LAÇININ QAŞINDA QAR ÇİÇƏKLƏDİ - Aqil ABBAS yazır

AQİL ABBAS
1831 | 2024-06-27 16:30

(VII məqalə)

( VIII  məqalə)

Rəmişə qulaq asmaq üçün Laçın Turşsusuna getməyə dəyərdi.

Balaca qardaşımı göndərdim, gedib diplomat çantamı gətirdi, oturduq Əhməd həkimin maşınına, üz tutduq Laçına.

Bu səsgücləndiricini 1973-cü ildə elə Rəmişin xətrinə yığmışdım. Axşamlar maqnitofonu qoşurdum bu səsgücləndiriciyə və Rəmişin ecazkar musiqisi yayılırdı məhləyə.

1974-də dərs ili başa çatanda kəsirim olmadığına görə atam Hacıkəndə iki putyovka hədiyyə elədi mənə – 24 günlük. Dedi ki, bir dostunu da tap, qoşa gedin, tək buraxmıram. Gəldim Kinonun  arxasındakı çayxanaya Eldar Kərimovu tapdım. Eldar qardaşım Kamillə bir yerdə işləyirdi, 2 nömrəli  musiqi məktəbində tar müəllimiydi. Çox xoş, duzlu, zarafatcıl bir oğlanıydı, qeyri-adi gitara çalırdı. Rəmişin barmaqlarından nə tökülmüşdüsə hamısını bitdə-bitdə dənləmişdi. Xasiyyəti də Rəmişə oxşayırdı, bir az dəlixay idi. Qədir Rüstəmov da toylara  yalnız onunla gedərdi. Bir də görərdin Qədir oxuduğu yerdə Eldar uydu və necə başladısa Qədir səsini kəsib ona qulaq  asırdı. Eldar da cuşa gəlib elə çalırdı ki, toydakıların matı-qutu quruyurdu.

Sonda Qədir deyirdi:

- Vallah, bu, dəlidi.

Nə isə. Atam maşını verdi getdik Hacıkəndə.

Eldarın xahişiylə sanatoriya müdirinə  görüm-baxım elədim, dağın başındakı sonuncu kotteci verdi bizə. Oturmuşuq sanatoriyanın  həyətində, adam da çox  və təbii ki, bizi vecinə alan da yoxdu. Eldar dedi ki, darıxma, səhərdən bu  sanatoriya bizim olacaq.

Gecə saat 10-nu keçəndən sonra dedi ki, səsgücləndiricini quraşdır. Oturduq eyvanda  və Eldar başladı, nə başladı. Heç iyirmi dəqiqə keçməmiş  sanatoriyada nə qədər adam vardı yığışdılar eyvanın altındakı yamaca. Eldarsa uyub getmişdi. Bir də gördük ki, bir kapitan  bir uşağın əlindən tutub gəlir. Dedim, yəqin gəlir ki, musiqini  kəssin, camaata mane olursuz.  Gəldi çatdı  və dedi:

- Mən Hacıkəndin uçastkovısıyam. Kəndin aşağısında oluram, oğlum dedi ki,  ata, deyəsən Rəmiş çalır. Durdum oğlumu da götürüb gəldim  qulaq asmağa.

Təbii ki, çalan Rəmiş deyildi, Rəmişin şagirdi Eldar idi.

Bir azdan  üç-dörd erməni də gəldi. Əlləri dolu gəldilər: çolpa soyutması, tut arağı, növbənöv şorabalar.

Beləliklə, harda otururduq, hamı  bizim başımıza  yığışırdı, təbii ki, Eldara görə.  Sanatoriyanın həyətindəki  çayxananı Nadir adlı bir gəncəli balası işlədirdi, on qardaşıydılar. Bir axşamçağı çayxanada çay içirdik, bir aşıq gəldi və başladı çalmağa. Eldar dedi ki, aşıq qardaş, o sazını beş dəqiqə  mənə verə bilərsən?

- Buyur.

Eldar sazı aldı və saz havalarını necə ifa elədisə hamı yığışdı  çayxanaya. Hamı da Eldarın önündəki stolun  üstünə pul atırdı. Aşığın gözləri Eldarın  ifasına bərələ qalmışdı. Sonra Eldar sazı qaytarıb verdi aşığa, stolun üstünə yığılmış pulları da sayıb-sahmanladı, 850 manatıydı və verdi aşığa:

- Bunu mən yox, sənin sazın qazanıb, halal xoşun olsun.

Eldar belə Eldarıydı. Heyf, çox cavan öldü. Şəkər xəstəsiydi, Kinonun qabağında Kəllə Mamed deyilən bir adamla sözü çəpləşdi, Kəllə Mamed də onu bıçaqladı. Ondan sonra  yarası  sağalmadı və rəhmətə getdi. Heyf.

İndi  həmin səsgücləndiricini  götürmüşdüm və Eldarın orijinalı Rəmişlə gedirdim  üzü güləbədinə, Laçına.

Həmin səfərdən Laçından bir xoş xatirə qalıb  məndə, bunu ona görə yazıram.

Şəhərə girəndə gördük ki, maşında bir qırmızı işıq yanır. Hamımız «atliçni» sürücü  olduğumuza görə bilmədik  bu nəyin göstəricisidi. Yanacaqdoldurma məntəqəsində saxlayıb işçilərdən soruşdum ki, bu nədi. Gəlib baxdılar, sonra  kapotu açıb yağ  şompulunu çıxartdılar  və dedilər ki, ay qardaş, şompul yağa dəymir, maşını  sürmək olmaz. Məlum oldu ki, yanacaqdoldurma məntəqəsində yağ satılmır. Maşını sürdüm bazar başına, ordakı «Jiquli»lərin sürücülərindən  yağ  soruşdum, bəlkə onlarda ola. Hamısı dedi ki, maşınım yağ yemir, ona görə də yağ gəzdirmirik.

Gördüm ki, boylu-buxunlu bir ağsaqqal gəlir, əlində də qəşəng bir çomağı var, yaxınlaşıb dedim:

- Ağsaqqal, hər vaxtınız xeyir. Biz qəribik, başımıza belə bir iş gəlib.

Ağsaqqal məsələni  öyrənəndən sonra dedi:

- Siz gözləyin, mən bir azdan gəlirəm.

Rəmişə də yalvarmışam ki, maşından  düşməsin, camaat yığışacaq başına.

Getdi, təxminən 25-30 dəqiqədən  sonra bir UAZ-la qayıtdı.  Və dedi ki, maşını elə buraxın ağzıaşağı, bizim arxamızca.

Gəlib çatdıq bir anbara. UAZ-dan cavan, yaraşıqlı, əynində kostyum, qalstuklu  bir oğlan düşüb anbarın qapısını açdı. Sonra qayıdıb bizim maşını  sürdü həyətə. Pencəyini, qalstukunu  çıxarıb qoydu bir kənara və maşınımızın yağını dəyişdi.

Sonra məlum oldu ki, bura RTS-in anbarıdı, bu cavan oğlan da RTS-in müdiridi  və toya gedirmiş.

Cavan oğlan dedi:

- Ağsaqqal, başqa bir qulluğun var?

- Yox, sənə yaxşı yol.

Ağsaqqal  oturdu  bizim maşına  və dedi:

- İndi sür bizim həyətə. Həyətdə boğazı bıçaq gözləyən bir quzum var.  Arvad da qonaq sevəndi.

Yalvardıq ki, dayı, vaxtımız yoxdu, uzaq yol gedəcəyik, sağ ol.

- Onda məni aparın  bazarın başına, hardan götürmüsünüz, ora.

Bazarın başında  maşını  saxladım, ağsaqqal düşdü  və bazara baxıb əlləri ilə nəsə dedi. Bir də gördük ki,  gəlib maşının baqajını  açdılar, yemiş, qarpız, üzüm, xiyar-pomidor, göy-göyərti doldurdular  baqaja, sonra da bir cəmdək gətirdilər. Nə illah elədik  ki, istəmirik, sağ olun.

Ağsaqqal:

- Cavan oğlanlarsınız, gedin bir bulağın  başında yeyin-için, burda nə var ki?

Soruşdum:

- Dayı, adın nədi?

Ağsaqqal tərs-tərs mənə baxıb dedi:

- Adımı neynirsən, nə vaxtsa əvəzini qaytarmaq istəyirsən? Mənə dediyini Laçında kimə desən, bəlkə o məndən beşqat artığını edərdi.  Özün də prezidentə oxşayırsan.

Gülmək məni tutdu, onda «prezident» sözü dəb deyildi, bu söz onun ağlına hardan gəldi.

Nə isə, biz getdik Laçın Turşsusuna. Yeməkxanada oturmağa yer yoxuydu. Birdən müdir Rəmişi gördü, qucaqlayıb öpdü və çıxartdı bir az yuxarı:

- Xoş gəlmisən, buralar sənə qurbandı. Bu besetka Cabbarovundu, heç kəsi bura buraxmırıq, buyurun, oturun.  Cabbarov eşitsə ona da xoş olar.

Rəmiş dedi ki, diplomatı aç quraşdır  və gitaranı götürdü.

Bir az keçməmiş Laçına səs yayıldı ki, Rəmiş Laçın Turşsusundadı, özü də çalır. Camaat maşınlardan töküldü. Duranda  hesab da almadılar, dedilər qonaqsınız. Ağsaqqalın maşına qoydurduğu cəmdəyi də  qayıdanda İsa bulağında  oturub yedik.

Bakıya qayıdanda Laçının simvollarından biri olan şair Malik Fərruxa hadisəni danışdım və həmin ağsaqqalı təsvir edib kimliyini soruşdum.

Dedi:

- O, Məhəmməd kişi olacaq. Əvvəllər bazarın müdiri idi, indi təqaüdə çıxıb.

Altıncı, ya yeddinci dolamaya çatanda dedim:

- İradə, Ağdamda   məktəb direktoru vardı Süleyman müəllim, sonra Xankəndində Pedaqoji İnstitutda dekan işləyirdi, onun oğlu bu  dolamadan düz sürmüşdü,   uçmuşdu dərəyə. Maşında da dörd nəfər. Maşın ilk yerə dəyəndə qapılar açılmışdı, dördünü də tullamışdı, özü isə gedib dərənin dibində çaya düşmüşdü. Sonra Süleyman müəllimi  məcbur elədilər ki, maşını dərədən  çıxarsın. Ora vertolyot da yenə bilməzdi. Məcbur olub bir maşının pulunu xərclədi traktorlarla yol çəkdirdi, maşını  çıxartdırdı və verdi utilloma.

- Hələ çox xatirən qalıb?

- O qədər. Hələ geri qayıdanda da danışacam. İndi mən başdan-ayağa  xatirəyəm də.

Gəlib çatdıq sonuncu dolamaya və qarşımızda Laçının gözəl mənzərəsi açıldı.

Musa Urudun  gözəl bir şeiri yadıma düşdü:

 

Laçının qaşında qar çiçəklədi,

Heyva çiçəklədi, nar çiçəklədi.

Yaxası düyməli yar çiçəklədi…

 

Amma indi qar çiçəkləmirdi, bütün dağ-dərə çiçəkləmişdi, şair.

Bu mənim 38 il əvvəl gördüyüm Laçın deyildi. İsveçrənin dağ qəsəbələrindən heç də geri qalmayan, dağ memarlığı  üslubunda yüksək səviyyədə tikilmiş bir Laçın gördük.

Yəqin ki, rəhmətlik Süleyman Rüstəm sağ qalsaydı və bu Laçını görsəydi yazardı:

Cənnət görmək istəyən Laçına  gəlsin!

Beləcə, varid olduq Laçına. Girişdə gözümə ilk sataşan küçənin adı oldu: «Xosrov bəy Sultanov» küçəsi.

Əziz oxucu, bağışlayın də, sizi də yordum, özüm də yoruldum. Qalanı da qalsın 4-cü günə Allah qoysa.

 

TƏQVİM / ARXİV