adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 May 2023 11:27
1735
MÜSAHİBƏ

İlham Qəhrəman:"Güləbirddə "Laçın" yazılan lövhəyə sarılıb hönkürdüm, Nikolay körpüsündə..." - MÜSAHİBƏ

Bu gün ermənilər “Qarabağın qapıs”adlandırılan Laçına cəbhə boyu hücuma keçdiyi, Laçının işğalının başlandığı gündür. Düz 31 il əvvəl laçınlıların doğma yurdundan pərən-pərən düşdüyü bu tarix yaddaşlara əbədi həkk olsa da artıq əvvəlki kimi yandırıb –yaxmır, sızıldatmır qəlbimizi...


İndi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü. şair-publisist İlham Qəhrəmanın dogma yurdu ilə bağlı 31 illik hisslərinə Adalet.az-ın səhifələrində tanış olaq.

- İlham müəllim, yadınızda olar bəlkə də,  2017 ya 2018-ci il idi, AYB -də  bir tədbirdə qarşılaşdıq. Söz vaxtına çəkər , təxminən mayın 15 ya da 19 –u idi. Tədbir boyu üzünüzdə, gözünüzdə bir hüzn vardı, biz tərəflərdə deyirlər e, “elə bil gəmiləri dənizdə batıb” bax, elə... Deyin görək, hazırda özünüzü necə hiss edirsiniz?

-Laçının işğal dövrüylə indiki dövünün arasında keçirdiyimiz hisslərin ağ ilə qara qədər fərq var. 2020-ci il dekabrın 1-ini bir çox laçınlı özünün ikinci doğum günü hesab edir. Dolayısıyla Birinci Qarabağ müharibəsi zamanı torpaq uğrunda verdiyimiz şəhidlərin qanı 44 günlük müharibədə yerdə qalmadı. Bu zaman insan dərindən bir “ah” çəkir. Bizim Laçın həsrətimiz həmin “ah”a qədər idi. Məncə, o “ah” qədər insanın daxilində ağır heç bir yük ola bilməzdi. Həmin “ah”ın çəkilməsi üçün 28 il gözlədik. Çəkdiyimiz “ah” Laçının dağ-daşına getdi. Dağ-daşdan özgə heç nə o “ah”ın ağırlığını götürə bilməzdi. Çəkdiyimiz “ah” əynimizin paltarı, bürüncəyi kimiydi. O paltarda, o bürüncəkdə sınıqlığımız, gözüqıpıqlığımız, gözükölgəliyimiz, diligödəkliyimiz, başıaşağılığımız vardı. Bu boyda daxili çırpıntını heç bir canlı, heç bir məxluq götürə bilməzdi. Çöldə yağış tutan uşağı evə çatanda anası əynini soyundurub dəyişən kimi şəhidlər o ağırlığı biz laçınlıların üstündən götürdü – o paltarı, bürüncəyi əynimizdən çıxartdı. Rəhmətlik şəhidlərimiz hər şeyi yerbəyer etdilər, ən əsası vətəndə hər şey şərdən-xeyirə qədər urvata mindi. Laçının işğalı dövründə efirlərə dəvət olunanda qırışığımız açılmırdı, könlüsınıxlığımız üzümüzdən, səsimizdən getmirdi. İndi Allaha şükür, el-oba dərdi sarıdan bir qazaxlıyla, bir qubalıyla bir laçınlının heç bir fərqi yoxdur. Elimiz-obamız vətənin sərhədləri içərisindədir. Sərhəddimizdə ordumuz var. Laçın alınandan sonra belə bir bayatı yazmışam:

Yanmışam külüm yoxdu,
Pis işdə əlim yoxdu.
Laçın alınan gündən
Ta bizə ölüm yoxdu.

- Mən də məcburi köçkünəm ...Elə bil məni düşünüb yazmısınız...


-Məncə bu bayatı nə qədər laçınlıların dilindən yazılıb, bir o qədər də ağdamlıların, kəlbəcərlilərin, qubadlıların, şuşalıların, zəngilanlıların, füzulilərin, cəbrayıllıların dilindəndir. O gün olsun, Ağdərəlilərin, Xocalıların da halını ehtiva etsin!

- Şair, danışın görək, müqəddəs yurdunuzu ziyarət edə bilmisinizmi?
 


-Laçının işğaldan azad olunmasından sonra bu ilin aprel ayında Laçını ziyarət etmək mənə də qismət oldu. Güləbirddə Laçının adı yazılan lövhənin dayaqlarına sarıldım, hönkürdüm. Allah Laçına dönməyi o günün həsrətində olan hər kəsə nəsib etsin!
Nə qədər tanıdığım laçınlımız həmin etibarsız sabahlara tuş oldu, Laçın alınsa da görmədən işıqlı dünyaya vida etdilər. Dədəm rəhmətlik Laçın alınan gecə canını tapşırdı. Amma, ən azından 2020-ci ilin dekabrın 1-dən sonra bu dünyadan köçənlərin bir toxtaqlıq yeri vardı – torpaq düşmənə qalmadı. Mənə elə gəlir ki, o dünyaya köçən laçınlılar işğal dövrü dünyadan köçənlərə həm də Laçının azad olduğu haqqında bir muştuluq xəbəri aparırlar. Ordakıların da ruhu şad olur!

- Nə dəyişib o yerlərdə? Nəyi yenidən gördünüz, nəyi yenidən görə bilmədiniz?


-Laçına ilk ziyarətimdə bircə dağların şəkli göz yaddaşımdakıyla üst-üstə düşdü, qalan çox şey dəyişilib. Laçını (rayon mərkəzi) tanımaq olmur. Şəhər içindəki dolama yollar kəsələnib, inzibati binalar sökülüb, şəhəri vəhşi ağaclar basıb. Bizə doğma olan abidələr – Sovet İttifaqı qəhrəmanı Əvəz Verdiyevin, N.Nərimanovun heykəlləri, “Poçt”dakı “Ana” abidəsi yoxdur. Təzəlikcə köhnə laçınlıların nəzərində Laçının simvolu olan 1941-45-in abidəsini də söküblər. Kaş orda yenə elə bir abidə (xatirə kompleksi) salınsın ki, camaatın ümumi gəzinti yeri kimi qorunsun. Ora Laçının ən uca gəzinti yeri olmasıyla həm də bir seyrangah idi. Ordan şəhərin özü, ətrafındakı ardıc meşələri, Həkəri çayı, çayqırağı bağlar, möhtəşəm Hoçaz qayası, Cağazur tərəf, Zabux tərəf, Sus, Qızılca, Mollalar, Avazdar, Ağanusun yaşıl meşələri, çayyuxarı dağlarımız, örüş yerləri, biçənəklər, dağları dolanan el yolları hamısı ovuc içi kimi görünür. O abidənin pilləkənlərini qalxmağı həsrətində olan hər bir laçınlıya arzulayıram.

- Evinizlə görüşünüzü, kaş öz gözlərimlə görəydim....


-Laçında uzaq dağlara baxanda dədəmlə nənəmi gördüm – qoşa dağlar kimi. Sanki yanaşı bardaş qurub oturmuşdular və uzaqdan mənə baxırdılar. Bir də onların ayrı gedəcək yeri yoxdu axı... Laçında köhnə evimizin yurd yerində (Padşahlı körpüsünün gözündə) astaralılara (Laçının bərpasında Azərbaycanın hər yerindən çalışan insanları görmək çox xoş idi) deyəndə ki, burda evimiz, burda ot tayamız, , burda tövləmiz, burda anamın sac yeri vardı inanmaqları gəlmirdi.

- Gördüklərinizdən ən çox sizi nə sevindirdi?
 

 


-Tikinti-quruculuq işləri....Çayda iki körpü var – biri köhnədən tikilən Padşahlı (Nikolay) körpüsüdür, o biri isə təzə tikilib. Laçına gedəndə o körpülərə təzə ad da verdim – Qoşa körpü. Laçında yollarda texnika qarışqa kimidi. Eləcə də bərpa işlərində insanlar vur-hay çalışırlar. Bizim tələbəçilik dövrümüzdə Laçından Bakıya bir avtobus gəlirdi, Bakıdan da biri geri qayıdırdı. Bərpadan sonra Laçına Bakıdan günə ən azı 5 avtobus gedəcək. Bu rəqəm yay dövründə çox olacaq. Hələ şəxsi maşınlarda gedənləri demirəm. Başqa şəhər və rayonlardan (əsasən arandan) istirahət üçün axını da nəzərə alsaq, Laçın insanların gurrah yerinə çevriləcək. Ən əsası dövlət indi Laçının ucqar yerlərinə yol çəkilişini həyata keçirir. Ordumuzun operativ hərəkət etməsi üçün bütün zəruri kommunikasiyalar qurulur.

-Bəs, sizi kədərləndirən bir nüansa rast gəldinizmi?

-Laçında bircə şeyə çox təssüf etdim – dədə-babalarımızın yüz illər boyu çay qırağında dəhnə vurub, saldıqları bağlar, bostanlar, çalma yerləri indi yoxdur. Hamısının yerində ya texnika dayanıb, ya şirkətlər ofis ediblər. Sus kəndinin çayqırağı Böyük bağ, Aşağı bağ, Cırrıx, Qəninin şivliyi, Şitillik, Zavod, Qarğıdalılıq, Tütünlük deyilən yerləri elə bil heç yox imiş. Bəylik, Qızılca və Hoçaz kəndlərinin bağ və bostan yerləri də o gündədir. Məni bir sual düşündürür – bəs Laçın bazarına dadı, ləzzəti heç yerdə olmayan tut, gilas, xiyar-pomidor bir sözlə bağ-bostan məhsulları hardan gələcək? Həyətlərdə mal-heyvan saxlanmasa, insanlar yerli süd-qatıq sarıdan korluqlanmayacaqmı?!
Həkəri çayının üstündə balıq vətəgələri salınsa, çaylarımızın sərvəti olan, dadı köhnə laçınlıların bu gün də damağında qalan sarı balığın, göy balığın, şirbit balığın, buğlu balığın, qızıl balığın (adları Laçında deyilən kimi yazıram) adına insanlar Bakıdan belə vurub gələcəklər. Laçının insanlarımızın xidmətində duracaq, onların ağız dadı olacaq sərvətləri çoxdur. Çay və bağ-bostan sərvətlərinin bir hissəsini sadaladıq. Eyni zamanda motal pendiri, əmcək yağı, əmlik ətindən hazırlanan təamlar, nənələrimizin dizini qatlayıb yaydığı yuxa, qalınça, təpitmə, xamralı, təndir lavaşı, minbir pencərdən kətələr, dovğa, çaşırdan, şoşandan, pərpərtiyandan qoyulan şorabalar, dağ çiçəklərindən ətirli bal, tut bəkməzi, irçal, tut qurusu, meşələrin qozu, itburnusu, zirinci, zoğalı... saymaqla qurtaran deyil. Bunların üstünə narzan bulaqları gəlsək, cənnət necə olur sualının cavabı tamamlanmış olur. Sadalanan bu nemətlər laçınlıların gələn qonağın yanında həmişə üzünü ağ edib – həm süfrəyə düzülüb, həm paya gedib. Mənə elə gəlir ki, Laçınının sularında onun təbiətinin, meşələrinin, dağlarının, göyünün və insanlarının ruhu var.

- Şair sizdə bulaqlar vardı, əlini o bulağın suyunda 1 dəqiqə nədir, heç yarım dəqiqə də saxlamaq olmazdı.Bumbuz! O bulaqların gözündən də su içdinizmi?
 


-Həm də uşaqlıqda içdiyim kimi, dizimi yerə qoyub, bulağı öpər kimi... Laçında bablarımızın eşqlə üstünü tikdikləri (eldə üstünü götürmək deyirlər) bulaqları müqəddəs hesab edirəm. Dağ mirvarisi Qara göl tezliklə Azərbaycanlı səyyahların görmək istədiyi yerlər siyahısına qatılacaq. Hələlik bu xöşbəxtlik bir şeirimdə dediyim kimi papağı yan qoyub gəzən əsgərlərimizə nəsib olub.


-Eşitdim sabaha da səfəriniz var?


Mayın 17-si 1992-ci il axşam Laçından çıxmışdım. İş elə gətirib ki, yenə mayın 17-si günü Laçına getməyə hazırlaşıram. Maşın tıxılı-təpili əsgər sovqatıdır.

-Nə aparırsınız igidlərimizə?

-Sovqat payının içində elektrik çaydanları, çay termosları, elektrik uzadıcıları, 3 yeşik alma (60kq), paket çaylar, konfetlər, peçenye, vafli, xurmavə s. var. Keçən dəfə apardığım sovqatı Hoçazda xidmət keçən əsgərlərə çatdırdım. Arzumdur bu dəfəki, sovqatı Zabux-Cağazur kəndlərindəki postda duran əsgərlərə aparım. Laçında çalışan qazilərimiz söz veriblər ki, məni o postlara aparacaqlar. Əsgərlərimizə sovqat payı göndərməklə rahatlıq tapanların arasında göyçəli və kəngərli dostlar, Şəhid Şahgündüz Cabbarovun atası, Laçının Bülöylük bəylərinin nəslindən olan dostumuz və Almaniyada yaşayan bacım qızı var. Şeir kitablarımdan da hədiyyələr olacaq.

- Yaxşı yollar İlham müəllim! Allah hər kəsi: Qarabağlılardan sonra Qərbi Azərbaycanlıları da doğma yurduna qovuşdursun!

 Söhbətləşdi Əntiqə Rəşid