkcə “Türk milleti böyük millətdir” deməsi yaddaşlarda qaldı. Bu təkcə jest deyildi – strateji dostluq mesajı idi.
Diplomatiyada işlənən terminlər səssiz qışqırıq kimidir. Aydın deyil, amma tanışdır.
Ərəb dilində: حق تقرير المصير (ḥaq taqriru-l maṣir) — “öz müqəddəratını təyin etmək hüququ” bu, xüsusilə Fələstin məsələsində güclü hüquqi və mənəvi yük daşıyır.
Rus dilində: “братские народы” — “qardaş xalqlar” bu ifadə, Rusiya diplomatiyasında yumşaq güc və nostalji vasitəsi kimi işlədilir. “Национальные интересы” - “milli maraqlar” ifadəsi də eyni şəkildə dərin siyasi mənaya malikdir və ətrafındakı kontekstdən ayrıldıqda yanlış təəssürat yarada bilər. “На равных условиях” - “bərabər şərtlərlə” ifadəsi, rus diplomatiyasının özünü bərabər hüquqlu aktor kimi təqdim etmə niyyətini əks etdirir.
İngilis dilində: “credible deterrence” - “inandırıcı çəkindirmə” ABŞ-ın təhlükəsizlik strategiyalarında əsas rol oynayır. İngilis diplomatiyasının sevdiyi ifadələrdən biri isə “rules-based international order” - “qaydalara əsaslanan beynəlxalq nizam” terminidir.
Türk siyasətində isə “bölgesel istikrar” ifadəsi, Türkiyənin qonşuluq siyasətində sabitlik və təhlükəsizlik prioritetini əks etdirir. Diplomatik danışmalarda sıx işlənən “karşılıklı çıkar” ifadəsi, Türk diplomatiyasının qarşılıqlı hörmət və fayda əsaslı siyasətini təmsil edir.
Bəzən bir dövlətin qaldırmadığı bayrağını onun dili qaldırır. Bəzən bir silahın edə bilmədiyini bir cümlə edir.
Dünyanın gələcəyi bu görünməz səslərin səhnəsində yazılır və bu səhnədəki hər bir söz tarixə yazılan bir izdir.
Fikrət Əkbərli
Digər Xəbərlər

Dünya okeanı qaralmağa başlayıb - Alimlərdən həyəcan təbili
jpg-1748332056.jpg)
Dünyanın 2-ci böyük qülləsi tikilir:“Bürc Xəlifə”dən sonra “Axmat Tower”
jpg-1716797106.jpg)
Rusların tank altına salıb öldürdüyü 27 erməni "inqilabçı": MEQ-VAKH dəstəsi

Kamil bir palançı olsa da insan ...

Bakıda məşhurlaşan qurbağa əti - “Zəhərli maddələr çoxdur” - VİDEO

Azərbaycanda qəfəsdə saxlanılan ayılar Britaniyaya aparıldı - VİDEO

AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
