MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN TARİX YAZDI
Hər bir ölkənin ərazi bütövlüyü onun üçün prioritet vəzifədir. Başqa sözlə demiş olsaq, əgər digər bir dövlət başqa bir ölkənin ərazisini işğal edirsə bu onun ərazi bütövlüyünün tapdanması və eyni zamanda ölkənin imicinə vurulan ən böyük zərbə hesab olunur. Təbii ki, zamanından və məkanından asılı olmayaraq bütün dövlətlər öz müstəqilliyini və ərazi bütövlüyünü qorumağa çalışır. Ən azından ona görə ki, həmin ölkə özünün gələcəyini, əhalisinin təhlükəsizliyini təmin etmək üçün birmənalı olaraq müharibə şəraitinə hazır olmalıdır.
Azərbaycan da nə çox, nə az düz 30 il 20 faiz torpaqlarının işğal olunması ilə razılaşmadı. Ona görə də bu istiqamətdə çox böyük müdafiə tədbirləri həyata keçirməyə başladı. Bir çox Avropa ölkələri, o cümlədən Fransa çalışırdı ki, erməni işğalını dondursunlar və bu barədə nə beynəlxalq təşkilatlarda, nə də digər mötəbər yerlərdə söhbət açılmasın. Aydındır ki, ermənilərin havadarları tək Fransa deyildi, eləcə də digər böyük dövlətlər onların haqsız işinə haqq qazandırır, 30 illik işğala göz yumur, üstəlik də bir fikri bizə təlqin edirdilər ki, onlar qalib dövlətdir, gedin ermənilərlə razılaşın. Təbii ki, onlarla heç vaxt razılaşmaq mümkün deyildi. Çünki əgər torpaqlarımız 20 faiz işğal edilmişdisə və işğalçılar da onu sülh, danışıq yolu ilə geri qaytarmırdılarsa aydındır ki, bunun cəmi bir çıxış yolu vardı – müharibə! Amma bu müharibəyə də yenə avropalılar və ermənilərin digər havadarları heç cürə razı olmurdular. Lakin buna baxmayaraq, istər Ulu Öndər Heydər Əliyevin, istərsə də prezident İlham Əliyevin vaxtında Qarabağın erməni işğalı altında olması ilə bağlı mötəbər kürsülərdə fikirlər səsləndirilmiş və beynəlxalq təşkilatlara əsl həqiqət çatdırılmışdı. Bununla paralel olaraq Azərbaycan həm də iqtisadi, siyasi və hərbi sahədə böyük işlər həyata keçirirdi. Bu da ondan ibarət idi ki, işğal altında olan torpaqlarımız ermənilərdən azad edilsin və həmin yerlərdə bərpa, quruculuq işləri gerçəkləşdirilsin, sakinlər geri dönsünlər.
Bütün bunlar o vaxtlar çoxlarına yuxu kimi gəlirdi. Yuxu kimi gəlirdi ki, Azərbaycan işğal altında olan torpaqlarını azad edə bilməyəcək. Bununla yanaşı, böyük dövlətlərin bayaq dediyimiz kimi canfəşanlığı ermənilərin nahaq işlərinə haqq qazandırması işğalçıları ürəkləndirir və bir az da tamahlarını artırırdı. Onlar yeni ərazilər, yeni şəhərlər işğal etmək barəsində fikirlər səsləndirirdilər. Hətta deyirdilər ki, Gəncəni alacağıq, Bakıya tankla gedib orda çay içəcəyik. Düzdür, ermənilərin tankı sonradan Bakıya gətirildi, amma Qənimətlər parkına!
Artıq 2020-ci il sentyabr ayının 27-dən ermənilərin hücumuna qarşı əks hücum əməliyyatı başladı. Heç ermənilər də gözləmirdi ki, onlar bir neçə gün ərzində Füzuli və Cəbrayıl istiqamətlərində ağır zərbələr alacaqlar. Əlbəttə, erməni ordusunun çaş-baş qalması, mürəkkəb duruma düşməsi və bir neçə gün ərzində Füzulinin və Cəbrayılın 8 kəndinin azad edilməsi onu göstərirdi ki, Azərbaycan ordusu sürətlə hücuma keçib və bu hücum daha da geniş vüsət alacaq. Elə geniş vüsət aldı da. Müharibənin qızğın dövründə ermənilərin havadarları öz mətbuat nümayəndələrini bir-birinin ardınca Bakıya göndərirdilər. Daha doğrusu, onları ermənilər maliyyələşdirir və hətta jurnalistlərin verəcəyi sualları da onlar müəyyən edirdi. Ona görə də Cənab Prezident İlham Əliyevlə olan müsahibələrin bəzilərini axıradək efirdə vermir, montaj edir və özlərinə sərf edən məqamları cəmiyyətə çatdırırdılar. Cənab Prezident isə öz müdrik və uzaqgörən siyasəti, dolğun cavabları ilə Qərb jurnalistlərini mat vəziyyətinə salmışdı. Onların hamısı Bakıdan suyu süzülə-süzülə geri qayıtdılar. Çünki heç vaxt Cənab Prezident İlham Əliyev kimi savadlı, istedadlı və siyasi cəhətdən güclü liderlə rastlaşmamışdılar. Onların ağlı Ermənistanın baş naziri Nikol Paşinyana gedirdi. Çünki Paşinyan nə ingilis dilini yaxşı bilir, nə də siyasətdən xəbəri vardı. Danışanda sanki ağzını əriştə yandırırmış kimi fikirlərini də ifadə edə bilmirdi.
Ümumiyyətlə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ savaşında dünyada analoqu və oxşarı olmayan bir tarixi qələbəyə imza atdı. Amma Cənab Prezident bir dəfə də demədi ki, bu qələbəni mən qazanmışam. Və həmişə dedi ki, bu qələbəni Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri qazanıb. İlham Əliyev dünyanın ən təvəzökar və ən səbirli prezidentidir desək, yanılmarıq. Çünki o hakimiyyətə gəldiyi ilk gündən bu möhtəşəm qələbənin təməlini qoymuşdu. Hər şeyi səbrlə, təmkinlə və uzaqgörənliklə həll edirdi. Eyni zamanda Azərbaycanın iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsi üçün davamlı olaraq böyük işlər həyata keçirilirdi. Ölkənin müdafiəsini möhkəmlətmək üçün büdcə vəsaitləri artırılırdı. Milyardlarla dollar pul xərclənərək Azərbaycan Ordusu ən müasir döyüş maşınları, texnikaları, tankları, qırıcıları, helikopterləri ilə təmin olundu. Cənab Prezident uzun illər səbrlə dözdü, axırda ermənilərin min oyununa dözmək mümkün olmadı. Yəni sentyabrın 27-dən noyabrın 10-a qədər İkinci Qarabağ savaşı ildırım sürətilə davam etdi.
Bu xalq, bu millət öz müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim birliyimizi heç bir daxili və xarici qüvvələr sarsıda bilmədi. Əksinə, bu yumruq hesabına Cəbrayıl, Füzuli, Hadrut, Qubadlı, Laçın, Zəngilan, Kəlbəgər, Ağdam, Şuşa azad edildi. Bu yumruğun davamı təbii ki, gəlməli idi. Çünki ermənilər 2020-ci ilin noyabrın 10-da imza atdıqları Bəyannamənin şərtlərinə əməl etmirdi. Həmin Bəyannaməyə görə Qarabağdakı erməni hərbi birləşmələri çıxmalı idi. Amma 3 il keçdi, yenə çıxmadılar. Ona görə də Cənab Prezident İlham Əliyevin əmri ilə Qarabağda antiterror əməliyyatı aparıldı, 23 saat 43 dəqiqə ərzində erməni hərbi qüvvələri darmadağın edildi və onlar ağ bayraq qaldırdılar. Bu Dəmir Yumruğun nəticəsində Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, Xocalı və digər yaşayış məntəqələrimiz erməni hərbi birləşmələrindən azad edildi və 2023-ci il noyabrın 8-də Prezident İlham Əliyev Xankəndində möhtəşəm parad qəbul etdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin oldu!
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.