Zeynəb Xanlarovanın bir məşhur mahnısı var: «Dünyanın xoşbəxti mənəm dünyada». Qeyri-adi istedadı, gözəlliyi, əfsanəvi səsi ilə az qala bütün dünyada məşhurlaşan Zeynəb xanım həqiqətən dünyanın ən xoşbəxti idi. Təbii ki, bir adamın, on beş adamın, iki yüz adamın xoşbəxtliyi millətin xoşbəxtliyi deyil.
Millətin xoşbəxtliyi 2020-ci ilin noyabrında başladı. Bütöv bir millət, ilahi, necə xoşbəxt ola bilərmiş? 1988-ci ilədək mən də özümü xoşbəxt sanırdım. 88-də bu xoşbəxtlik söndü. Bu xoşbəxtlik bütün arzularım kimi söndü. 32 il oldum dünyanın ən bədbəxt adamı.
Vaqif Səmədoğlunun məşhur bir şeiri var, orda deyilir:
Məktub yazmaq istəsən mənə
Belə yaz
Üstünü məktubun:
"Moskva K9
Do vestrebovaniya.
Samomu nesçastnomu"
Dar teleqraf pəncərəsindən
Neçə insan əli
Uzanacaq məktubuna.
İtəcək əlimin tənhalığı
əllər içində...
32 il təkcə mən bədbəxt deyildim. Bədbəxtliyimin tənhalığı itirdi bədbəxtlərin içində. Allah böyük və adil imiş. 20 noyabr 2020-ci ildə mənim bədbəxtliyim Ağdamda – həyətimizdə, atamın ocağında əyilib torpağı öpdüyüm, o torpağı xışmalayıb yediyim və torpağın dadının qaçmadığını bütün bədənimlə hiss edəndə bitdi. Və o xaraba Ağdam mənim gözümdə çiçəkləndi.
İndi baxıram Füzuliyə, Laçına, Zəngilana, Zabuxa, Talışa 30 il həsrətdən sonra öz doğma yurd-yuvalarına qayıdan insanlara. Hələ Laçının, Füzulinin, Şuşanın, Zəngilanın nə olduğunu və hara olduğunu bilməyən cocuqlara, ilahi, nə qədər xoşbəxtdirlər?
İlk dəfə Vətən torpağına qədəm qoyan yaşlı insanların dizin-dizin sürünmələrinə, iməkləmələrinə, nə qədər xoşbəxtdirlər, ilahi?
Onları doğma torpaqlarında qarşılayan şəhidlərin ruhu da…
İndi dünyanın xoşbəxti təkcə Zeynəb Xanlarova deyil, bütöv bir millətdi. Bu millətin kiçicik bir zərrəsi olan mən də xoşbəxtəm.
lk dəfə Ağdama apardığım, xaraba şəhəri gəzdirdiyim və təəccüblə bir-birinə baxıb, sonra nənələrinə «baba bizi bura niyə gətirib?» deyən nəvələrim də xoşbəxtdirlər. Amma bu xoşbəxtliyi hələ qanmırlar. Düzdür, nənələri qandırmağa çalışdı, amma qandıra bilmədi. Axırda biz onlara dedik ki, görün babanız necə xoşbəxtdir?
Apardım Şahbulağa, əl-üzlərini bulaqda yudurtdum, bulaq suyu içirtdim. Şahbulaq qıjısı yedirtdim və dedim:
- Çəpişlər, indi siz də ağdamlı oldunuz.
Çiyinlərini çəkdilər ki, nə olsun.
Dedim ki, bir gün bu «nə olsun»u anlayacaqsınız, mən sizə xoşbəxtliyin tamını daddırdım.
Bu cocuqlar kimi bu xoşbəxtliyin hələ nə olduğunu anlamayanlar da var, bir gün onlar da anlayacaqlar.
Dünyanın xoşbəxti bizik dünyada!..