Sambo əfsanəsi Əbülfəz Əliyevə həsr olunmuş tədbirdən REPORTAJ
jpg-1740919317.jpg)
SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyevin 76-cı doğum günü münasibətilə tədbir keçirilib.
Adalet.az xəbər verir ki, tədbir Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun təsisçisi və direktoru, beynəlxalq ekstra dərəcəli hakim, Prezident mükafatçısı Mübariz İbrahimov və Ağdamın Bərpası və İnkişafına Dəstək” ictimai birliyin sədri Azər Qasımov təşkilatçılığı ilə baş tutdu. Tədbir Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında əfsanəvi samboçunu tanıyan, onunla təmasda olan, eyni zamanda onun tələbəsi olmuş hər kəs onun işığına yığışdı.
Azərbaycanın himni səsləndi və şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı ADMİU-nun kafedra müdiri, əməkdar artist, professor, Azad Şükürov qonaqları və tədbir iştirakçılarını salamladı. O Ağdam adını dünyada ləyaqətlə təmsil edən mərhum idmançı haqqında danışdıqdan sonra Əbülfəz Əliyevin arxiv görüntülərindən ibarət video-çarx nümayiş olundu.
Sambo ustasının uşaqlıq dostu, şəhid atası Hacı Əkbər Rüstəmov yaxın dostundan ehtiramla söhbət açdı:"Biz uşaqlıqdan yaxın dost olmuşuq. Ə.Əliyev hələ uşaq yaşlarından idmana böyük maraq göstərib. Bilirsiniz, idman elə bir sahədir ki, elə böyük çətinlikləri var ki, gərək bu sahəni sevməkdən əlavə həm də dözümün, mətanətin ola ki, uğur qazana biləsən. Əbülfəz bəy, həm idmanı sevməsi, həm də onun çətinliklərini aşması onun ən böyük və ilk uğuru olur.
Bu uğurdan sonra onu yoluna daha böyük uğurlar açılır. Dözümlü, güclü, güləşin bütün fəndlərini peşəkarcasına yeniyetməlik dövründən mənimsəməsi SSRİ-nin dövründə - 1968-ildə ordu sıralarına çağırılarkən gözdən qaçmır. Belə hazırlıqlı, güclü, eyni zamanda ağıllı bir gənci Moskvada daxili qoşunların tərkibində xidmətə təyin edilir
. Bu o dövrdə hər azərbaycanlıya qismət olan bir şans deyildi. Azərbaycanın adını ordudakı həmyaşıdlarına bu cür tanıdır. Əslində belə ağdamlılarla, eyni zamanda Azərbaycanın adını ləyaqətlə dünyanın hər tərəfində təmsil edən azərbaycanlılarla fəxr etməliyik ”.
Təşkilatçı Mübariz İbrahimov Əbülfəz Əliyev kimi bir idman ustasından, bir təəssübkeş insandan ustad dərsləri aldığı üçün özünü şanslı hesab etdiyini dedi:İdmana yeni başlayarkən mənə ilk məşqi Əbülfəz müəllimin bacısı oğlu Lətif müəllim keçib. Bir gün Lətif müəllim dedi ki, Rusiyaya gedir. Mənə məsləhət etdi ki, sambonu atma, get, Əbülfəz müəllimin yanına, o səninlə məşğul olsun . Getdim. Ciddi məşqlər başladı. Tez bir zamanda respublika səviyyəsində yarışlara çıxdım.Və elə o vaxtdan Əbülfəz müəllimlə birgə ezamiyyətlərdə, SSRİ miqyaslı yarışlara getmişik.
Əbülfəz müəllim yolda gedərkən uşaqlarla onun yeriməyinə baxıb heyran olurduq. Biz də özümüzü ona bənzədirdik. İstəyirdik ki, onun kimi olaq. 1982-ci ildə hərbi xidmət yollandım, 2il sonra Ağdama gələndə gördüm ki, Ağdamda Əbülfəz müəllimin sayəsində sambo üzrə ixtisaslaşdırılmış sambo məktəbi yaradılıb.
Hərbi xidmətdən gələndən 1 həftə sonra məni Ağdamdakı sambo məktəbində işlə təmin etdilər. Məşqçi kimi fəaliyyətə başladım. Həm də bir idmançı kimi rayonumuzu təmsil edirdim.
Respublika çempionatlarında, SSRİ miqyaslı yarışlarda iştirak etdim. Əbülfəz müəllimlə təlim-məşq toplanışlarına, yarışlara qatılırdıq. 12 ayın 9-nu birlikdə keçirirdik. Hətta ailəmdən çox onun yanında olurdum. Əbülfəz müəllim çox dərin düşüncəli, geniş dünyagörüşünə malik insan idi. Emosional, haqsızlığa çox tez reaksiya verən idi”.
Mübariz müəllim vurğuladı ki, Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubu hal-hazırda Əbülfəz Əliyevin adını daşıyır:” İstəyirik ki,Ağdamda Əbülfəz müəllimin adı həm idman məktəbinə, həm də məktəbin yerləşdiyi küçəyə verilsin. Çünki onun əziyyəti danılmazdır”.
Tədbirin ən maraqlı hissəsi məhz elə bu anda baş verdi. Deməli , müstəqilliyimizdən az əvvəl və sonra Azərbaycanın üçrəngli bayrağı o dövrdə çox az idi. O ərəfələrdə Əbülfəz müəllim xarici səfərlərdə, idman yarışlarında olurdu. Həmin yarışlarda bayraqsız qalmamaq üçün özü Ağdam bazarından aldığı 3 rəngli parçanı evinə gətirir, onu həyat yoldaşı Raymonda xanımla birgə səliqə ilə kəsib doğryır, hər tərəfli tikişlərdən sonra parçaları tikişlə bir-birinə yapışdırır.
Ay-ulduzu isə müşəmbədən kəsib düzəldir. Beləcə, əziyyətlə, öz əlinin əməyi ilə tikdiyi bayrağı yarışlarda göylərə qaldırır, yarış bitdikdən sonra səliqə ilə qatlayaraq növbəti görüşlərə saxlayırdı. Əbülfəz müəlimin nəvəsi Hüseyn babasından xatirə kimi qalmış həmin bayrağı tədbirdə Əbülfəz Əliyev adına Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubuna, şəxsən Mübariz İbrahimova təhvil verdi.
Əbülfəz müəllimin tələbəsi Azərbaycan Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov:” Bu sənət dözüm, mətanət tələb edən bir sənətdir. Güləşə qərarlı başladınsa, deməli, qarşıda uğur olacaq. Bunu bizdən əvvəl təcrübə edən Əbülfəz müəllim bizə təlqin edirdi. Əbülfəz müəllim bizə təkcə güləşməyi öyrətmirdi, xarakteri, hərəkəti, danışıq tərzi, insanlara münasibəti ilə vətəni, vətəndaşı sevməyi də öyrədirdi. Məsələn, onun tələbələrinin demək olar ki, hamısı, böyük əksəriyyəti Qarabağ döyüşlərində iştirak edib, düşmənə qarşı vuruşub.
Əbülfəz müəllim bizim üçün tək sambo sənəti öyrətmirdi, kişilik örnəyi sərgiləyirdi. Mübariz bəy doğru vurğuladı. Əbülfəz müəllim məktəb keçirdi bizə! Onun tələbələrinin hər birində onunla bağlı mütləq xoş bir xatirə var, çünki o vaxt, biz uşaq olanda, yeniyetmə olanda ona oxşamağa çalışardıq, onun kimi olmaq istəyirdik. Əbülfəz müəllimi hər gün, hər vaxt ehtiramla anıram, “ruhu şad olsun” deyə xatırlayıram!"
Yeri gəlmişkən, tədbirdə Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Anar Məmmədovun yaratdığı ansambl tədbirdə maraqlı musiqi nömrələri ilə çıxış edirdi. Anar müəllimin "komandası" məlahətli və gözəl səsləri, eyni zamanda tədbirin ruhuna uyğun seçdikləri nəğmələr ilə iştirakçılara xüsusi bir zövq bəxş etdilər.
Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov belə bir tədbirin keçirilməsinin çox ürəyaçan bir hal olduğunu vurğuladı: Artıq Ali Baş Komandan İlham Əliyev cənablarının komandanlığı altında Ağdam və külli Qarabağ işğaldan azad edilib. Erməni vandalizmi, qarı düşmənlərimiz Qarabağın, xüsusən Ağdamın daşını daş üstə qoymayıb. Ağdam həqiqətən də tam bir Xirosima! Buna baxmayaraq, Cənab Prezidentimizin rəhbərliyi altında oralarda yenidən evlər tikilir, infrastruktur qurulur, hər rayonunun özünə uyğun ictimai yerləri bərpa olunur. Tezliklə o xarabaya dönmüş ərazilər güllü-gülüstana çevriləcək, yurdumuz əvvəlkindən də gözəl olacaq.
Təkcə qalır, Ağdamın, Azərbaycanın adını dünyaya tanıdan, sənəti-peşəsi ilə Azərbaycana xidmət edən, azərbaycanlıları dünyada təmsil edən ağdamlıları yeni nəslə tanıtmaq! Xudu Məmmədov, Rafiq Əliyev, Zakir Məmmədov, Ziyəddin Göyüşov, Ədilə Namazova, Kəmalə Sarıcalınskaya və yüzlərlə müxtəlif elm sahələri üzrə profeessorlarımız, Azərbaycan EA-nın həqiqi üzvləri, elmlər doktorlarımız, yazarlarımız, sənətkarlarımız var ki, onlar haqqında il uzunu tədbirlərlə onları ictimaiyyətə xatırlatmaq, gənc ağdamlılara tanıtmaq borcumuzdur. Belə maarifləndirici tədbirlər həddindən çox lazımlıdır".
Sambo üzrə dəfələrlə Avropa və dünya çempionu, cüdo üzrə Pekin Olimpiyadasının mükafatçısı, ( (Azərbaycanda yeganə Dünya Birinciliyin bürünc mükafatçısı Mövlud Mirəliyev də çıxışında tələbəsi olduğu ustadını yada saldıqları, bu tədbiri hazırladıqları üçün təşkilatçılara təşəkkürünü bildirdi:" Əbülfəz müəllim, onu tanıyanların qəlbində , eyni zamanda Azərbaycanın, Qarabağın, Ağdamın idman tarixində əbədi yaşayacaq".
Əbülfəz müəllimin tələbəsi olan SSR idman ustası Nazim Səfərov Azərbaycan idmanının bu vacib şəxsiyyətinin Azərbaycana verdiyi töhvələrdən danışaraq bildirdi ki, Əbülfəz müəllimin tələbələri Azər Həsənov, Mövlud Mirəliyev, Sambo guləşi üzrə yığma komandanın baş məşqçisi, beynəlxalq dərəcəli Əməkdar idman ustası Bəxtiyar Hacıyev, İdman ustası, Əməkdar məşqçi və Beynəlxalq dərəcəli hakim mərhum Fərhad Ocaqverdiyev, Samboçu şəhid Əhliman Ağayevin və onun əkiz qardaşı, sambo üzrə beynəlxalq tutullara sahib Səhliman Ağayev, sambo üzrə 7 dəfə dünya çempionu Ceyhun Məmmədov, usta samboçular Vaqif Bayramov,Yaqub Həsənov, Rafiq Ismaylov və başqaları hər zaman Azərbaycanı ləyaqətlə təmsil edib, müəllimlərini ehtiramla xatırlayıb, hörmətlə yada salıblar:
"Şübhəsiz ki, bir ləyaqətli ustadın zəhmət verdiyi, yetişdirdiyi tələbələr, ləyaqət sahibi olmalıdır və elə də olub".
Tədbirin diğər təşkilatçısı, tanınmış həkim Azər Qasımov bu tədbirin vətənə, xalqa, dövlətə xidmət etmiş ağdamlıların tanıdılmasında bir ilk, bir başlanğıc olduğunu vurğuladı:" Bu başlanğıc tədbirin Əbülfəz Əliyevin tələbələrindən gəlməsinə sevindim. Çünki, Əbülfəz müəllim çox böyük işlər görüb. O şərəflə, vicdanla, peşəkarcasına işləyən və işinə vicdanla yanaşan insan olub və onun kimi şəxsiyyətlər, xalqa daha dərindən, yaxından tanıdılmalı ağdamlılar çoxdu.
Bütün sahələrdəbelə insanlar var. Onları da yad etmək, onlar üçün də xatirə gecələri keçirmək lazımdır. Hər birimiz Azərbaycanın Milli Qəhrəmanı, həkim Muxtar Qasımovu tanıyır. Amma onun həyat yoldaşı Mətanət Abbasovanı çoxu tanımır. Onun vətənə xidməti, I Qarabağ müharibəsində göstərdiyi rəşadət gözlərim qarşısında olub. Təsəvvür edin ki, Mətanət xanım müstəqil Azərbaycanın ilk hərbi tibb üzrə polkovnikidir. Amma bu faktı heç də hamı bilmir. Belə insanları ictimaiyyətə tanıtmaq üçün onlarla görüş keçirmək, onlara həsr edilən tədbir düzənləmək vacibdir".
Zaldakı bütün iştirakçıların tədbirdən məmnun qaldığını isə gurultulu alqışlar göstərirdi. Bir də tez-tez eşidilən:" Allah Əbülfəz müəllimin yerin behişt eləsin!"
Əntiqə Rəşid