adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Yanvar 2022 11:25
895
ƏDƏBİYYAT

Qədiməli ƏHMƏD: KƏNDİMİZİN YOLLARI QAYITMADI SEVİNCLƏ...

Kəndimizin çılpaq yolları

qaldı boylana-boylana,

baxa-baxa,gözləyə-gözləyə...

Yol qırağındakı tut ağacı da yetim kimidi.

Evlərin tutacağı ümiddi bir az...

 

Doxsan ikidə gedən əsgər qayıtmadı.

Doxsan üçdə doğulan ümid

öldü güllə yarasından...

 

Kəndimizin yolları

Qayıtmadı sevinclə....

Səbzə gəlinin həsrəti

donub qaldı gözlərində ...

 

Yollar öyrəncəlidi,gözlər kədərli,

Arzular çilik-çilik dağılıb yollara...

 

 

***

 

O gün Cəbrayıl sonuncu döyüşə yola düşəndə övladları Teymurun iki, Seymurunsa bir yaşı vardı. Sonbeşikləri Səidə hələ doğulmamışdı. Övladlarını bağrına basdı. Səbzə gəlinlə son dəfə vidalaşdı:

-Uşaqlar sənə əmanətdi... Özünə də yaxşı bax, dünyanın işini bilmək olmaz, -dedi...

-Elə demə, -deyib, Səbzə göz yaşlarını ondan gizlətmək istədi, amma mümkün olmadı.

Cəbrayıl bunu hiss etdikcə içində bir hüzn yarandı, lakin büruzə vermədi. İstəmədi ki, Səbzə sarsılsın. Onun göz yaşlarını sildi, sinəsinə sıxaraq ayrıldı. Hərbi döyüş karvanısa gözləyirdi...

 

 

***

 

Cəbrayıl Ağayev həqiqi hərbi xidmətini 1985-ci ildə Əfqanıstanda başa vurmuşdu. İki il də müddətdən artıq xidmət etdi. 1987-ci ildə vətənə döndü. İki il General-leytenant H.C.Rəsulbəyov adına Bakı Rabitə Texnikumunda təhsil aldı. 1988-ci ildə Qərbi Azərbaycan vətəndaşlarımız dədə-baba yurdlarından zorla çıxarıldılar. Bu, Cəbrayılda belə bir fikir formalaşdırdı ki, belə vəziyyət iki respublika arasında gələcəkdə müharibəyə səbəb ola bilər. O zaman vətənimizdə döyüş hazırlıqlı zabitlərin gərəkliyi duyulacaq. O, götür-qoydan sonra Göytəpə batalyonunda işə düzəldi. Fikrində yanılmadı. 1990-cı ildə 20 Yanvar, 1992-ci ildə fevralın 25-26-da Xocalı faciələri baş verdi. Mənfur sovet qoşunları hər iki faciənin törədənləri, aparıcıları, ermənilər isə onların quyruqları oldular.

Cəbrayıl döyüş taktikasını əsgərlərinə öyrədirdi. Hər zaman onlarla əsl dost, sirdaş kimi rəftar edirdi. Lakin nizam-intizamda çox ciddi idi. O, əsgər nizamını, əsgər təmizliyini, sayıqlığı göz bəbəyi kimi qoruyur, onu pozanlara güzəştə getmirdi.

 

***

 

Kəlbəcər və Laçın dağlarında döyüşlər səngimirdi. Döyüş bölgələrindən hər gün ağır xəbərlər, şəhidlər gəlirdi. Demək olar ki, Vətənin sərhəd bölgələrində olan kəndlər yuxusuz gecələr keçirirdi. Torpaqlarımıza göz dikən həyasız düşmən hiyləgər havadarının təhriki və silah-sursat yardımlarıyla kəndlərimizi müntəzəm atəşə tuturdu...

Cəbrayıl Ağayev bir neçə il Əfqanıstanda xidmət etmişdi. Orada döyüş taktikasına yiyələnmiş, hərbin sirlərini öyrənmişdi. Bilirdi ki, qarlı-buzlu yollarda hərəkət etmək çox çətindir. Ancaq çətinlikləri dəf etməliydi. Döyüş dostlarıyla yalnız irəli getmək qərarını qəbul etdi.

92-ci ilin qışı çox sərt gəlmişdi. Dodaq çatladan şaxtalı-küləkli hava irəliləmək üçün əlverişsiz idi. Ancaq öndəki döyüş mövqelərində olan əsgərlərimizə dəstək lazım idi. Səngərlərdə vuruşan əsgərlərin azuqələri də bitmişdi. Lakin hələ də nəzarət, üstünlük bizim tərəfimizdə idi...

Dekabrın axır günləri idi. Göytəpə batalyonun əsgərləri Laçının sərt qayalarında düşmənə qarşı ağır döyüşlər aparırdılar. Gizir Cəbrayıl Ağayev də döyüşçü dostlarının arasında idi. O, təchizat taqımının komandiri vəzifəsini icra edirdi. Qısa müddətdə öndəki döyüşçü dostlarının ərzaq çətinliyini aradan qaldırmalı, tabor komandirinə məlumat verməliydi. Komandanlıq bilirdi ki, Cəbrayıl işinin öhdəsindən ləyaqətlə gələcək. O zaman taborun qərargah rəisi Hikmət Kərimov idi...

 

 

***

 

Cəbhəyə yola düşəndə,

Hicran döymüşdü yolları.

Arxasınca uzanmışdı

Səbzənin uzun qolları...

 

Cəbrayıl döyüşə gedəndə hərbi maşın karvanı gözdən itənə kimi Səbzə gəlin yol başında durub, arxasınca baxdı. Onun uzun qollar havada qalmışdı... Sanki ürəyinə əyan olmuşdu, bu son gedişdi, qayıdışı yoxdur. Ancaq yenə də səbrini basır, özünə ürək–dirək verirdi. Həm Cəbrayılı, həm Teymurla Seymuru, həm də hələ dünyaya gəlməyən körpəsini düşünürdü. Gecə-gündüz gözünə yuxu getmir, gecələrə, gündüzlərə keşik çəkirdi. Hər səsə qapıya çıxır, yol gözləyirdi. Cəbhədən acı xəbərlər gəlir, Cəbrayıdansa xəbər yox idi. Atası Surət kişi, qayınatası Atamalı kişi dəfələrlə Privolni kəndindəki evlərinə gəlib Səbzəni uşaqlarıyla Lerikə evlərinə aparmaq istədilər, razı olmadı. Onun həsrətinin gecə-gündüzü yox idi. Ürəyində çəkirdi hər şeyi Səbzə gəlin.

Bir gecə çox qorxulu yuxu gördü Səbzə gəlin. Yollar əjdaha kimi onun üstünə gəlirdi. Qorxurdu... Birdən Cəbrayılın yola çıxdığını gördü. Əjdaha ağzını açıb Cəbrayıla doğru gəlirdi. Səbzə gəlin Cəbrayıla tərəf qaçdı. Lakin kimsə onu arxaya çəkdi. Səbzə gəlin qışqırdı. Səsinə oyandı. Hər şey yuxuydu...

Həmin gün çox pis olmuşdu Səbzə gəlin. Düşünürdü: -İlahi, özün kömək ol! Bu necə yuxuydu, gördüm? İraq olsun... Darıxmağa başladı... Ancaq ürəyini göz yaşlarıyla ovudurdu Səbzə gəlin...

 

 

***

 

Dava çoxlarını ağlar qoydu. Heç kəsə aman vermədi. Həmin gecə Cəbrayılın qara xəbəri gələndə Privolni kəndi, bəlkə də, yuxuda idi. Təkcə Səbzə gəlin oyaq idi. Gözlərini qapıya dikmişdi. O qorxulu yuxudan sonra cox narahat idi. Ürəyinə nəsə olacağı dammışdı. Eyni açılmırdı. Xəyalları uçub yola qonmuşdu. Küləyin səsi də onu diksindirirdi. Ürəyi yarpaq

kimi əsirdi. Balalarının yatağını yoxladı. Dünyadan xəbərsiz kimi mışıl-mışıl yatırdılar. Əyilib körpə sifətlərinə bir də nəzər yetirdi. Sanki bu iki balanın üzünə yetimlik qonmuşdu. Rəngləri solmuş körpələr isti yataqlarında üzü göylərə yatırdılar...

Küçədən gələn vahiməli səs Səbzə gəlinin dünyasını viran qoydu. Onun gələcək arzularını alt-üst etdi...

 

 

***

 

Cəbrayıldan sonra necə yaşayacaqdı..? Səbzə gəlin yanvarın kəskin soyuğuna dözürdü. Ayrılığın soyuğu isə onun vücudunu üşüdürdü. O elə sanırdı, körpələri də ayrılığı duyur, üşüyürlər. Qolları ilə onların üstünü örtür, qucağına sıxır, əzizinin yadigarlarını canından çox qoruyurdu. Ancaq bilmirdi, ömrü zaman-zaman qısalır, son saatları addım-addım yaxınlaşır...

 

 

İndi Şivlə kənd qəbiristanlığında yanaşı iki məzar var. Başdaşlarından boylanan qoşa şəkillər bir sevginin iki yadigarıdır. Bura yolu düşən hər kəs burda yatanları hörmət və sevgi ilə anır...

 

 

Qədiməli ƏHMƏD

Şair-publisist, AYB-nin üzvü