08 Sentyabr 2025 18:05
104
GÜNDƏM

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirildi - FOTO

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib.

Adalet.az xəbər verir ki, işçi qrup, Prezident İlham Əliyevin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə səhiyyə naziri Teymur Musayevin əmri ilə yaradılıb.

İclasa Səhiyyə Nazirliyinin Aparatı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, həmçinin Prezidentin işğaldan azad edilmiş rayon və şəhərlərdəki xüsusi nümayəndəliklərinin nümayəndələri qatılıb.

İşçi qrupunun əsas məqsədləri aşağıdakılardır:

“Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində mövcud mülki və hərbi tibbi infrastruktur, həmçinin inşası davam edən və planlaşdırılan tibbi obyektlər barədə məlumatın toplanması;

Köç qrafikinə uyğun olaraq, azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin yaş və cins bölgüsünə görə tələb olunacaq tibbi xidmətlərin növü və həcminin müəyyən edilməsi;

Mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması;

Tibb müəssisələrinin kadrlarla təmini və tibbi heyətin fəaliyyətinin stimullaşdırılması;

Əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması;

Əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması;

Sanitar aviasiyasından və teletibb imkanlarından istifadə perspektivlərinin qiymətləndirilməsi.

Toplantıda işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizatı və kadr hazırlığı ilə bağlı ümumi yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması istiqamətində müzakirələr aparılıb.

Səhiyyə naziri Teymur Musayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində səhiyyə sahəsinə xüsusi önəm verildiyini vurğulayaraq qeyd edib:

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili istiqamətində görüləcək tədbirlər Böyük Qayıdış proqramının uğurlu icrasına və regionda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”.

Nazir, həmçinin bildirib ki, nazirlik bu mühüm layihənin həyata keçirilməsini dəstəkləmək üçün bütün səylərini səfərbər edəcək və müvafiq qurumlarla sıx əməkdaşlıq edəcəkdir.

İşçi qrupunun, qarşıda duran məsuliyyətli vəzifələri yerinə yetirmək üçün təkmilləşdirilmiş plan və təkliflər hazırlayaraq, ölkənin ərazi bütövlüyü uğrunda qələbədən sonra bərpa və yenidənqurma işlərinin ən mühüm istiqamətlərindən biri olan səhiyyə infrastrukturunun qurulmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

İclasın sonunda qoyulmuş vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.