adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Niyə elə demişdi? - Emin Piri yazır

Emin Piri
535 | 2022-05-23 15:10

Bəzən keçmişdən xatirələr boylanır. Ya da hansısa keçmişdən söz insanın qulaqlarında pıçıldanır.

Səbəbini bilməsən də, uzun illər sonra çözməsən də.

Məktəb şəkillərinə baxırdım. Bir hadisə yadıma düşdü. Doqquncu sinifdə oxuyanda mənə aşağı qiymət yazılanda bir qız mənə görə müəllimlə dalaşırdı.

Səbəbini bilmədiyim halda həmişə hər yerdə tərifləyirdi məni.

Həmin zamanlar “Tusi” klubumuz vardı. Mənsə kapitanı idim. Yarışlara gedərdik.

Həmin sinif yoldaşım qızsa getdiyimiz bütün yarışlara azarkeş kimi gələrdi.

Qəzetdə şeirim çıxardı, kimsə almazdı, heç özüm də almazdım. Amma o alardı, hətta gətirib nümayişkərcasına sinifdə oxuyardı. Sırf mən görəndə.

Anlaya bilmirdim, niyə belə edir. Doqquncu sinfin sonunda səbəbi soruşdum ki, niyə belə edir. Bu təriflər, məni müdafiələr, şeirim çıxan qəzeti almaq, yarışlara tək azarkeş kimi getmək, bütün bunlar nə üçündür?

Mənə baxdı və hamının içində dedi;

Emin, bəlkə də böyük adam olassan, amma sən eşşəksən, eşşək də qalacaqsan...

Doqquncu sinfin sonunda sinifdən çıxdı necəsə. Səbəbini yenə bilmədim. Onuncu sinfi yrı sinifdə oxudu.

Şəklə baxdım yadıma düşdü, onun etdikləri və sonda dediyi söz.

Hələ də düşünürəm ki, niyə elə demişdi?

 

Emin Piri

TƏQVİM / ARXİV