19 Sentyabr 2024 16:11
1351
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu  " Silinməz sözdən izim "-dən yazdı

Yaşasaydı bu il 90 illiyini qeyd edəcəkdik. Amma Laçın həsrəti, yurd nisgili, bir də tale yazısı ona torpaqlarımızın işğaldan azad edildiyi günü görməyi nəsib etmədi. O, Laçının əvvəlki günlərini yenidən yaşamağa başladığını və həmyerlilərinin, qohum-əqrəbasının doğma ocaqda sönmüş işıqlarının yandığını görmədi. Bilmirəm bu necə yazıdı, necə qədərdi, amma bildiyim odur ki, Hüseyn Kürdoğlu bütün ruhuyla və bir də kağıza, yaddaşa köçən sözüylə, səsiylə işğal dövründə də Laçnıda oldu, laçınlı oldu, Laçından ayrılmadı. Onun bayatılarından tutmuş dilləri əzbəri olan şeirlərinə qədər, qələmə aldığı hər bir söz, hər bir cümlə çiynində böyük yük daşıdı. Bu, məna yükü idi…bu, fikir yükü idi, bu, insanları düşünməyə məcbur edən gerçəkliyin yükü idi...

Bəli, indi masamın üstündə bir kitab var. Bu kitabın redaktoru Hüseyn Kürdoğlunun ruh dostu, könül sirdaşı olmuş Azərbaycanın və türk dünyasının çox yaxşı tanıdığı professor Qəzənfər Paşayevdi. Kitabı tərtib edənlər Hüseyn Kürdoğlunun doğmaları, Şirindil Alışanlı və İlham Alışanlıdır. Çox təəssüf ki, mərhum professorumuz Şirindil Alışanlı bu kitabın ərsəyə gəldiyini görə  bilmədi. Amma İlham Alışanlı bu işi yarıda saxlamadı. Atasının bu işini, daha doğrusu, atası haqqında olan kitabı böyük ürəklə, həm də fərqli bir qaydada oxuculara təqdim etdi.

Fərqli qayda deyəndə mən bir məqamı nəzərdə tuturam. O da İlhamın kitabda hər 20-30 səhifədən bir Hüseyn Kürdoğlunun Dördlüyünü oxucuya təqdim etməkdir. Bununla o, sanki kitabı oxuyan oxucunu müəllif yazısının aurasından çıxarıb Hüseyn Kürdoğlu aurasına transfer edir. Zənnimcə, bu uğurlu üslub oxucunu yenidən düşündürür. O, bir daha əmin olur ki, müəllif yazıları ilə təqdim edilən Hüseyn Kürdoğlu özünün özünü təqdimatı ilə fikirlərini üst-üstə gətirir. Yəni gerçəklik dayanır adamın gözünün önündə. Akademik İsa Həbibbəylinin, xalq yazıçısı Elçinin, böyük alimlərimiz Yaşar Qarayevin, Tofiq Hacıyevin, Bəkir Nəbiyevin, Teymur Bünyadovun, Budaq Budaqovun, görkəmli şairlərimiz Nəriman Həsənzadənin, Məmməd Aslanın, Qasım Qasımzadənin, eləcə də Azərbaycan ədəbiyyatında öz sözü, öz yeri olan digər ünlü imza sahiblərinin oxucuya böyük sevgi ilə təqdim etdikləri Hüseyn Kürdoğlu yaradıcılığı və şəxsiyyəti şairin özünün şeirləri ilə də bir cərgədə dayanır. Bax, bu təqdimat, zənnimcə, "Silinməz sözdən izim" kitabını daha da möhtəşəm edib.

Kitabda Hüseyn Kürdoğlu yaradıcılığına olan böyük sevginin ifadəsini təkcə imza sahiblərinin kimlikləri və titulları təqdim etmir. Həmin yazı müəlliflərinin onun yaradıcılığına, sözün həqiqi  mənasında, içdən gələn tam səmimi və düşündürən, duyğulandıran fikirləri bir daha göstərir ki, Hüseyn Kürdoğlu əbədiyaşarlığı haqq etmiş şairdi, alimdi. Deməli, onun bir-birindən oxunaqlı, bir-birindən düşündürücü fikirləri, misraları ilahi vergisidi. Şairə haqdan pıçıldanan və onun ruhunun ifadəsinə çevrilən poeziya nümunəsidir.

Böyük fəxarət hissi ilə vurğulamaq istəyirəm ki, bu kitabda mənim də həmişə böyük sayqı və sevgi ilə mütaliə etdiyim Hüseyn Kürdoğlu yaradıcılığı haqqında qələmə aldığım fikirlər yer alıbdır.

Odur ki, kitabın redaktoru, çox hörmətli Qəzənfər müəllimə, eləcə də onun tərtibçisi olan İlham Alışanlıya göstərdikləri diqqətə, verdikləri dəyərə görə ürəkdən təşəkkürümü bildirirəm. Tam səmimi etiraf edirəm ki, onlar mənə deyilən sözün, kağıza köçən fikirlərin yadigar olduğunu bir daha əyani sübut etdilər. Ruhu şad olsun Hüseyn Kürdoğlunun! Var olsun ona dəyər verənlər!