DÜNYANI İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTLƏR İDARƏ EDƏCƏK
Bu gün dünyada çox böyük iqtisadi proseslər, qarşıdurmalar və gərgin anlar yaşanır. Bu da ona görə baş verir ki, hər bir ölkə iqtisadiyyatını gücləndirməyə və eyni zamanda dünya iqtisadiyyatına inteqrasiya olunmağa cəhd göstərir. Heç şübhəsiz ki, gələcəkdə dünyanı o ölkələr idarə edəcək ki, onun güclü iqtisadiyyatı olacaq. Ən azından ona görə ki, güclü iqtisadiyyat güclü dövlət deməkdir.
Elə bu günün özündə də dünya siyasətini müəyyənləşdirən və hegemonluq edən iqtisadi cəhətdən güclü olan dövlətlərdir. O dövlətlər ki, onların iqtisadiyyatı güclü olduğu kimi, hərbi sənaye kompleksi də çox möhtəşəmdir. Təbii ki, dövlətin büdcəsi çox olanda həmin büdcədən istənilən sahəyə istənilən qədər vəsait ayrılır. Bunu heç də asanlıqla əldə etmək mümkün deyildir. Xüsusən də yenicə inkişaf edən ölkələrin iqtisadiyyatının əsaslı surətdə qurulması üçün çox böyük layihələr həyata keçirilməli, islahatlar aparılmalı, ağır və yüngül sənaye sahələri inkişaf etdirilməlidir. Əgər bir ölkənin ağır və yüngül sənayesi inkişaf etməyibsə, yaxud da zəifdirsə, heç şübhəsiz həmin məmləkət dünya iqtisadiyyatına inteqrasiya olunmaqda bir çox çətinliklərlə üzləşəcək. Bunun üçün isə ilk növbədə bayaq dediyimiz kimi, hər bir ölkənin iqtisadi inkişafı dayanaqlı xətlə yüksəlməli və bu sahədə dünya standartlarına cavab verən islahatlar aparılmalıdır.
Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan da bu gün Avropa və dünya iqtisadiyyatında öz yeri görünən bir ölkədir. Buna da heç də asanlıqla nail olunmayıb. Ən azından ona görə ki, ölkəmiz müstəqillik dövrünə qədəm qoyandan sonra özünün azad və suveren iqtisadiyyatını qurmağa başlayıb. Ölkəmizin demək olar ki, yeraltı və yerüstü sərvətlərlə zənginliyi onun inkişafına və iqtisadiyyatının tərəqqisinə çox böyük təkan verir. Belə ki, məmləkətimiz başqa ölkələrdən, eləcə də keçmiş SSRİ-dən asılı olarkən heç vaxt müstəqil iqtisadi siyasət həyata keçirə bilməyib. Yəni onun var-dövləti digər ölkənin nəzarətində olub və onların razılığı əsasında hansısa bir iqtisadi addımlar atmaq , beynəlxalq müqavilələr imzalamaq mümkün idi. Amma Azərbaycan öz müstəqilliyini qazanandan sonra siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də müstəqil mövqe tutdu. Başqa sözlə demiş olsaq, ölkəmizin var-dövləti, sərvəti, bütün qiymətli nəyi vardısa hamısı özünə məxsus oldu. Əlbəttə, keçmiş SSRİ respublikaları içərisində iki ölkənin müstəqil dövlət olduqdan sonra böyük inkişaf yoluna qədəm qoyacağına SSRİ dövründə bir çox tanınmış siyasətçilər və iqtisadçılar proqnozlar vermişdilər. Həmin proqnozlara əsasən Ukrayna və Azərbaycan müstəqil dövlət olandan sonra çox böyük inkişaf yolu keçməli idi.
Zaman gəldi və həmin proqnozlar özünü təsdiq etməyə başladı. İlk növbədə Azərbaycana dünyanın ən iri və böyük dövlətləri böyük maraq göstərdilər. ABŞ, İngiltərə, Fransa, Türkiyə , Macarıstan, Bolqarıstan, Rusiya, İtaliya və eləcə də digər çoxlu saydı inkişaf etmiş ölkələr Azərbaycanla iqtisadi əlaqələr qurmağa çalışdılar. Onlar görürdülər ki, Azərbaycana qoyacaqları sərmayələr çox yox, uzaqbaşı iki-üç ildən sonra gəlir gətirəcək. Buna görə də adını çəkdiyimiz ölkələrin çoxlu sayda şirkətləri Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr qoydular. İstər neft, istər qaz və istərsə də digər faydalı qazıntılardan əldə edilən məhsullar böyük dövlətlərin marağında oldu. Və bu məqsədlə Azərbaycanla həmin dövlətlər arasında müqavilələr imzalandı. Təkcə bir faktı deyək ki, «Əsrin müqaviləsi»nin, yəni Bakı-Ceyhan kəmərinin işə düşməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu yüksəltdi və onun gəlirlərini artırdı. Dünyaca məşhur olan İngiltərənin BP şirkəti bütün beynəlxalq aləmə sübut etdi ki, Azərbaycanda hər hansı bir sahəyə qoyulmuş sərmayə bir neçə ildən sonra maya dəyərini çıxarmaqla böyük izafi dəyər də qazandırır. Heç şübhəsiz, BP şirkətinin neft və qaz sahəsindəki Azərbaycana yatırdığı sərmayələr istər-istəməz böyük gəlirlərin və sərvətin əldə edilməsinə münbit şərait yaratdı. Bundan sonra dünyanın digər ölkələrinin, xüsusən də İtaliyanın, Bolqarıstanın, Rusiyanın Azərbaycana maraqları birə-beş artdı.
Ulu Öndər Heydər Əliyev dünyaya sübut etdi ki, Azərbaycan balaca ölkə olmasına baxmayaraq, dünya iqtisadiyyatına inteqrasiya olunmağı bacardı və Avropanı neft-qazla təmin etdi. Avropa da gördü ki, Azərbaycan heç də Cənubi Qafqazda zəif dövlət deyil, Ermənistan və Gürcüstandan iqtisadiyyatı qat-qat güclü olan və Avropaya arxa duran, iqtisadi cəhətdən qüdrətli və güclü dövlətdir. Əlbəttə, ölkəmizin gündən-günə iqtisadi göstəricilərin artması və dünya iqtisadiyyatına töhfələr verməsi onu deməyə əsas verirdi ki, bu ölkəyə istənilən qədən sərmayə qoymaq olar və bunun da xeyirini görmək mümkündür.
Ölkəmiz gündən-günə iqtisadi cəhətdən gücləndi. İqtisadiyyatımızın güclənməsində qardaş Türkiyənin cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın çox böyük köməyi və xidmətləri oldu. Çünki Türkiyə şirkətləri bir qardaş olaraq bizə iqtisadiyyatın bütün sahələrində yardım və köməklik göstərdi. Onların köməkliyi nəticəsində Azərbaycan dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya olundu. Ölkəmizin qeyri-neft sektoru sahəsinə yeni sərmayələr yatırıldı və o da öz bəhrəsini verdi. Belə ki, Azərbaycan prezidenti cənab İlham Əliyev Azərbaycana marağı olan bütün ölkələrə məmləkətimizdə münbit şərait yaratdı və onların şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsinə böyük köməklik göstərdi. Təbii ki, xarici şirkətlərin Azərbaycana olan marağı digər sahələrə də sirayət etdi. Onlar Azərbaycanda yeni fabrik və zavodların açılmasına və məhsul istehsal etməsinə maraq göstərdilər. Bu gün demək olar ki, Azərbaycan özü dünya iqtisadiyyatına çox böyük töhfə verir və çox sayda məhsul istehsal edərək dünya bazarına çıxarır. Deməli, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası hər gün sürətlə davam edir.
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.