adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Aprel 2024 09:00
4082
LAYİHƏ

BU YERLƏRƏ BİR DƏ GƏLSƏN…

Azərbaycan dünyanın elə bir gözəl yeri, gözəl məkanıdır ki, onu gəzməklə və görməklə doymaq olmur. Çünki bu yerin, bu yurdun, bu ocağın bir-birindən gözəl şəhərləri, qəsəbələri, kəndləri, çayları, dağları, meşələri, bulaqları və qeyri-adi təbiəti var. Üstəlik də, ölkəmizin hansı yerinə, hansı məkanına üz tutsan, orada çox böyük quruculuq, abadlıq, tikinti işlərinin şahidi olarsan. Şahidi olarsan ki, Azərbaycanın nəinki şəhərlərində, qəsəbələrində, hətta ən ucqar kəndlərində belə yeni yollar salınıb, su, qaz xətləri çəkilib, məktəblər, xəstəxanalar, uşaq bağçaları inşa edilib. Bu isə o deməkdir ki, bizim gözəl məkanlarımız günbəgün yenilənir, tikilir və bir-birindən qeyri-adi sevndirici işlər həyata keçirilir.

Ölkəmizdə ən gözəl məkanlardan biri də zəngin və qədim keçmişə malik olan Lənkəran diyarıdır. O diyar ki, onun bir-birindən gözəl meşələri, dağları, çayları və təbiəti var. Üstəlik də bu gözəlliklərə, bu əsararəngiz məkana yeni tikililər əlavə edilir. Əlbəttə, yeni tikililərin inşa edilməsi, digər quruculuq və abadlıq işlərinin görülməsi həm Lənkəran şəhərinə, həm də onun kəndlərinə, yaşayış məntəqələrinə qeyri-adi bir gözəllik gətirir. 

Lənkəranın hansı yerinə, hansı məkanına yolun düşsə, orada bir şeyin şahidi olarsan: gözlliyin və insanlığın! Bəli, sözün həqiqi mənasında bu yurd, bu məkan nə qədər gözəldirsə, onun insanları da bir o qədər zəhmətkeş, sadə və səmimidirlər. Bunu ona görə deyirik ki, Lənkəranda hansı evə, hansı ocağa getsən insanlar səni gülərüzlə qarşılayar və gözəl süfrə açar. Lənkəranın bir-birindən dadlı, bir-birindən ləziz, zəngin yeməkləri, mətbəxi var! Amma bunlar barəsində növbəti yazılarımızda Allah imkan versə, söhbət açacağıq. Bu yazımızda isə Lənkəranda gedən abadlıq-quruculuq işlərindən söhbət etmək istəyirik. 

Lənkəran şəhəri son on ildə tanınmaz dərəcədə gözəlləşib və dəyişib. Ən azından ona görə ki, burada çox müasir, sosial obyektlər, məktəblər, uşaq bağçaları və eləcə də digər tikililər inşa edilib. Milli-memarlıq üslubu qorunmaqla, şərq ənənələrini davam etdirməklə yeni binalar tikilib. Bu binalar heç də asanlıqla araya-ərsəyə gətirilməyib. Çünki Lənkəran camaatı özü də bu tikinti işlərində, quruculuq prossesində yaxıından iştirak ediblər. Şəhərdə bir-birindən gözəl  parklar, xiyabanlar və qeyri-adi məkanlar salınıb. Hansı yerə üz tutsan, orada sən gözəl aura, gözəl məkan və gözəl yer görərsən! Bir-birindən yaraşıqlı istirahət mərkəzləri Lənkərana yolu düşən insanları heyran edir. Üstəlik də burada Heydər Əliyev parkı öz orijinallığı və qeyri-adi görkəmi ilə insanların könlünə və qəlbinə bir sevinc, bir istilik, bir rahatlıq gətirir. Bir çox insanlar boş vaxtlarında elə bu məkana üz tuturlar. Biz də lənkəranda olarkən Heydər Əliyev parkına baş çəkdik. İstədik orada istirahət edən, dincələn insanlarla söhbət edək. Kimə yaxınlaşdıqsa, onlar bizə hörmətlə, sevgi ilə yanaşdılar. Həmin parkda istirahət edən 80 yaşlı Cəmil Məmməd oğlu Həsənovla söhbətləşirik. Cəmil kişi deyir ki, mən uzun müddət təsərrüfat işlərində çalışmşam. İndi də təqaüddəyəm. Bizim camaat çox zəhmətkeş, fərasətli və işgüzar insanlardır. Hamı çalışır ki, cavan vaxtı özünə bir ev-eşik düzəltsin, balalarını böyütsün, oxutsun, evləndirsin. Şükür Allaha, mən də balalarımı böyütdüm, oxutdum. İndi hamısı işləyir. İki nəvəm Qarabağ müharibəsində iştirak edib. Hətta biri Şuşaya qədər gedib çıxıb. Şükür Allaha, onlar sağ-salamat qayıdıblar. İndi hamısı iş-güclə məşğuldur. Daha mənim də istirahət edən vaxtımdır. Tez-tez gəlib bu prakda dincəlir, yaşlı dostlarmızla söhbətlər edir və ötən günləri xatırlayırıq. Kim bu parkı tikibsə, yaradıbsa, Allah onun ölənlərinə rəhmət eləsin, qalanlarına can sağlığı versin. Görürsünüz ki, mənim də yanımda köhnə dostlar var. Elə onlar da hər gün bu parka gəlir, istirahət edir və təmiz hava udurlar.

Cəmil kişi özü yaşda olan bir insanı da bizimlə tanış edir. Deyir ki, Əhməd Vəliyev həm mənim qohumumdur, həm də dostumdur. Demək olar ki, Lənkəranın bütün kəndlərini, məhlələrini qarış-qarış tanıyır. Çünki uzun müddət kəndlərdə müxtəli işlərlə məşğul olub. O da mənim kimi təqaüddədir. Qoca olduğuna baxma, çox yaxşı nərdtaxta oynayır. Belə gözəl yerdə, gözəl məkanda nərdtaxta oynamağın da öz ləzzəti var. Özü də Əhməd kişi nərdtaxtada heç kimə uduzan deyil. Bir cavan oğlan vardı. Bir dəfə Əhmədi uddu. Sonra Əhməd ona beş dəfə qalib gəldi. Ta həmin cavan oğlan bir də ürək edib, bizim Əhmədlə nərdtaxta oynamadı. Vallah, rayonumuzun bütün yerləri bax belə gözəldir, çoxlu işlər görülür və tikintilər inşa edilir. Güllü-çiçəkli parklarımızı adama ləzzət edir. Tək Lənkəran şəhərində deyil, bu gözəlliklər və quruculuq işləri ən ucqar kəndlərimizdə də var. 

Cəmil kişi onu da deyir ki, bizim rayonda Taleh Qaraşov uzun müddətdir İcra başçısı işləyir. Dəfələrlə qəbulunda olmuşam. Kömək istəmişəm, nə lazımsa, mənə köməklik edib. Tək mənə yox ey, onun qəbuluna kim gedirsə, hamı razı qayıdır. Çünki Taleh müəllim çox sadə və səmimi insandır. Prezident İlham Əliyevin dediklərini həyata keçirir, yəni xalqa xidmət edir. Xalqa xidmət edən vəzifəli şəxslərə xalq da hörmət edir. Bir sözlə, bizim rayonumuzda kimdən soruşsan, başçımız haqqında xoş sözlər deyər. Hətta o kişini mən bir neçə dəfə kasıb və imkansız adamların yas məclisində görmüşəm. Sözün düzü təəccüblənmişəm. Axı, bəzi İcra başçıları kasıblara yuxarıdan aşağı baxırlar. II Qarabağ savaşında Lənkərandan olan şəhidlərin bütün məclislərində Taleh Qaraşov özü iştirak edib və həmin ailələrə arxa durub. Başqa cür də ola bilməz. Çünki o şəhidlər Vətən, xalq yolunda qurban gediblər. Vətən də, xalq da onlara və ailələrinə hörmətlə yanaşmalı, diqqət göstərməlidir. Bu diqqət olanda şəhid ailələri də istər-istəməz dövlətdən və hökumətdən razı qalırlar. 
Qədim və zəngin mədəniyyətə malik olan Lənkəran şəhərində və onun kəndlərində bu gün də abadlıq və quruculuq işləri sürətlə davam edir. Təbii ki, hər şey və hər bir quruculuq işləri insanların rahat yaşaması, firavan dolanması və eyni zamanda xoşbəxt həyat tərzi sürməsi üçün həyata keçirilir. Bunu isə lənkəranlılar yüksək qiymətləndirir və cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər!                                    

 Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.