“Real sektorun inkişafını məhdudlaşdıran əsas amillərdən biri yüksək kredit faizləridir...”
“Bunu sadəcə fikir kimi yox, iqtisadi göstəricilərə əsaslanaraq deyirəm. Çünki real sektorun əksər sahələrində bizneslərin xalis rentabelliyi bankların effektiv kredit faizlərindən aşağıdır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, bu reallığı həm qlobal korporativ maliyyə araşdırmları, həm də yerli bazarın xüsusiyyətləri təsdiqləyir:
“Məsələn, NYU Stern School of Business və CSI Market-in sektor üzrə analitik təhlillərinə görə, kənd təsərrüfatında xalis rentabellik adətən 4-6%, emal sənayesində 5-10%, tikintidə 6–8%, topdansatış və pərakəndə ticarətdə 2-7%, nəqliyyatda isə 6-8% intervalında dəyişir. (Azərbaycan kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda risk amili və bazar konyunkturası səbəbindən bu göstəricilər müəyyən qədər yüksək olsa da, real sektorun əksər sahələrində gəlirlilik 10-12 %-dən yüksək olmur) Yalnız proqram təminatı, əqli mülkiyyətə əsaslanan texnologiyalar və bəzi yüksək texnologiyalı fəaliyyət sahələrində xalis rentabellik qlobal miqyasda 23-35%-ə qədər yüksələ bilir. Bu mənzərə regionlarda biznes kreditlərinə tələbin niyə zəif olduğunu da izah edir”.
İqtisadçı bildirib ki, bankların bu istiqamətdə tələbin aşağı olması ilə bağlı arqumentində müəyyən həqiqət payı var:
“Ancaq məsələyə yalnız tələb tərəfdən yanaşmaq düzgün olmaz. Kredit bazaında tələb təklif olunan maliyyə resursunun qiymətindən də birbaşa asılıdır. Kommersiya banklarının öz vəsaitləri hesabına təklif etdiyi daxili biznes kreditlərinin orta faizinin 13-16%, mikrokreditlərdə isə 18-20%-i keçdiyi bir şəraitdə rentabelliyi 5-10 faiz olan istehsal sahələrinin kredit hesabına maliyyələşdirilməsi əksər hallarda iqtisadi cəhətdən səmərəli olmur. Sahibkar hesablayır ki, biznesinin normal gəlirliliyi maliyyə resursunun real dəyərindən aşağıdır və buna görə də investisiya qərarını ya təxirə salır, ya da ondan tamamilə imtina edir”.
E.Əmirovun fikrincə, regionlarda biznes kreditlərinə aşağı tələbin səbəbini yalnız sahibkarda deyil, bankların təklif etdiyi maliyyələşmə şərtlərində də axtarmaq lazımdır:
“Üstəlik, son dinamika da biznes üçün vəziyyətin yaxşılaşmadığını göstərir. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına görə, yeni verilmiş manat kreditləri üzrə ümumi orta faiz dərəcəsi 2026-cı ilin mayın əvvəlinə 17,92% olduğu halda, iyun əvvəlinə 18,30%-ə yüksəlib. Bu göstərici yalnız biznes deyil, bütün kredit portfelini əhatə etsə də, biznes mühitində maliyyələşmə şərtlərinin yumşalmadığını göstərən mühüm siqnaldır. Hətta fərdi sahibkarlara və kiçik biznesə yönələn mikrokreditləşmədə də bu tendensiya özünü göstərir və cəmi bir ay ərzində borclanma şərtləri daha da ağırlaşır. Halbuki real sektorun inkişafı üçün gözlənti kredit faizlərinin tədricən aşağı düşməsi olmalıdır. Eyni zamanda, yeni cəlb olunmuş müddətli manat depozitləri üzrə orta faiz dərəcəsi 7,99%-dən 7,96%-ə enib. Yəni depozit faizi azalır, kredit faizi isə artır. Nəticədə kreditlə depozit faizi arasındakı marja daha da genişlənir. Bu isə bank resurslarının real sektor üçün ucuzlaşmadığını, əksinə, maliyyələşmənin daha da bahalaşdığını göstərir. Bundan ən çox zərər görən isə yeni fəaliyyətə başlayan və ya istehsalını genişləndirmək istəyən sahibkarlardır. Onsuz da bazara yeni daxil olan müəssisələrin girov imkanları məhdud, riskləri isə yüksək qiymətləndirilir. Belə şəraitdə yüksək kredit faizi onların maliyyəyə çıxışını daha da çətinləşdirir və yeni investisiyaların qarşısında ciddi maneəyə çevrilir. Əlqərəz, iqtisadiyyatın inkişafı üçün əsas məsələ kreditin əlçatan olması deyil, onun iqtisadi cəhətdən səmərəli qiymətlə təqdim edilməsidir. Çünki investisiya qərarını müəyyən edən amil kreditin mövcudluğu deyil, onun qiymətidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Iyul 2026 10:53
Azərbaycanda avro ucuzlaşdı
07 Iyul 2026 12:40
Ət ucuzlaşacaq? - Açıqlama
07 Iyul 2026 10:09
“Azeri Light” bu gün neçəyə satılır?
06 Iyul 2026 19:25
Azərbaycan neftinin Tunisə ixrac həcmi artıb
06 Iyul 2026 10:48
“Ona görə də insan qazandığını artırmağa deyil, göstərməyə həvəsləndirilir...”
06 Iyul 2026 10:39
“AzerGold”un 25-ci sikkə kolleksiyası şirkətin 10 illik fəaliyyətinə həsr edilib - FOTO
06 Iyul 2026 08:52
Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib
04 Iyul 2026 11:03


Bakı -°C

