ORTA YOL... - Arzu Əsəd yazır
Orta yol itib.Yazarlarımız, düşünən beyinlərimiz ictimai şüura ya həddən artıq optimist, ya da çox pessimist mesajlar ötürürlər. Əlbəttə, bunun hansısa obyektiv səbəbləri var. Cəmiyyət üzvlərinin hissi-psixoloji durumunu və onun ictimai rəydəki ifadəsini məhz həm də vəziyyəti obyektiv təhlil edən intellekt sahibləri həmin cəmiyyətin idarəçilərinə çatdırmalıdırlar.
Ölkədə bir qrup intellektual kəsimin ziddiyyətləri rasionallaşdırmağa, nöqsanları ört- basdır etməyə çalışdığını hamı görür. Bir qrup isə elə ancaq şikayətlə, ağlamaqla, cəmiyyətə bədbin əhval-ruhiyyə aşılamaqla məşğuldur. Bu iki qrup arasında əsaslı fərq yoxdur. Onları vətən, millət, cəmiyyətin durumu, inkişafı deyil, öz eqolarının, nəfslərının vəsvəsəsi danışdırır. Onlar söz sahibi olmaq səlahiyyətini hansısa malik olduqları mənəvi-idraki səviyyədən deyil, ya iqtidar məmurlarının dəstəyindən, ya da kütlənin rəyindən alırlar?
Məsələnin mənəvi tərəfi bir yana, amma əgər onlar düşunən beyinlərdirlərsə, bu qədər hissi davranmamalıdırlar. Öz subyektiv, depressiv əhval-ruhiyyələrini cəmiyyətə aşılamamalıdırlar. Durumu rasional şəkildə gerçək təhlil edib yaşamaq və mübarizə yollarını göstərməlidirlər.Ya da sadəcə bir müddət öz daxili tarazlıqlarını bərpa edənə qədər susmalıdırlar. Aşırı nikbinlik və bədbinlik özünün poetik ifadəsində - şeirdə, sənətdə məqbul sayıla bilər. Yox, əgər sən bir ziyalı, bir intellektual roluna soyunubsansa, sənin cəmiyyətə reallığın birbaşa təhrifindən doğan bu həddən artıq müsbət və mənfi enerjini ötürməyə haqqın yoxdur. Bu anormal ikilik kəskinləşməkdə olan ictimai şizofreniyanın göstəricisıdir.
Həyat, hansı durumda olursansa ol, ağılla, məntiqlə, tədbirlə, vəziyyətdən çıxış yolları axtarmaqla, fərdi nümunə göstərməklə, mübarizə ilə düzəlir. "Sol məmənin altındakı cəvahiri" - qəlbi qaraldan ziyalının, intellektualın ağlı, intellekti də işıq saçmayacaq, his verəcək. Ona görə də adekvat olaq, bəylər, müəllimlər, bu millətə, bu cəmiyyətə öz hisslərimizin ifadəsi olan aşırı nikbinlik və ya bədbinlik deyil, gerçəkliyin inikasından doğa biləcək mübarizə və inkişaf əzmi, həyat eşqi aşılayaq!
Bizim intellektimiz bizə deməlidir ki, biz bir kəpənəyin qanadının sınması səbəbilə bir planetin dəyişə biləcəyi sirli kainatda yaşayırıq. Qəlbimizdəki, ruhumuzdakı, ağlımızdakı o kəpənək qanadları qədər inçə, zərif həqiqət duyğusunu, ümid və inamı qırılmağa qoymayaq!