adalet.az header logo
  • Bakı -°C
09 Mart 2026 12:09
97
DÜNYA
A- A+

Yaponiya hökuməti bu məqsədlə büdcədə hərbi xərcləri artıracaq – Elxan Şahinoğlu

“Beynəlxalq hüququn işləmədiyi dövrdə hər bir dövlət özünü qorumaq və qarşısına qoyduğu strateji məqsədlərə çatmaq istəyir. Pekinin illərdir qarşısına qoyduğu məqsəd Tayvan adasını Çinə birləşdirməkdir. Pekin Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibənin davamından narahat olsa da, hazırki şəraitdə Tayvan məsələsinin həlli barədə də düşünür. Çinin xarici işlər naziri Van İ 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin sessiyası zamanı keçirilən mətbuat konfransında bildirib ki, Tayvan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq. Nazirin sözlərinə görə, Tayvan qədim dövrlərdən etibarən Çinin ayrılmaz ərazisi hesab olunur, ada indi və gələcəkdə ayrıca dövlət statusu ala bilməz. Van İ bildirib ki, Tayvanın Çin tərkibinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müharibədə qələbəsinin, həmçinin İkinci Dünya müharibəsinin nəticələrinin bir hissəsidir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Çinin xarici işlər naziri BMT qətnaməsinə istinad etməyi də unutmayıb:

“Van İ söyləyib ki, İkinci Dünya müharibəsində Yaponiyanın kapitulyasiya aktı, həmçinin BMT Baş Assambleyasının 2758 saylı qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu açıq şəkildə təsdiqləyir. Çinin xarici işlər naziri açıqlamasında Yaponiyanı hədələməyi də unutmayıb. Van İ Yaponiyanı tarixdən dərs çıxarmağa və xəyali təhdidlər bəhanəsi ilə militarist kursunu bərpa etməyə cəhd etməməyə çağırıb. Nazir yapon xalqının gözlərini açacağına və heç kimin gücünü şişirtməsinə, keçmişin səhvlərini təkrarlamasına imkan verməyəcəyinə ümid etdiyi bu sözlərlə bildirib: “Böyümüş və güclənmiş Çin və onun 1,4 milyard vətəndaşı artıq heç kimin müstəmləkəçiliyə haqq qazandırmasına imkan verməyəcək”. Çinin xarici işlər naziri bu sözləri ona görə deyib ki, Yaponiya hərbi gücünü artırmağa qərar verib”. 

E.Şahinoğlu bildirib ki, Yaponiya hökuməti bu məqsədlə büdcədə hərbi xərcləri artıracaq:

“Bu Tokionun Çinin bölgədə artan hərbi gücü və Yaponiya sahillərinə yaxın sularda Çin-Rusiya birgə təlimlərinin sayının artması narahatlığı ilə bağlıdır. ABŞ İkinci Dünya müharibəsindən sonra ilk dəfə Yaponiyanın hərbi xərclərini artırmasına yaşıl işıq yandırıb.Yaponiyanın baş naziri Sanae Takaiçi açıqlamalarının birində Çinin Tayvana hərbi müdaxiləsinin ölkəsinə təhdid olacağı barədə bəyanat vermişdi. Bu bəyanat Çin ilə Yaponiya arasında münasibətləri daha da gərginləşdirmişdi. Çin xarici işlər naziri Pekinin Tayvan məsələsində mövqeyinin dəyişməz olduğunu belə izah edib: “Beynəlxalq münasibətlərdə ‘iki Çin’ və ya ‘bir Çin – bir Tayvan’ modelini yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”.Çinin xarici işlər nazirinin son açıqlaması o deməkdirmi ki, beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibəyə yönəlmişkən, Pekin Tayvanı ələ keçirməyi planlaşdırır? Pekində bu haqda düşünsələr də, riskləri də hesablayırlar. Yaxın Şərqdəki müharibə Çinin neft ehtiyatını tükəndirməyə başlayıb. Digər tərəfdən ABŞ və İsrailin İrana qarşı müharibəsi Çinin Yaxın Şərq ölkələrindəki yatırımlarına təhlükə yaradıb. Çinin özündə isə əmlak böhranı və daxili borclar problemi həll olunmayıb. Çinin illik iqtisadi artım tempi 1991-ci ildən bəri ən aşağı səviyyəyə enib. Tayvanın ələ keçirilməsi əməliyyatı Çinin problemlərini daha da artıracaq. ABŞ Yaxın Şərqdə müharibə aparmasına baxmayaraq, Pekinin Tayvan adasını ələ keçirməsi əməliyyatına seyrçi qalmayacaq. Ada ətrafında müharibə Çinin ABŞ ilə ticarət müharibəsini alovlandıracaq. Bu isə Çin iqtisadiyyatı üçün əlavə problemlər deməkdir. Buna görə də Pekin Tayvanın ələ keçirilməsi əməliyyatını qeyri-müəyyən dövrədək təxirə salmaq məcburiyyətindədir”.

Vasif ƏLİHÜSEYN