07 Noyabr 2023 12:48
1241
ƏDƏBİYYAT

Fiziki və psixoloji  asılılığın ən dəhşətli forması

İstəsən güzgütək  saf olsun ürək,

Sinədən on şeyi atasan gərək.

Haram,qeybət,kin, paxıllıq,tamah,

Kibir, riya, həsəd, ədavət, kələk.

                                Nizami Gəncəvı

Zərərli vərdişlərə yiyələnməyin yaşı yoxdur. Onlara istənilən vaxt: uşaqlıq, yeniyetməlik,gənclik, orta yaş və s.  yaş dövründə   öyrəşmək olar. Bu vərdiş forması  vaxtaşırı olaraq təkrarlanan və şüuraltı vasitəsilə  baş verməyə meyilli olan qeyri-qanuni davranış formasıdır. Həmin davranış növü vərdiş formasında avtomatik yerinə yetirilə bilər. İnsanın  təkrar etdiyi əxlaqi dəyərlərə zidd olan bu cür davranış nümunələri bir müddətdən sonra sinir yollarına həkk olunur. Zərərli vərdişlərin formalaşması prosesi davranışın mütamadi olaraq təkrarlama vasitəsilə avtomatik və ya vərdiş formasına gətirməklə həyata keçirilir.

Fiziki və əqli cəhətdən kamillik zirvəsinə çatan,  öz sağlamlığının qayğısına qalan və sağlam həyat tərzi keçirən insanlar öz fəaliyyətləri dövrü bir çox faydalı vərdişlərə yiyələnirlər. Bu vərdişlərin siyahısı olduqca genişdir: hər gün axşam vaxtında yatıb, səhər erkən saatlarda oyanmaq, gündəlik səhər idmanla məşğul olmaq, piyada gəzintiyə çıxmaq, iş vaxtını, eləcə də asudə vaxtı səmərəli keçirmək, düzgün və təbii  qidalanmaya ciddi fikir vermək,    kitab oxumaq , şəxsi gigenik tələbləri gözləmək, ünsiyyət və danışıq mədəniyyətinə əməl etmək və b.

Lakin sən demə faydalı vərdişlərlə yanaşı  yer üzünün ab-havasını pozan, milyonlarla ailənin həyatına ağır və sağalmaz  dərd-bəla gətirən,  məyusluq və  acı facilər yaradan bir çox zərərli vərdişlər də varmış. ..

Dünyadakı  həyat təcrübəsi sübut edir ki, fiziki və psixi cəhətdən  normal olan, sağlam həyat tərzi keçirən  hər bir insana  istənilən biliyi, təcrübəni, işi, sənəti  və ya  peşəni öyrətmək mümkündür. Lakin həyatda real hadisələr həmişə  hər kəsin şəxsi istədiyi  kimi baş vermir. Bəzən elə olur ki, qeyri- qanuni bir sıra mənfi adətlər, zərərli vərdişlər, pis hərəkətlər və bəd  əməllər (xüsusilə siqaretçəkmə, spirtli içkilərə aludəçilik, narkomaniya, qumar oyunlarl, müxtəlif oğurluq, cürbəcür dələduzluq və b.) gizli  yollarla bədniyyət ünsürlər tərəfindən zorakı qaydada (aldatma, şirnikləndirmə, şantaj etmə, təzyiq və ya gücgəlmə, lağaqoyma, müxtəlif dələduzluq formasında və s.) həyata təzəcə göz açan, hələ dünyagörüşü olmayan, nadan və təcrübəsiz , mühitdə hələ bərkiməmiş, heç bir çətinliyə öyrəşməmiş,  iradəcə zəif insanlara, xüsusilə yeniyetmələrə və  gənclərə öyrədilir.

Davamlı təkrar olunduğuna görə əxlaqa və qanuna zidd olan bu vərdişlər   həmin  hərəkətləri icra edən yeniyetmə və gənc insanların  gündəlik həyat tərzinə çevirilir.  Yəni  həmin zərərli  meyl, maraq və vərdişlərin iştirakçısı olan  şəxslərin həyat tərzi getdikcə həmin vərdişlərin motivinə uyğun olaraq  formalaşır. Qısaca yavaş-yavaş vərdişdən fiziki və psixoloji aslılıq yaranmağa başlayır. Bir neçə vaxtdan sonra köhnədən  formalaşmış bu zərərli  vərdişləri, eləcə də  digər əxlaqa və qanuna zidd  hərəkətləri həmin adamların başından çıxarmaq, yaddaşından silmək və b. işləri yerinə yetirmək olduqca çətinləşir. Çox hallarda  bu cəhddə heç bir müsbət nəticəyə   nail  olmaq  mümkün olmur. Çəkilən zəhmət: maarifləndirmə, tərbiyəvi və müalicəvi xarakterli çalışmalar tamamilə hədər gedir. Nə qədər  cidd-cəhd göstərilsə də həmin adamlardakı köhnə həyat tərzini dəyişib təzəsi ilə əvəz etmək mümkün olmur ki, olmur.

Muasir dünyamızda iradəcə zəif olan insanlar tərəfindən  yerinə yetirilən pis və zərərli vərdişlərin sayı çoxdur.  Əvvəlcədən qeyd edim ki, zərərli vərdişlərə öyrəşməyin başlanğıcında qısa vaxt ərzində əldə edilən və ya  qazanılan ötəri həzz və ya ləzzət, gələcək  illərin iztirab- həyəcanı, məşəqqətləri hesabına başa gəlir və  müxtəlif faciəvi sonluqlarla qurtarır. Xüsusilə bu sahədə birinciliyi uzun illər qoruyub saxlayan narkomanlıq özünün uyuşdurucu və məstedici xüsusiyyətləri ilə  dünyada yetişməkdə olan gənc nəsli dibi görünməyən uçuruma  sürükləyir.

 

 Dünyanı xərçəng xəstəliyi kimi bürüyən bu  zərərli vərdişlər xüsusilə bir sıra  gənc ailələrin xoşbəxt olmasına mane olur, yenicə qurulmasına baxmayaraq onların göz yaşları içində dağılmasına və pərən-pərən olmasına  münbit şərait yaradır. Nəticədə boşanma halları nəticəsində ailədəki uşaqlar başsız qalır. Uşaqlarla bərabər, ailədə yaşayan qadınların, yeniyetmə və gənclərin səhhətində, davranışında, sağlamlığında, psixoloji durumunda, təlim-tərbiyəsində , maddi təminatında və mənəvi-hüquqi məsələlərin həlli prosesində müxtəlif formada  çətinliklər və problemlər yaranır.

Zərərli vərdişlərə qurşananları  elə ilk gündən mənlik şüurundan kənar,   tamah və nadanlıq çeşməsindən  qidalanan avara həyat gözləyir. Elə bir həyat ki, onu yaşamağa başlayantək  tez bir zamanda  pis vərdişlərdən güclü asılılıq baş verməklə yanaşı  müxtəlif infeksion xəstəliklər peyda olur və ömürlük arzuolunmaz qonağa çevirilir. Günbəgün səhhətin zəifləməsi, sağlamlığın tədricən itirilməsi, gənclik həyatının heçə endirilməsi halları davam edir. Az sonra isə belə vəziyyətə düçar olmuş adamlarda düşdüyü dərin bataqlıqdan çıxmaq həvəsi tamamilə soyuyur. Üzləşdiyi çətin situasiya ilə barışdığına görə  qurşandığı bəladan qurtulmaq, azadlığa çıxmaq arzusu isə tamamilə heçə enir. Süstlük,  biganəlik və bədbəxtçilik ona heç olmasa düşdüyü ziyanın yarısından da olsa qayıtmağa  imkan vermir. Beləliklə, həmin nadanların özünü birdəfəlik zərərli vərdişlərin ağuşuna ataraq  həyatını yavaş-yavaş onlara   qurban verməsi mərhələsi başlayır. Nəticədə tədricən müxtəlif növ faciələrin- özünüməhv prosesinin yetişməsi labüd  olur.

Cəmiyyətimizin sağlamlaşdırılması və gələcəkdə  daha gözəl və parlaq olması  yalnız sağlam gəncliklə bağlıdır. Bunun da birinci dərmanı idmandır. Çünki uşaqlıq və yeniyetməlik illərindən bədən tərbiyəsi və idmanla məşğul olan gənclər  həmişə siqaret cəkməkdən  və spittli içkilər içməkdən uzaq  olurlar. Ona görə ki,  idmanla mütəmadi məşğul olan gənclər bütün enerjisini idmana sərf etdikləri üçün onların başqa vərdişləri, xüsusilə pis vərdişləri  yerinə yetirməyə nə vaxtı, nə də fiziki enerjisi qalır. Heç sirr deyil ki, bizə həqiqətən həzz vetrən vərdişlər mövcuddur. Çünki zərərli vərdişləri bəzi psixoloqlar hətta  beyin xəstəliyi də adlandırırlar. Belə ki, bəzi vərdişlər beyinə həzz siqnalları ötürürlər. Əlbəttə beyindəki həzz nöqtələrini aldatmaq həqiqətdə mümkün olan məsələ deyildir. Bu siqnalları qəbul etməklə insan müvəqqəti olaraq özünü yaxşı hiss edir. Məsələn  dırnaqyemə, barmaqları şaqqıldatmaq, narkotik vasitələrdən istifadə və s. Pisixoloqların araşdırmasına görə  insanı özünü yaxşı hissetmə anı keçici və aldadıcı xarakter daşıyır. Ona görə ki, ayın görükməyən tərəfi olduğu kimi həmin müvəqqəti- aldadıcı həzzin arxasında gəncləri məhvə - güclü asılılığa aparan  uçurum dayanır.

Pis vərdişləri tərgitmək mümkündür. Lakin bunun üçün güclü iradə, mükəmməl stasionar və ya ambulator müalicə, eləcə də həlim və psixoloğun  məsləhətlərinə ciddi qulaq asmaq gərəkdir. Psixoloqların araşdırmasına görə  bir neçə pis vərdişi olan  insanların həmin vərdişlərin hamısının cəngindən eyni gündə qurtulması qeyri-mümkündür. Bunu nə fiziki, nə psixoloji, nə də tibbi yolla yerinə yetirmək olar. Yalnız bu vərdişləri tədricən hissə-hissə, bəlkə də damla-damla azaltmaq, köhnə pis vərdişi yeni faydalı vərdişlə əvəz etmək vasitəsilə  tərgitmək mümkün olar. Bunun üçün pis vərdişi olan xəstələrdə  möhkəm səbr, cəsarət və özünəinam lazımdır. Yalnız  bu ÖZÜNƏİNAM  XİLAS  YOLUDUR!

Zakir Bayramlı, Şair-publisist, AY və AJ B-in üzvü,  təhsil işçisi