“Rusiyanın siyasi dairələrində hələ də bunu anlamaq istəməyənlər varsa...”
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərinə dair Rusiya mediasında yazılanları oxudum. Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə, Volodimir Zelenskinin xarici ölkələrə səfərlərini az qala lupa ilə izləyir, onun müxtəlif ölkələrlə əldə etdiyi razılaşmaların analizini aparırlar. Bu mənada Rusiya mediasının Zelenskinin Azərbaycana səfərinə iki cür yanaşmasını müşahidə etdim. Rusiya mediasının bir hissəsi sadəcə Zelenskinin səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə əldə edilən razılaşmalar barədə xəbərlər yayımlayıblar. Rusiya mediasının digər hissəsi isə Ukrayna-Azərbaycan əməkdaşlığının guya Rusiya əleyhinə yönəldiyini iddia ediblər, saytların birində hətta “Azərbaycan Rusiyaya arxadan zərbə vurdu” ifadəsinə rast gəldim”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, kimin kimə arxadan zərbə vurduğunu 2024-cü ildə Azərbaycanın mülki təyyarəsinin Rusiyanın hava sahəsində raketlə vurulması və vətəndaşlarımızın həlak olması əyani göstərib:
“Rusiya tərəfdən yüksək səviyyədə verilən vədlərə baxmayaraq, ölənlərin ailələrinə və yaralılara təzminat hələ də ödənməyib. Volodimir Zelenskinin İlham Əliyevlə birgə mətbuat konfransında “Ukrayna və Rusiya nümayəndələri arasında növbəti görüşün Azərbaycan keçirilməsini təklif edirəm” bəyanatına da şimal qonşumuzdan ikili reaksiya var. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov danışıqların Azərbaycanda keçirilməsini mümkün hesab edib. Onun həmkarı, Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə görüşün Azərbaycanda keçirilməsinin əleyhinə olduğunu bildirib. Erməni radikallarla işbirliyi içərisində olan Zatulindən başqa reaksiya gözləmək təəccüblü olardı. Həmin komitənin digər sədr müavini Viktor Vololatskiy də Zatulinlə eyni mövqedən çıxış edib”.
Politoloqun sözlərinə görə, bunlara elə gəlir ki, Rusiya və Ukrayna təmsilçilərinin Bakıda görüşünün təşkili xarici siyasətimizin əsas hədəflərindəndir:
“Bu Zelenskinin təklifidir. Ukrayna Prezidenti Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə istinad edərək görüş yeri kimi ölkəmizi təklif edib. Bizim belə bir təcrübəmiz var. Vaxtilə Türkiyə və İsrail arasında danışıqlar Bakıda aparılıb, elə Rusiya Baş Qərargahının rəisi də vaxtilə NATO komandanlığı ilə bir neçə dəfə paytaxtımızda görüşüb. Aydındır ki, Moskva Ukrayna təmsilçiləri ilə görüşün Azərbaycan ərazisində keçirilməsinə tərəfdar olmayacaqsa, mümkün görüş başqa ölkədə keçiriləcək”.
E.Şahinoğlu deyib ki, bu bizim üçün problem olmayacaq, təki müharibəyə son qoyulsun:
“O ki qaldı, Rusiyanın bəzi dairələrində səslənən “Azərbaycan niyə Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək istəyir” sualının səslənməsinə, bu bizim daxili işimizdir. Azərbaycanın müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib, müdafiə gücümüzün artırılmasına yönəlib. Rusiyanın siyasi dairələrində hələ də bunu anlamaq istəməyənlər varsa, bu onların öz işidir. Biz isə dost və tərəfdaş dövlətlərlə müdafiə və hərbi gücümüzü artıracaq layihələrdə iştirakımızı davam etdirməliyik”.
Vasif
Digər Xəbərlər
27 Aprel 2026 11:33
MSK-nın yeni tərkibi müəyyənləşdi - SİYAHI
27 Aprel 2026 11:18
İlham Əliyev CAR Prezidentini təbrik etdi
27 Aprel 2026 11:04
“Bu, Ukrayna üçün həyati əhəmiyyət daşıyır...”
27 Aprel 2026 11:00
Parlamentin növbəti iclası başladı
27 Aprel 2026 10:45
“Zelenskinin Qəbələdən verdiyi təklif dünyada gündəmi dəyişdirə bilər”
27 Aprel 2026 10:24
“Ukrayna Azərbaycanı həm təhlükəsiz və həm də etibarlı bir ölkə kimi qəbul edir”
27 Aprel 2026 10:12
“Azərbaycan Ukrayna ilə bu sahədə əməkdaşlıq etməsi mümkündür”
26 Aprel 2026 20:20


Bakı -°C

