06 Sentyabr 2023 12:45
3358
MÜSAHİBƏ

Ruslan Dost Əli: “Şuşadan sonra xeyli böyümüşəm” - MÜSAHİBƏ

 

Ümumiyyətlə, insan üçün söz mühim yerdə dayanır. Söz vermək insanın özünün özünə hesabat verməyinə bənzəyir. Düşünürəm ki, müsahibimiz gənc şair Ruslan Dost Əlinin şeirləri də onun özü ilə “haqq- hesabı”dır. ..

-Ruslan qonağı gələndə “yaxşı bir çay dəmlə”yir?...

-Biz ürəyimizi süzüb qonaq qarşısına çıxırıq. Ruhumuz ipək kimidir, süfrəmiz də həmişə açıq...

-Son zamanlar imzan az - az görünür...

-Məncə, son zamanlar hamı az-az görünür. Bəziləri özündə gizlənə-gizlənə, digərləri çoxluqda itə-itə. Mənə birinci rahatdı.

-Yazmaq istəmirsən, yoxsa zamanın yoxdur?

- Siz nə bilirsiz, mən yazmıram?... Amma o gerçəkdi ki, müəyyən bir mərhələdə nə baş verdiyini özün də anlamırsan; doğrudan yazmaq istəmirsən və ya yaza bilmirsən...

-Ruslan hansı misradan yapışıb dünyanın sonunadək getmək olar?

- Mən sona getmək istəmirəm, başlanğıclar təşnəsiyəm. Son vecimə deyil.

-Adamı insanlar yorur, yoxsa həyat?...

-Açığı, mən yorulmağı sevmirəm. Yorulmuşamsa özüm-özümü yormuşam. Günah özümdədi...

-Xatirələri yazmaq asandır?...

- Ən maraqlı süjet Allaha məxsusdur... Bizim xatirələrimiz aysberqin görünən tərəfidir... Kaş bütün pəncərələrdən görünən xatirələri bir adamın qələmində oxuya biləydik... Çətin.

-Ağdamı, Şuşanı görməyən bir gənc torpaqların azad olunmasından sonra o yerlərə şeir yazır... Görmədən, bilmədən, ancaq hiss edərək... Çətin deyil?...

- Mən Təbrizi də, Dərbəndi də, Kərkükü də görməmişəm, gözüyumulu yazaram o küçələrdən. Vətən müqəddəs nəsnədi, orda olmaq, olmamaq heç nəyi dəyişmir. Amma sizə bir sirr açım, Şuşadan sonra xeyli böyümüşəm, xeyli...

-Ömrünün hər künc- bucağında bir misra saxlamaq gözəldir, yoxsa darıxdırıcı?

- Mən bütün şeirlərimi əzbər bilmirəm. Hələ ki darıxmıram...

-Deyirlər 30 ömrün çiçəklənən dövrüdür...

- Böyüdükcə dünyanın balacalaşmağından bir az narahatam. Bilmirəm, açığı, çiçəklənmək budurmu ya yox?... Amma indi daha çox sevirəm insanları. Onları yaxşı tanımağa başlayanda...

Əntiqə Kərimzadə