20 Noyabr 2024 09:51
1798
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: «Araz axır, Kür baxır»

Bəlli olduğu kimi ədəbiyyatımızın şah mövzularından biri də Arazdı. Zaman-zaman, yəni Gülüstan sülh müqaviləsindən bu günə qədər paralanmış Azərbaycanım  nisgilini, həsrətini, hətta qədərə nifrətini də Arazla bağlayıb, Araza ünvanlayıb, onu günahkar bilib. Arazın bir xəncər kimi vətəni yarı bölməsini, yaşadığımız Güney-Quzey ağrısının əsas səbəbkarı sayıbdı… Bax, bu mənada şairlərimiz, yazıçılarımız, ozanlarımız həmişə üzünü Araza tutub sözünü deyib, göz yaşını ona qatıb axıdıbdı. Hətta yazıblar ki:

 

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölə bilmirəm.

 

Unudulmaz şairimiz  Şahmar Əkbərzadəyə məxsus olan bu şah misralar Arazın necə bir ağrılı nöqtəmiz olduğunu birbaşa ifadə edir. Bu mövzuda xalq şairimiz Söhrab Tahirin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Süleyman Rüstəmin və daha saysız-hesabsız söz sahiblərimizin bir-birindən qiymətli, yaddaqalan, düşündürən və nisgilə son qoymaq çağırışı ifadə edən şeirləri, poemaları, nəsr nümunələri var.

Bu gün masamın üzərində olan kitabın müəllifi  Dəmir  Çeşməlidi. Oxucularımız bu imzanı da, bu müəllifi də yaxşı tanıyır. Son vaxtlar bir az seyrək görüşsək də, Dəmir Çeşməli yenə qələminin, sözünün yanındadı. İstər dövrü mətbuatda, istər sosial şəbəkələrdə tez-tez yeni şeirləri ilə qarşılaşıram. Həmin qarşılaşmalar da mənim əlimdən  tutub onun kitab rəfimdə olan əsərlərinin yanına gətirir məni. Mən də bir vaxtlar oxuduğum, barəsində fikirlərimi bölüşdüyüm «Araz axır, Kür baxır»-la yenə qarşılaşıram. Professor, filologiya elmləri doktoru Vaqif Yusiflinin ön sözü ilə işıq üzü görmüş kitabın redaktoru, dəyərli şairimiz İslam Sadiqdi. Bu təqdimatdan sonra təbii ki, oxucu Dəmir Çeşməlinin tanış misralarını yadına salacaq, xatırlayacaq. Mən isə əlimdəki kitabın ilk vərəqlərindən birində «Görüş həsrəti ilə» qarşılaşıram. Dəmir Çeşməli yazır ki:

 

Görüşə bilmirəm o gündən, gülüm,

Dəyişib səmtini əsən yellər də.

Xəbərin xəbəri yox səndən, gülüm,

Dərədə çağlamır coşan sellər də.

 

Sənin həvəsin yox, mənimsə vaxtım,

Günləri sayıram sayamı gəlir?

Qayaya çırpılır bu dönük baxtım,

Görəsən o tay bu tayamı gəlir?

 

Gedənin dalınca həsrət göyərir,

Dünəni bu günə bağlamaq üçün.

Üfüqdən üfüqə bulud yüyürür

Arxamca su səpib ağlamaq üçün.

 

Yaşamaq həsrəti yaşanmır, Tanrım,

Havalar soyuyur, qış hikkəsi var.

Bir ömrün yükü var, daşınmır, Tanrım,

Çiynimdən asılan yük nəfəsi var.

 

Mən bu şeiri sizə təqdim edəndə bir məqamı önə çəkdim. O da şairlə oxucunun görüş həsrətidir. Yəni istənilən bir görüş ürəklərdə, duyğularda bir qığılcım rolu oynayır. Xatirələri ayağa qaldırır, xəyalı dolandırır, yaddaşa işıq salır. Bax, bu mənada Dəmir Çeşməlinin «Görüş həsrəti» mənim üçün bir ipucu oldu və mən o ipucundan tutmaqla özümü sanki Araza doğru gedən durna qatarına köçə qatıram və içimdən Dəmir Çeşməlinin:

 

Əzizim Araz qaldı,

Kür qaldı, Araz qaldı.

Əlim sənə çatmadı,

Darıxma, bir az qaldı.

 

Əzizim Kür üşüdü,

Kür daşdı, Kür üşüdü.

Araz düşdü soyuğa,

Buzladı, Kür üşüdü .

 

- bayatıları gəlib keçdi. Həmin bayatılardakı təsvir mənzərəsi hardasa mənə Suqovuşanı xatırlatdı. Düşündüm ki, Arazla Kür qovuşan kimi Azərbaycan da bir gün bütövləşəcək, eən böyük  həsrətlilər kimi qovuşacaq bir-birinə. Fəhimlə duyduğum bu hisslər hardasa şair sözünün nə qədər yerinə düşdüyünü mənə bir daha anlatdı. Necə deyərlər yerində deyilən söz həmişə qiymətli olub.

Dəmir Çeşməlinin düz 12 il bundan öncə işıq üzü görmüş bu kitabındakı bir şeir də mənim marağımı çəkdi. Həmin şeirin mövzusu dünya ilə, onun coğrafi, ekoloji durumu ilə bağlıdır. Bu da indi Azərbaycanda cərəyan edən və dünyanın diqqət mərkəzində olan COP-29-un mövzusunun ilk  əlamətlərinə 12 il bundan öncə Dəmir Çeşməlinin narahatlığından xəbər verir. Yəni, şair zamanı qabaqlamış, hadisələrin axarına öncədən öz münasibətini sərgiləmişdi. Ona görə də yazıb:

 

Dünyanın nəfəsi niyə təngiyir?

Ağrısı, acısı, yükü bilinmir.

Qaməti ucalmır, boyu ləngiyir,

Çöhrəsi saralır, kökü bilinmir.

 

Dünyanın sağımı, solumu yoxdu,

Tutan əlimi, vuran qolumu yoxdu?

Bu yoldan savayı yolumu yoxdu,

Dərini, dayazı, təki bilinmir.

 

Çayları bulanır, suyu durulmur,

Özülü sökülür, soyu qurulmur.

Düşməni görünmür, dostu qorunmur,

Pozulub tərəzi, çəki bilinmir.

 

Bəli, həqiqətən dünyanın nəfəsi təngiyir. Həqiqətən coğrafiya ekoloji baxımından böyük sarsıntılar yaşayır. Amma bunların hamının  ən  böyük günahkarı olan insan durmur, dayanmır, öz vurduğu yaraları sağaltmaq üçün addımlar atmır. Təbii ki, bunu hamıdan çox təkcə mütəxəssislər yox, eləcə də ədəbiyyat adamları duyurlar və səslərini qaldırırlar. Zənnimcə Dəmir Çeşməli özünün şeirləri ilə, bütövlükdə yaradıcılığı ilə dünyanın xilas edilməsi yolunda bacardığı işin qulpundan tutaraq  sözünü deyib və deyir. Həm də o, Araza baxa-baxa deyir bütün bunları…Kürə boylana-boylana səsləndirir fikirlərini. Çünki ekoloji fəsadlar Arazın da, Kürün də talehinə qələm çalır.