adalet.az header logo
  • Bakı -°C
03 Sentyabr 2026 10:10
63
SAĞLAMLIQ
A- A+

Həkimlər 3 yaşlı uşağın əlini XİLAS ETDİ

3 yaşlı oğlan uşağının ət maşınında ağır travmatik amputasiya nəticəsində zədələnən sol əli 8 saat davam edən mürəkkəb mikrocərrahi əməliyyatla bərpa edilib.

Adalet.az xəbər verir ki, hadisə zamanı uşağın sol yuxarı ətrafı ət maşınında sıxılıb. Ağır xəsarət alan uşaq hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına çatdırılıb.

Müayinə zamanı travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, eləcə də baş, işarə, orta və üzük barmaqlarının metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunduğu müəyyən edilib.

Uşağın klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili olaraq əməliyyata hazırlanıb. Yüksək ixtisaslı mikrocərrahi komanda – Dilqəm Məmmədov, Bəxtiyar Qasımov və Abidin Həsənli, anestezioloqlar Mail Sədiyev və Dayaq Əhmədlinin iştirakı ilə kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı ilk mərhələdə bilək və əl daraqlarının sümük strukturları anatomik vəziyyətə gətirilərək daxili fiksasiya olunub. Daha sonra əlin bütün fleksor və ekstensor tendonları, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, həmçinin müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa edilib.

Təxminən 8 saat davam edən əməliyyat zamanı bütün rekonstruktiv mərhələlər uğurla tamamlanıb.

Əməliyyatdan sonra uşaq 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq postoperativ dövrün ikinci günündə palataya köçürülüb.

Hazırda uşağın ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Rekonstruksiya edilmiş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamika müşahidə olunur. Ətrafın sağ qalması baxımından kritik postoperativ mərhələ də uğurla keçilib.

Uşaq uzunmüddətli funksional bərpanın əsas istiqamətlərindən biri olan mərhələli reabilitasiya proqramına cəlb edilib.

Mütəxəssislərin sözlərinə görə, bu klinik hadisə uşaqlarda ağır mexaniki əl travmaları zamanı erkən və düzgün qiymətləndirmənin, vaxtında cərrahi müdaxilənin, sümük, damar, sinir və tendon strukturlarının kompleks şəkildə rekonstruksiyasının əhəmiyyətini bir daha göstərir.

Uğurla yekunlaşan əməliyyat Səhiyyə Nazirliyinin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında yüksək texnologiyalı mikrocərrahi imkanların və ixtisaslaşmış həkim komandasının peşəkarlığının göstəricisi kimi qiymətləndirilir.