adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Oktyabr 2023 09:10
11778
LAYİHƏ

LAÇIN – İSTİ OCAQ

Heç kimin ağlına gəlməzdi ki, qısa zaman kəsiyindən sonra Laçında çox böyük abadlıq, tikinti və inşaat işləri görüləcək. 2020-ci il 10 noyabr Bəyannaməsindən sonra ermənilər razılığa gəldilər ki, Laçını  tezliklə tərk edəcəklər. Əlbəttə, müəyyən zaman kəsiyindən sonra  üç ölkənin  dövlət  başçılarının  imzaladığı  bu Bəyannamə icra olunmağa başladı.  Laçının  kəndləri və əksər  yaşayış məntəqələri ermənilər tərəfindən  boşaldıldı. Və bircə  Laçın şəhəri qaldı, o da Bə    yannamədə göstərilmişdi ki, 5 kilometr  məsafədə  sülhməramlı qüvvələr  yolda  hərəkət edən ermənilərin  təhlükəsizliyini  təmin edəcək.

Təbii ki, qısa  zaman kəsiyində Laçın  şəhərinə qayıtmaq  üçün dövlət başçısı  İlham Əliyevin  göstərişi ilə Laçın şəhərinə  keçməmək şərtilə  alternativ  asfalt  yol  çəkildi. Bu ən möhtəşəm bir layihənin  icrası idi. Yol istifadəyə verilməklə demək  olar ki,  Laçın  şəhəri də sülhməramlıların  nəzarətindən götürüldü  və orda  məskunlaşmış  ermənilər şəhərdən  çıxarıldı. Əlbəttə, belə bir  füsünkar, gözəl  təbiətə  malik olan  şəhəri diqqətsiz  qoymaq   olmazdı.  Məhz  yenə ölkə  başçısı  cənab İlham Əliyevin  tapşırığı  əsasında Laçın şəhərində çox  böyük  abadlıq  və quruculuq işlərinə  start  verildi. Düzdür, Laçın şəhəri  Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı kimi dağıdılmamış, əksər  yaşayış binaları  salamat qalmışdı. Bu da onunla bağlı idi ki, ermənilərin  xarici  ölkələrdən  gətirdikləri əhalisi  orda  məskunlaşmışdı.  Onlara da söz verirdilər ki, qorxub eləməyin, burda  sizə  hər cür  şərait  yaradacaq və işlə  təmin edəcəyik. Bu ermənilərin  «dayılarının» Laçında  məskunlaşmış   insanlara  olan  vədləri idi. Amma bir müddətdən sonra  onlar  gördülər ki,  separatçılar  və Ermənistanda  vəzifə  başında əyləşmiş şəxslər  onları aldadıblar və  pis  vəziyyətə  qoyublar. Ona görə də  Laçını  tərk edərkən bir çox  ermənilər qəzəblənərək bəzi evləri yandırdılar və hətta tualetin unitazlarını  belə  söküb apardılar.

Aydındır ki, bizim ermənilərin  heç bir avadanlığına, əşyasına ehtiyacımız yox idi. Çünki Azərbaycan iqtisadi və hərbi cəhətdən elə bir  qüdrətli dövlətdir ki, xaricdən heç bir yardım almadan işğaldan azad olunmuş yaşayış məntəqələrini  yenidən  tikmək və qurmaq gücünə malikdir. Bunu biz həm Füzulidə, həm Ağdamda, həm Cəbrayılda, həm Zəngilanda, həm Qubadlıda , həm də Kəlbəcərdə  gördük. Laçında isə demək  olar ki, elə bir  tikinti işləri görülür ki, bu möhtəşəm bir  tarixdir. O tarixi  görmək və yaşamaq  laçınlılar kimi, bizim  üçün də çox şərəfli  və gözəl bir  andır. Laçının hansı küçəsinə, hansı  məhləsinə, hansı yerinə qədəm  qoyursan orda böyük tikinti, abadlıq işlərinin şahidi olursan. Laçının mərkəzində demək olar ki, əksər yaşayış binaları yenidən  tikilərək  tam istifadəyə yararlı hala gətirilib. Üstəlik də ermənilərin dağıtdığı  yarımçıq  binalar da  əsaslı təmir olunub. Sosial obyektlər, xəstəxanalar, məktəblər, uşaq  bağçaları demək  olar ki, hamısı  yüksək  səviyyədə  və keyfiyyətlə  tikilərək istifadəyə  verilib. Şəhərin  mərkəzinə asfalt yol  çəkilib. İşıq, qaz və  su xətti   demək  olar ki, tam  istismara  hazırdır. Hazırdır deyirik ona görə ki, yəni mənzilinə köçmək  istəyən, daha  doğrusu köçürülən istənilən laçınlı sakin  otağa  girən kimi  işığını yandıra  biləcək,  suyu  gələcək və ocağını təbii qazla  isidəcək. 
Laçına  köçmüş  bir neçə sakinlə  söhbət edirik. Onların sevincinin  həddi-hüdudu yoxdur.  Ən azından  ona görə ki, 30 ildən  sonra  doğma  şəhərlərinə  qayıdıblar. Laçına qayıdanlardan  biri də  75 yaşlı  Nəsir Cabbar oğlu  Kazımovdur. Nəsir kişinin  çöhrəsindən  sevinc yağır. Deyir ki, oğul, elə  bilirdim  öləcəm, Laçını  görməyəcəm. Amma Allah-Təala  mənə  ölməmişdən əvvəl  Laçını  görməyi  qismət  elədi. Bir də niyə ölürəm ey? Belə havanı  udan, suyu içən, torpağın  üstündə gəzən  insan  heç ölərmi? Allaha  and olsun ki, Laçına gələn günü səhərə  qədər  sevincimizdən yata bilmədik. Oğlanlarım, gəlinlərim hamısı bu gözəl, yaraşıqlı  otaqda  toplaşdı. Axşam da çox dadlı  bir Laçın aşı bişirdik. O aşı qaçqınlıq dövründə də  bişirirdik ey, amma belə  ləzzətli deyildi.  Çünki  nə yeyirdiksə elə bil  balıq sümüyü kimi  boğazımızda qalırdı. İndi bizə burda dördotaqlı mənzil  veriblər. Allah prezidentimiz İlham Əliyevin  canını  sağ eləsin və  ordumuzu qorusun. Bax, onların  hesabına  biz bu isti ocaqda oturmuşuq. İnanın, evə girəndə elə bil  dünyanı  mənə verdilər. Heç inanmızdım ki,  bizim  üçün belə  yaraşıqlı, gözəl  mənzillər  tikilib. Tək bizim  yaşadığımız mənzil yox,  yeni  tikilmiş  mənzillər   belə  yaraşıqlı və gözəldir. 

Nəsir kişi  deyir ki, burda biz bekar  dayanmırıq. İki oğlum tikintidə işləyir, həyat  yoldaşım da  xəstəxanada  tibb bacısıdır. Bir nəvəmi də  işlə təmin ediblər. Əsas məsələ odur ki,  şəhərdə əvvəllər adam az idi , indi  küçəyə  çıxırsan, bazar-dükana gedirsən görürsən, maşallah, nə qədər  köhnə  qonşular, qohumlar var.

Laçından  Kifayət  xanım da bu yurdun gözəlliyindən,  əsrarəngliyindən  söhbət  açır. Deyir ki, qardaş,  gəlib   Laçını  gördüm elə bil  dünyanı  mənə  verdilər. Allaha and olsun  bəlkə də  Laçın  dünyanın ən  gözəl yerlərindən  biridi. Havası  təmiz  olduğu kimi , insanları da  təmiz, sadə  və  səmimidir. Kifayət xanım düz deyir,  kiminlə  söhbət etdiksə hamı  bizi evinə  qonaq dəvət elədi, süfrə  açmaq istədiklərini  bildirdi.  Kifayət  xanımın  qızı  isə  Laçını   cənnətə   bənzədir.  Söhbət  əsnasında deyir ki, vallah,  adam burdan  heç yerə  getmək istəmir. Sevincimdən  səhərə  qədər yatmamışam, nə telefona  baxıram, nə də  televizora. O  qədər  sevindim ki, Laçının  hər daşını, hər torpağını öpdüm. Düşünürəm ki,  nə yaxşı göydə Allah, yerdə Cənab Prezident  İlham Əliyev  bizi bu yurda qaytardı! 

… Laçının hər daşında, hər çiçəyində, hər qayasında, hər gülündə  şəhidlərimizin  izi, ləpiri, nəfəsi , sevgisi  hiss olunur. Çünki o boylanan  qaya da, o ucalan  dağ da, o güllər-çiçəklər də  elə  şəhidlərin  özüdür. Hər addımbaşı onların nəfəsi, həniri, ürək  döyüntüsü  hiss olunur. Bunu tək  biz demirik, bunu  həm də  Laçında yaşayan və şəhidlərin  ruhuna  həmişə dua oxuyan  minlərlə  insan deyir. O insanlar ki  yurda döndülər,  ocaq  qaladılar və öz torpaqlarına ürəkdən bağlandılar. Allah onları  həmişə bu yurdda, bu obada, bu ocaqda  əbədi  saxlasın!..

 

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.