KURSANT MƏHƏBBƏTİ - AYDIN CAN yazır

AYDIN CANIYEV
67155 | 2021-04-19 11:50

Hər kəsin ilk təcili yardıma gedəsi ən yaxın, ən yaralı yeri var, ən çox dərman olacağı dərd, yəni.

…Son on beş ildə oxuduqlarımın içindən ən çox sitat gətirdiyim ingilis yazıçısı Uilyam Stafford olub. 20-ci əsrin əvvəllərində - Birinci Dünya Müharibəsi dönəmində qələmə aldığı əsərində “İngiltərənin mili qəhrəmanı” obrazı gözümün önündən getmir!

Deməli, aviasiya akademiyasının kursantı London merinin təşkil etdiyi bala - şənbə ziyafətinə dəvətnamə alır. Valsa... yuxarı başda oturmuş dünya gözəlini dəvət etməyə ciyərlənir. Anında da dünya gözəlinin ürəkyaxan fəryadı göz yaşlarıyla müşayiət olunur! Bütün məclisin başına sanki qaynar qazandan su əndərirlər. Hamı bu “dana”nı qınayır ki, bəs...

Sən demə, dünya gözəli merin əlil arabasında oturan şikəst qızıydı. Ona görə heç kim onu rəqsə dəvət etməmişdi. Fəqət bu “dana” yaraşıqlı uca boyuna, bahalı ətrinə, gül camalına arxayın olub dünya gözəlinin onun dəvətindən imtina etməyəcəyi zənnində bulunmuşdu və hesab da etmişdi ki, bundan cəsarətli, yaraşıqlı, bahalı ətirli kavaler burada yoxdu.

Dünya gözəli isə... bir daha və yenidən rəqs etmək səadətindən, kavaler qucağında reveransın ləzzətindən, qısası, ayaq üstə durub da yeriməyin məhrumluq acısından qıyya çəkmişdi – yarasının közünü qoparmışdı bu “dana”.

Əlqərəz, hərə bir yana dağılır, “dana” da etik qaydaların tələb etdiyi kimi, üzrxahlıq edərək, kursant yataqxanasına qayıdır. Ancaq səhərisi... dünya gözəli onu öz iqamətgahına dəvət edir. “Dana” olmağının üstündən keçir və sadəcə, tez-tez ona baş çəkməyi, həmsöhbət olmaq istəyini bildirir. Kursant da guya ki, bu jesti dəyərləndirir, centlmenlik edir, komplimentləri əsirgəmir.

Və növbəti müalicə kursunun nəticəsinin yoxlanışı zamanı ailə həkimi qızın ayaqlarında oyanma olduğunu hiss edir, merdən qızını hansı həkimə apardığını soruşur. Yalnız məlum insidenti çatdıranda həkim “dana”-kursantdan möhkəm yapışmağı, qızın yeriyə bilməsinin artıq ehtimal yox, reallıq olduğunu merin nəzərinə çatdırır. Bunun üçün sadəcə “dana”-kursantın hər gün qızı bağda kolyaskada gəzdirməsi, əllərindən tutub ayaq üstə saxlaması, addım atmağa təhrik etməsi, könlünü sevindirən olaylardan söhbət açması, onunla mütləq və mütləq evlənəcəyini təlqin etməsi yetərli sayılır.

Bəli, “dana”-kursant bir gün, beş gün, on beş gün təmrinləri yerinə yetirməkdə dünya gözəlinə yardımçı olur və ayın axırında... qaçır – necə deyərlər, üzrü günahından betər!

Hərbi təyyarəçi kimi birbaşa döyüş bölgəsinə yollanan “dana”-kursant hər gün tarana gedir. Hər havaya qalxdığında minlərlə insanın tələf olduğunu görüb vicdan əzabı çəkmək istəyəndə, onları xilas etməyə cəhd edəndə beyninin məchul bir nöqtəsindən kimsə səslənir: “Sən bir xəstə qızı xilas edə bilərkən etmədin, qaçdın, nə hallardadır, bunu düşünmürsən, amma nə xilası, nə də aqibətləri haqqında düşünmə səlahiyyəti səndə olmayan minlərin məhvi üçün hansı vicdanla, hansı ürəklə düşünürsən?”

... Hər dəfə tarana gedib ölmək istəyən kursant son döyüşdə düşmənin dörd təyyarəsini məhv edib, özü də yanan təyyarəsiylə birgə yerə çırpılır...

Şil-küt, sınıq-salxaq halda hərbi qospitala çatdırılan bu “dana”nın həyatını həkimlər xilas edir.

İngiltərə höküməti isə ona “İngiltərənin milli qəhrəmanı” fəxri adını verir. Xalq aeroportda gurultulu sürəkli alqışlarla onu qarşılayır, ballarda, ziyafətlərdə İngiltərə gözəlləri ağuşuna atılmaq üçün növbəyə düzülür, məclislərin yuxarı başında yer göstərilir.

“Dana”nı isə bir fikir rahat buraxmır: “Bir qadını ayaq üstə qaldırmaq əzabından, qayğısından qaçan kişini bu millət, bu dövlət gör necə özünə milli qəhrəman səviyyəsinə qaldırıb e!!!”

Əslində, ümumi məsələdi, çox kişini dindirsən, özünü “milli qəhrəman” kimi aparır!

Əksəriyyət danışanda vətənə, dövlətə, xalqa xidmət etdiyindən dəm vurur.

Əksəriyyət ortaya “milli qəhrəman” kimi atılır.

Əksəriyyət özünü ucalıqda görür!

Əksəriyyət mahiyyətdə “İngiltərənin milli qəhrəmanı” statusundadır! – məclislərin yuxarı başına, ziyafətlərin şərəflisinə, gözəllərin sevgisinə tamah, iddia heç birindən əskik deyil!

Nəticə göz qabağındadır: ATA övladını, ailəsini saxlaya bilmədiyi üçün intihar edir, bunu kişilik, qəhrəmanlıq sayır, handa ki, acizliyini öldürməlidi!

ƏR arvadını yaşatmaqdansa, nazını çəkməkdənsə, səhhətini qoruyub balalarına simsar saxlamaqdansa, hər cür istismara məruz qoyur, özünün əvəzedilməz, qadınının isə minlərdən biri olması təfəkkürüylə yaşayır.

OĞUL ata-ananın qulluğunda durmalıykən, nəinki valideynlərini, hətta ailəsini unudub, məşuqəsinin peşində, serenada oxuyur pəncərəsinin bu üzündə, o üzündə baş verənlərdən xəbərsiz halda!

Bunlardır bizim səlahiyyət sahiblərimiz, komandirlərimiz, kursantlarımız, əsgərlərimiz... “İngiltərənin milli qəhrəmanları”.

“Bir qadın” deyəndə hökmən düşünmək lazım deyil ki, kolyaskada əlil-zəlil, şikəst olsun! Ümumən hökm deyil ki, o qadın olsun. Hökm deyil ki, kolyaskada, əlil-zəlil olsun. Əxz olunan odu ki, hər kəsin ilk təcili yardıma gedəsi ən yaxın, ən yaralı yeri var, ən çox dərman olacağı dərd, yəni.

p.s. Son 44 günlük savaş sadəcə, bəzi redaktələr etsə də, redaktə mahiyyət etbarilə "korrektura səhvlərini düzəltmək"dən ibarət oldu! Həyat elə "kursant məhəbbəti" ilə davam edir!

TƏQVİM / ARXİV