28 Aprel 2025 18:54
168
MƏDƏNİYYƏT

Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə Səmərqənddə konfrans keçirilib - FOTOLAR

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) həmtəşkilatçılığı ilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Sülhün qorunmasında mədəniyyətlərarası dialoqun və təhsilin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bu barədə Adalet.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

Mədəniyyətlərarası anlaşmanı təşviq etmək, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri arasında dialoq üçün platforma yaratmaq, mədəniyyətlərarası dialoqun və sülhün təşviqində təhsilin həlledici rolunu vurğulamaq məqsədilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən ekspertlər, mövzu üzrə mütəxəssislər iştirak ediblər. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin videomüraciəti dinlənilib.

Beynəlxalq elmi konfransın “Din sülh quruculuğunun əsası kimi: potensial və problemlərin həlli yolları” panel iclasında BBMM-in icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə müzakirələr aparılıb.

Müzakirələr zamanı icraçı direktor Rəvan Həsənov vurğulayıb ki, dinlər hər zaman insanları mənəviyyata, mərhəmətə və qarşılıqlı anlayışa çağırır, dünya dinlərinin hamısının əsaslarında sülh, ədalət və həmrəylik prinsipləri dayanır. Din insanların vicdanına təsir edir və sülhə nail olmaqda mühüm rol oynayır, toplumlarda mənəvi dəyərlərin önə çıxarılmasını təşviq edir, insanları zorakılıqdan çəkindirir.

O diqqətə çatdırıb ki, din həm sosial harmoniyanın güclənməsinə, həm də gərginliklərin yaranmasına təsir edə biləcək güclü bir faktordur: “Bəzi hallarda dini siyasi alətə çevirərək münaqişələri daha da alovlandırırlar. Din adından törədilən zorakılıq aktları dinin əsl mahiyyətinə zidd olaraq sülh prosesinə ciddi maneələr yaradır. Bu çətinliklərin aradan qaldırılması üçün dini liderlər, mədəniyyətlərarası və dinlərarası diloqun təşviqi istiqamətində fəaliyyət göstərən qurumlar sülh təşəbbüslərində fəal iştirak etməli, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoq platformalarının yaradılmasına çalışmalıdırlar. Dinin cəmiyyətin mənəvi dayağı kimi saxlanması, siyasi məqsədlər üçün alətə çevrilməməsi üçün birgə fəaliyyət göstərməlidirlər. Dinin sülh quruculuğunda müsbət rol oynaması üçün dinlər arasında dialoq, təhsil sahələrində ardıcıl işlər aparılmalıdır. Gələcək nəsillərin sülh mədəniyyətinə yiyələnməsi üçün çalışılmalıdır, gənclər arasında tolerantlıq mədəniyyəti təbliğ edilməli, bu istiqamətdə multikultural dəyərlər və tolerantlıq mövzularına geniş yer verilməlidir. Bu prosesdə təhsildən vacib alət kimi istifadə olunmalıdır.

Qeyd edək ki, konfransı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Baskerville İnstitutu, ABŞ-ın Stirlinq Fondu, Dini Diplomatiya Fondu, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi, Heravi Sülh İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu, Əl-Farabi Qazax Milli Universiteti, Mərkəzi Asiya-Qafqaz İnstitutu, Ərəb Tədqiqat və Siyasət Araşdırmaları Mərkəzi, Səmərqənd Vilayət Hökuməti və Özbəkistan Gəncləri Dünya Assosiasiyası birgə təşkil ediblər.