Bu dərsi də adətən «Tarix» və «İctimaiyyət» müəllimləri deyirdi. Deyəsən, indi «İctimaiyyət» dərsi keçmirlər. Eləcə də «Əxlaq» dərsi vardı. Bu dərsdə müəllimlər şagirdlərə özlərini necə aparmalı olduqlarını, bir-biriləri ilə münasibətlərində necə rəftar etmələrini, müəllimlərə necə münasibət göstərmələrini, valideynləri ilə münasibətləri necə tənzimləməli olduqlarını və sair və ilaxır öyrədirdilər. Özü də çox qəribədir ki, «Əxlaq» dərsindən «2» alan uşaqları məktəbdən qovurdular.
Hər bir rayonda internat məktəbi vardı, belə uşaqları ora yönləndirirdilər. Ya da bir məktəb nizam-intizamda xüsusilə fərqlənirdi, valideynləri belə uşaqları həmin məktəbə aparırdılar.
Ağdamda 3 nömrəli bir məktəb vardı, «Surxay müəllimin məktəbi» deyirdilər. Surxay müəllim Makarenko tipli bir məktəb direktoru idi. Məktəbdə o qədər güclü nizam-intizam yaratmışdı ki, uşaqlar oranı «gestapo» adlandırırdı. Bir dəfə bu barədə yazmışam, təkrar etmək istəmirəm. Mənim bir xalam oğlu vardı, Cahid Allahverdiyev, həddindən çox davakar idi. 5 nömrəlidən qovmuşdular 1 nömrəliyə, 1 nömrəlidən qovmuşdular 8 nömrəliyə, 8 nömrəlidən qovulanda atası hətta aparıb Qəbələdə məktəbə qoydu ki, bir qədər Ağdamdan uzaq olsun, dostlardan uzaq olsun. Sonra da orda nəsə oldu atası gətirib verdi Surxay müəllimin öhdəsinə. Az keçmədi Surxay müəllim onu elədi quzu balası. Yaxşı oxumağa başladı, məktəbi qurtarandan sonra da getdi girdi Polis Akademiyasına və indi mayor rütbəsində təqaüddədir, 3 nömrəliyə nadinc, dəcəl uşaq kimi köçürülən şagirdlərin arasında indi alim var, yazıçı var, mühəndis var və sair və ilaxır.
İndi Surxay müəllim kimi məktəb direktorları yoxdur. Demək olar ki, direktorların 90-95 faizi zərif cinsin nümayəndələridi, qadınlardı. Təbii ki, onların içində təcrübəli, zabitəli, elə Surxay müəllim xasiyyətdə olan qadınlar da var, amma təəssüf ki, çox azdır.
Yadınıza düşürsə, bu yaxınlarda bir məktəb direktoru bir şagirdi yüngül bir şillə ilə cəzalandırmışdı, media və sosial şəbəkələr partlayırdı.
Türklər deyir, «Hoca vuran yerdə gül bitər», amma bizdə hoca vuran yerdə özü linç edilir, hətta məktəbdən qovulur, valideynlər üstünə hücum edir.
Mən də vaxtilə müəllim olmuşam deyə müəllimlərin vəziyyətini çox gözəl bilirəm. Hətta bu barədə Parlamentdə də danışmışam.
Və məni həmişə bir şey təəccübləndirib, niyə «Əxlaq» dərsi məktəblərdən yığışdırılıb? Bizə əxlaq lazım deyilmi? Və bizə əxlaq lazım olmayanda, «Əxlaq» dərsi keçirilməyəndə 156 saylı məktəbdə olan hadisələr baş verir.
Yeri gəlmişkən,mənfur Sovet zamanı attestatların adı «Kamal» attestatı idi. Orta məktəb ali məktəb üçün kadr hazırlayan təşkilat deyil, orta məktəb cəmiyyət üçün sağlam düşüncəli, kamil insan yetişdirən bir təşkilatdır. İndi attestatlardan «kamal» sözü də yığışdırılıb. Deməli, bizə day «kamal» da lazım deyil.
Uzun sözün qısası, nə qədər ki müəllimlər basqı altında qalacaq, 3500 manatlıq telefonla dərsə gələn şagirdlərdən və onların valideynlərindən çəkinəcək, orta məktəblərimiz kamil insan deyil, 156 saylı məktəbdə öz məktəb yoldaşlarını linç edən şagirdlər yetişdirəcək.
Və sonda. 1976-cı ildə Ağsu şəhərində internat məktəbdə müəllim işləyirdim. 10-cu sinifdə bir şagird özünü çox yekəbaş aparırdı. Mən də 22-23 yaşlarında universiteti təzə bitirmiş dəliqanlı bir oğlan idim. Həmin şagirdi saldım şapalağın altına, eşşək sudan gəlincə, biz tərəflərdə də eşşək sudan gec gəlir, möhkəm çırpdım. Ağzı-burnu da qanadı, dərsdən də qovdum. Aləm dəydi bir-birinə. Məktəbin direktoru Nadir müəllim dedi ki, səni tutacaqlar, məni işdən çıxaracaqlar. Maarif müdiri də bərk qorxmuşdu, zəng elədi ki, sən neyləmisən, hamımızı zibilə salmısan. Döydüyün şagird rayon prokurorunun oğludur. Nə isə, dedim yaxşı eləmişəm, özünü adam kimi aparaydı döyməyəydim. Səhəri günü məni çağırdılar prokurorun yanına. Getdim. Yerindən qalxıb mənimlə görüşdü, üzbəüz oturdu, çay gətirtdi, dedi:
- Müəllim, uşaq bir həftə dərsə gəlməyəcək. Çünki səndən sonra özüm onu möhkəm döymüşəm. Demişəm ki, sən nə qələt eləmisən ki, müəllim səni bu günə qoyub.
Nə məni tutdular, nə də direktoru işdən çıxartdılar.
Belə kişilər vardı ey.
Amma onu da deyim ki, ondan sonra məktəbə girəndə ən şuluq şagirdlər də özlərini yığışdırırdılar.


Bakı -°C
