adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Mart 2023 16:31
647
MƏDƏNİYYƏT

“O, yüz illərin ilahi payı idi, buna görə kədərlənirəm...”- Xalq artisti

“Çox böyük fərəh və kədər hissiylə deyirəm ki, yüz illərdə bir dəfə Səməndər Rzayev kimi teatr, kino, televiziya mühitinə sənətkar gələ və ya gəlməyə. Bu adam mənim müasirim, tələbə yoldaşım olub, uzun illər bir yerdə çalışmışıq. Ən sonuncu nəfəsini isə mənim çəkdiyim “Şəhərli biçinçilər” filmində alıb. Ramiz Rövşənin ssenarisi əsasında mən və Hüseyn Mehdiyev filmi çəkib”

Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov mərhum aktyor Səməndər Rzayev haqqında danışarkən deyib. Şeyx Əbdül Səməndər Rzayevin xidmətlərinə görə layiqli qiymətini almadığını bildirib:

“Filmi İsmayıllıda çəkirdim, çox ağır günlər idi. Onda həm Səməndər Rzayevin, həm də mənim səhhətimdə problemlər var idi, müalicə olunurduq. Çox çətinliklə filmi çəkib başa çatdırdıq. Səməndər müəllimin qara ciyəri çürümüşdü. Mən müalicə üçün Moskvaya getdim və orda eşitdim ki, Səməndər Rzayev dünyasını dəyişib. Demək Səməndər Rzayevin mövcudluğu, gördüyü işlər əvəzolunmazdır. O, yüz illərin ilahi payı idi. Ona görə kədərlənirəm ki, belə bir adam yaradıcılığının çiçəklənən, dünyaya meydan oxuya biləcək bir vaxt dünyasını dəyişdi. Onun dünyasını dəyişməsinin də səbəbi var idi. O, gənclik vaxtlarında çox ağır avtomobil qəzasına düşmüşdü. Qəzadan sonra ayaqlarında sınıqları var idi. Buna görə ayağındakı ağrılar ona çox əziyyət verirdi. O, ağrılarına görə dərmanlar qəbul edirdi. 

Səməndər Rzayevin “Babamın babası” filmi və “Bulaq” verilişi Azərbaycanın klassik əsərləridir. Bu əsərlər onun yaratdığı şedevrlərdir. O, hər bir sahədə yararlı və möhtəşəm bir aktyor idi. Dublyaj sənəti üçün peşəkar aktyor idi. Dünyanın ən yaxşı filmlərini Azərbaycan dilinə dublyaj edirdi. Bu adam 41 yaşında dünyasını dəyişdi, sonra ailə faciəsi oldu, amma Xalq artisti ola bilmədi. İllərdir ki, üç aktyorumuzun davasını döyürəm. Onlar Ceyhun Mirzəyev,  Fazil Salayev və Səməndər Rzayevdir. Yəni bu mədəniyyətə, kinoya rəhbərlik edənlər heç vaxt bizdən olmayıblar. Ancaq xüsusi sifarişləri, şəxsi maraqlarını icra ediblər. Bəs bu üç nəfər müqəddəs aktyorumuza da mənəviyyat, kino xatirinə dəyər vermək olar axı.  Bunu niyə etmirlər başım çıxmır. Çox sağ olun ki, siz bu gün Səməndər Rzayevi yada salırsınız”. 

Qeyd edək ki,  bu gün aktyor Səməndər Rzayevin vəfatından 37 il ötür. 

Vasif Əlihüseyn