“KÖKALTI”NDAKILARIN AŞILANMASI - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
148 | 2025-08-14 12:25

Və yaxud məncə...

 

Bəlkə də yaşla bağlıdır, bəlkə də zamanla... Bəlkə də elə belə olub həmişə. Bəlkə də mən heç fərqinə varmamışam. Amma indi yaşın da, zamanın da, içərisində olduğum hadisələrin də basqılarından, necə deyərlər, özümə qayıdıram, özümə, ətrafıma baxıram. Nəticə çıxarmaq, sabah üçün uyğun bir istiqamət götürmək istəyirəm. Amma və lakin...

Təbii ki, artıq qatar vağzalı çoxdan tərk edib. Hətta sonuncu vaqon görünmür. Belə bir şəraitdə çıxaracağım nəticənin faydası olub-olmayacağı sual altındadır. Mən də hələ orta məktəb illərindən riyaziyyatdakı bir termindən heç xoşlanmırdım. Acığım gəlirdi bu termindən. Rəhmətlik riyaziyyat müəllimim deyəndə ki, beş kökaltında... bax o “kökaltı” əhvalımı korlayırdı. Niyə kökaltında, niyə kiminsə himayəsində, niyə və niyə? Hələ də o niyələr çözümünü tapmayıb. Heç mən özüm də o “kökaltı”ndan uzaqlaşdığım üçün onu aramağı, çözməyi ağlıma gətirməmişəm. Daha doğrusu, yaddaşımdan silmişdim. İndi isə çevrəmdə baş verənlər, hər gün rastlaşdığım nəsnələr bəzilərinin həvəslə “kökaltı”na girdiyini göstərir mənə. Mən onlara baxıb həm təəccüblənirəm, həm də öz-özümə bunun anlamını tapmaq  istəyirəm. Bilmək istəyirəm ki, hansısa maddiyyata görə, hansısa bir mənsəbə görə necə könüllü “kökaltı”na girmək olar. Doğrudur, bizim müəyyən atalar sözlərimiz var ki, onlarla barışmıram. Onlar mənə yad gəlir. Amma görünür o sözlər də məhz “kökaltı”nda olan ataların sözləri olub. Həmin “kökaltı”ndakı atalar deyib ki, “könlü balıq istəyənin quyruğu suda gərək”. İndi o cür ataların da bu cür “kökaltı”nda quyruq bulayan övladlarının gün-güzəranı, təmtərağı hansı sürətlə, hansı mərtəbədə olur-olsun yapışmır mənə, qəbul edə bilmirəm. Doğrudur, bunu bəzən mənə irad tuturlar. Yenə əvvəldə dediyim “ata”ların bir sözünü xatırladırlar mənə. Deyirlər ki, palaza bürün, elnən sürün.

Bir anlıq bu sonuncu sözə siz də diqqət yetirin. El niyə sürünməlidir ki? Əli-ayağı sağ-salamatdırsa, yeriyə bilirsə, niyə sürünməlidir ki? Məgər el kəşfiyyata gedir, düşmənin arxasına keçir ki, nəsə öyrənsin?

Bu sualları uzatmaq olar. Amma məqsədim suallara cavab tapmaq deyil. İndiki anda mən bu sözləri ona görə xatırlayıb sizə təqdim etdim ki, insanlığın, adamlığın eroziyasının baş alıb getdiyi bir zamanda “kökaltı”na düşənlərin də sayı artır. Bu da bizi kimliyimizdən, ədəbimizdən, əxlaqımızdan uzaqlaşdırır. Necə deyərlər, hər şey yavaş-yavaş deyil, az qala birdən yanıb kül olur. Və soyuyan o külü başımıza sovuracağımız gün bizi gözləməkdədir. Onda  isə...

Bəli, həyatın sınaq meydanı olduğu danılmazdır. Və hər kəs də bu sınaqdan öz bildiyi üsuldan, qaydalardan istifadə etməklə çıxmaqda sərbəstdir, haqlıdır. Kiməsə irad tutmaq burada yersizdir. Amma bir şey var ki, mənəviyyatı ayağa atmaq təkcə üz qarası deyil, ömrə ləkədir. O ömrə ki, onu ailənə, sevdiklərinə, aid olduğun çevrəyə və nəhayət,  vətənə həsr edirsən. Nə yazıq ki, biz bəzən bunların fərqinə varmırıq. Elə bilirik ki, olanlar ötəridi, keçib gedəcək. Lakin...

Oturuşu-duruşu, sözü-söhbəti hər zaman  haqdan, ədalətdən olan, dürüstlükdən bəhs edən iqtibaslar gətirib nümunələr göstərən birinin həyatını, fəaliyyətini kənardan izləyəndə dəhşətə gəlməmək mümkün deyil. Çünki dediklərinin tam əksini həyat kredosu edən birinin davranışına hansı qiyməti vermək olar? Sözü ilə əməli düz gəlməyənin necə ağız dolusu, necə məddahlıqla danışdığını həzm etmək mümkündürmü? Vallah, inansanız da, inanmasanız da bunlar mənə getdikcə daha mənasız, daha lüzumsuz, daha gərəksiz, az qala iyrənc görünür. Nə görmək, nə də duymaq istəyirəm. Təbii ki, hər şey mənim istəyimdən asılı deyil, amma istəyimi dilə gətirmək də mənim haqqımdı. Çünki onların varlığı mənəviyyatımızın aşılanmasına birbaşa xidmət edir. İstər sənətdə, istər adi həyatda. Bir anlıq soyunmağın və yaxud fonoqram oxumağın hesabına gündəm qazanıb efirdən düşməyən, villalarını, bahalı maşınlarını, onları “saxlayanları” reklam edənlərlə cırcıramaların nə fərqi var ki?!. O səs kimə nə verir ki?...

 

 

 

Səsi imkan vermir, qənim kəsilib

Durmadan oxuyur ,bu cırcırama...

Min illik bir mətni yamsılayır o -

Məncə quramadı, "nəğmə", qurama!..

 

Boğur ətrafdakı bütün səsləri,

Mütləq hakim kimi, haq sahibi tək!..

Ətrafda dolaşan bütün kəsləri -

Məcbur eyləyir ki, sus, nazımı çək!..

 

Dayanmır, dincəlmir, susmur bir anlıq

Öz boyat "nəğmə"sin ötür həvəslə...

Min illik yol gələn bu boş " tiranlıq "-

Hələ də yaşayır bu cürə səslə!

 

... Bu da bir bənzərlik, bu da bir nüans

Təbiət - cəmiyyət paralelində...

Siz də istəsəniz görərsiz cinas -

Bilmədən dayanır hərə yerində!

 

***

İndi yəqin ki, mənimlə razılaşmayanlar deyəcəklər ki, bu cırcıramaların “kökaltı”na nə dəxli var? Amma dərindən düşünsələr onda görərlər ki, onları “saxlayanlar” “kök”, o cırcıramalar da ki “kök”ün altındakılardır. Oradan da elə “kökaltdakı” səslər çıxır...

Zənnimcə, mənim yanaşmam, müqayisəm təbiətə yönəlməyib, ona qarşı çıxmaq deyil. Əksinə, təbiətdən cəmiyyətə keçidin bir nüansını xatırlatmaqdır. Yəni ancaq səsi ilə öz varlığını ifadə etməyə çalışan cırcıramalar payızda, qışda onları nə gözlədiyini biləndə artıq gec olur. Elə soyunub bədənini göstərənlər də cır səsləri və gözəllikləri “kökaltı”nda ömrünü başa vurandan sonra nələr çəkəcəklərini yəqin ki, hələ düşünməyə vaxt tapmayıblar. Ona görə də hələ ki, çal-çağırdadırlar. Olsunlar. Hər yolun bir sonu var.

Yol demişkən, məmləkətimizdə yol məsələsi getdikcə daha çox diqqəti çəkir, daha çox insanların rahatlığına xidmət edir. Yəni ən ucqar kəndlərimizdən tutmuş şəhərlərimizə qədər hər yerdə yolun abadlıq olduğunu qəbul edərək bu sahəyə diqqəti artırırlar. Yüksək keyfiyyətli yollar sürücülərin də, sərnişinlərin də ovqatını xoş edir. Amma və lakin...

Məncə, bizdə sürücü mədəniyyətinin kasadlığı, üstəgəl qanunlara müəyyən sayğısızlıq hələ də qaldığından yol qəzalarının sayı azalmır, əksinə, artır. Belə olan halda adamın ürəyindən köhnə çala-çuxur yollar gəlib keçir. İstəyirsən deyəsən ki, düzəltməyin, qoyun biraz da dağılsın, biraz da bərbad olsun. Bəlkə qəzaların sayı azalar...

Bu düşüncəmə hər kəsin özəl baxışı birmənalıdır. Amma həqiqətən abad yollardakı şütüyən maşınlar və onların törətdiyi qəzalar ürək ağrıdır. Övladını itirən, əzizindən əbədi ayrılan hər kəs küfr edir, acıyır, lənətləyir. O acımanın da, küfrün də bir ucu gedib yola söykənir. Kimsə yavaşca pıçıldayır:

Əşi, bu rayonun yolu kələkötür olanda ayda-ildə bir qəza olar, ya olmazdı. İndi hər gün özü də neçəsi baş verir...

Hə, görürsünüzmü bizim dünyagörüşümüzü, bizim məntiqimizi, bizim yanaşmamızı. Məncə, bütün bunlar bir pərakəndəliyin olmasından, bir maarifləndirmənin zəifliyindən xəbər verir. Biz də ki, xəbərə o qədər də önəm verməyi sevmirik. Çünki damarında maddiyyat və cinsəl heç nə yoxdur, adicə xəbərdir. Ona görə də düşünürəm, daşınıram, deyirəm ki, məncə:

 

Hər şeyə gülmək olar

Gülüşün heçdəndisə ...

Gülməkdən ölmək olar -

Gülüşün içdəndisə!..

 

Yaşadığı hər anı

Bilərsə ruhu, canı...

Sevər qoca dünyanı -

O da bu köçdəndisə!..

 

Olmur yol hər vaxt hamar,

Kirpikdən sitəm damar,

Gülər, əlində qabar -

Əkin, ya biçdəndisə!

 

Yorğundu üzgün bəşər,

Üfrülsə göy də şişər!

Mənə də gülmək düşər -

Say əgər üçdəndisə!..

 

Bəli, mən bu avqustun cırhacırında müəyyən məqamları bir araya gətirməyə çalışdım. İstədim ki, özümə, elə siz də özünüzə kənardan baxasınız. Məndə alındı. Məncə, sizdə də alınıb. Ən azından bunu yazının oxu sayından hiss etdim. Ona görə gəlin, hamımız üçün, millətimiz, dövlətimiz üçün önəmli olan işlərin qulpundan tutaq, özümüzdən uzaq düşməyək.

 

TƏQVİM / ARXİV