adalet.az header logo
  • Bakı -°C
13 May 2026 16:38
85
İQTİSADİYYAT
A- A+

Hörmüzün yaratdığı problemlər artmaqdadır

Bu gün Hörmüz boğazının bağlı qalması bəzi dövlətlərin qazancını artırır, digərlərini isə böhrana salır.

Adalet.az xəbər verir ki, mövcud vəziyyət Yaxın Şərq ölkələrindən neft ixracını dayandırıb.

Bundan istifadə edən Rusiya ixracı böyük həcmdə artırıb. Artım əsasən dünya bazarında yaranan neft qıtlığı ilə bağlıdır. Eyni zamanda ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nisbətən yumşaldılması da ixracın artmasına stimul yaradıb.

“Bloomberg” yazır ki, mayın əvvəlindən Rusiya gündəlik 3,66 milyon barel neft ixrac edərək həftəlik gəlirlərini 2,24 milyard dollara çatdırıb.

Rusiya neftinin əsas alıcıları sırasında Hindistan ilk yerdədir. Bu ölkə gündəlik 1,5 milyon barel neft idxal edir. Ümumilikdə Rusiyanın Asiya ölkələrinə neft ixracının həcmi gündəlik 3,4 barel təşkil edir.

Türkiyə iqtisadiyyatı neftin dünya bazarında bahalaşmasından çox əziyyət çəkir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayrakdar bildirib ki, neftin qiymətindən asılı olaraq ölkənin əlavə xərcləri 13,6 milyard dollardan 24 milyard dollara çatacaq. Nazir nəzərə çatdırıb ki, əgər ilin sonuna kimi neftin qiyməti 100 dollar qalarsa büdcənin əlavə xərcləri 13,6 milyard, 125 dollara çatsa isə əlavə xərclər 24 milyard dolları keçə bilər. Bununla yanaşı neftin bahalaşması Türkiyə büdcəsinin gəlirlərinə də mənfi təsir göstərib və büdcə 13,3 milyard dollardan məhrum olub.

Avropada isə aviasiya yanacağının qiymətinin 1900 dollaradək artması sektorda böhran yaradıb ki, bunun da nəticəsində Böyük Britaniya və Fransada uçuşlara tədricən məhdudiyyətlər tətbiq edilir. Bunun səbəbi Avropada bir sıra neft emalı zavodlarının bağlanması, neftin nəqli və sığorta haqlarının bahalaşmasıdır. Bütün bunlar aviasiya biletlərinin də bahalaşması ilə müşahidə olunur və sərnişinlər alternativ yollarla mənzil başına çatmağa çalışırlar. Artıq Avropada gün ərzində bir istiqamətə 3 reys yerinə yetirilirdisə indi bu say 1-ə endirilib ki, bu da hava limanlarında sərnişin sıxlığına səbəb olub və insanlar günlərlə hava limanında gecələmək məcburiyyətində qalırlar.

Göründüyü kimi Hörmüz boğazının bağlı qalması dünya iqtisadiyyatı üçün böyük problemlər yaradıb. Boğazın açılması isə ABŞ ilə İranın razılığa gəlməsindən asılıdır. Bu iki dövlətin müharibəsinin isə nə zaman başa çatacağı heç kimə bəlli deyil.