“Bakı ilə Riqa arasında münasibətlərin geniş regional əməkdaşlıq modelinə çevrilmək perspektivi var”
Son illər Azərbaycanın iqtisadi siyasətində əsas prioritetlərdən biri şaxələndirmədir. Qeyri-neft sektorunun sürətli inkişafı və ÜDM-də payının artması ölkəmizin xarici tərəfdaşlar üçün daha cəlbedici məkana çevrildiyini göstərir. Bu isə Latviya kimi texnologiya, logistika və xidmət sahələrində təcrübəyə malik ölkə üçün yeni imkanlar yaradır. Bakıda keçirilən yüksək səviyyəli görüşlər və biznes-forum bir daha göstərdi ki, Azərbaycan–Latviya münasibətlərinin inkişafı üçün yaxşı perspektivlər mövcuddur. Prezident İlham Əliyev və Latviya dövlət başçısı Edqars Rinkeviç tərəfindən səsləndirilən fikirlər bu əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqət mərkəzindədir. Azərbaycan artıq Avropa üçün etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib. Bu kontekstdə Latviya həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də yaşıl enerji layihələrində iştirak baxımından maraqlı tərəfdaş kimi çıxış edir. 2032-ci ilə qədər bərpaolunan enerji gücünün əhəmiyyətli dərəcədə artırılması planları Avropa şirkətləri, o cümlədən Latviya investorları üçün geniş perspektivlər açır.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin mərkəzində yerləşməsi onu regionun əsas tranzit qovşaqlarından birinə çevirib. Latviyanın isə Şimali və Mərkəzi Avropaya çıxış imkanları bu əməkdaşlığı daha da genişləndirir. Bu mənada Bakı ilə Riqa arasında logistika körpüsünün qurulması Avrasiya məkanında yeni ticarət marşrutlarının formalaşmasına töhfə verə bilər. Cənab Prezidentin də söylədiyi kimi, “Coğrafiya investisiyalarımızla və Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün uzunmüddətli siyasətlə tamamlanır. Bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir. Dost ölkələrlə, birbaşa qonşularımızla və qonşularımızın qonşuları ilə əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik.”
Kənd təsərrüfatı və meşəçilik sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Latviyanın bu sahədəki zəngin təcrübəsi Azərbaycanın regionlarında həyata keçirilən inkişaf layihələri ilə uyğunlaşır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində bu əməkdaşlıq real iqtisadi nəticələr verə bilər.
Bundan əlavə, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri də diqqət çəkir. Hər iki ölkənin bu sahədə artan potensialı birgə istehsal və texnoloji mübadilə üçün zəmin yaradır. Süni intellekt, dron texnologiyaları və innovativ həllər yaxın gələcəkdə əməkdaşlığın yeni istiqamətlərini əhatə edəcək.
Bütün bunların fonunda qarşılıqlı investisiyaların təşviqi əsas prioritet olaraq qalır. Azərbaycanın yaratdığı sabit maliyyə mühiti və Latviyanın Avropa bazarlarına inteqrasiyası bu prosesin daha da sürətlənməsinə imkan yaradır. Eyni zamanda, tərəflərin qarşılıqlı investisiya layihələri üzərində işləməsi münasibətlərin davamlılığını təmin edəcək əsas amillərdən biridir.
Nəticə etibarilə, yaxın illərdə Bakı ilə Riqa arasında tərəfdaşlıq yalnız ikitərəfli deyil, həm də daha geniş regional əməkdaşlıq modelinə çevrilə bilər.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
23 Aprel 2026 12:47
Prezident müraciət ünvanladı
23 Aprel 2026 12:32
Türkiyə nümayəndə heyəti Qarabağda - FOTOLAR
23 Aprel 2026 11:55
“Avropa İttifaqı Ukraynaya yardımları artırır” – Politoloq
23 Aprel 2026 11:44
“İranın raket və dronları yenidən Körfəz ölkələrini hədəf alacaq”
23 Aprel 2026 11:43
Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı
23 Aprel 2026 11:27
“Avropa İlham Əliyevin üstün zəkasına və müdrikliyinə ehtiyac duyur”
23 Aprel 2026 09:31
"Son iyirmi ildə iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub"
22 Aprel 2026 19:54


Bakı -°C

