05 Iyun 2025 11:04
222
ƏDƏBİYYAT

Sabah Gec Ola Bilər

Zaman – insan həyatında bərpa olunmayan tək sərvətdir. Pul, əmlak, hətta bəzi münasibətlər belə zamanla bərpa oluna bilər. Amma zaman, bir dəfə keçdiysə, onu geri qaytarmaq qeyri-mümkündür. Bu həqiqət xüsusilə də gənclər üçün böyük əhəmiyyət daşıyır. Gənclik dövrü – insan ömrünün ən enerjili, ən məhsuldar və gələcək üçün bünövrələrin atıldığı zamandır. Bu dövrü düzgün dəyərləndirmək, yalnız fərdi inkişaf baxımından deyil, bütövlükdə cəmiyyətin gələcəyi baxımından da olduqca vacibdir.

Bugünkü reallıqda, çox təəssüf ki, gənclərin böyük bir qismi vaxtın əsl dəyərini ya çox gec anlayır, ya da ümumiyyətlə dərk etmir. Smartfonlar, sosial şəbəkələr, kompüter oyunları, seriallar və planlaşdırılmamış vaxt sərfiyyatları bir çox gəncin gündəlik həyatını əhatə edir. Təbii ki, istirahət və əyləncə də insan üçün zəruridir, lakin bu, həyatın mərkəzinə çevrildikdə, gənc şəxs öz zamanını əslində necə israf etdiyini hiss etmir. Saatlarla ekran qarşısında oturmaq, məqsədsiz gəzişmələr, sabaha təxirə salınan planlar və gecikdirilən qərarlar – bunlar bir zaman sonra adətə çevrilir və insanı passivliyə sürükləyir.

Əslində, gənclik dövrü – öyrənmək, bacarıqlar qazanmaq, həyat təcrübəsi toplamaq və özünü formalaşdırmaq üçün ən uyğun zamandır. Hər bir gənc bilməlidir ki, zaman onun gələcək uğurlarının açarıdır. Universitetdə keçirilən dərslər, iştirak olunan seminarlar, oxunan kitablar, yazılan layihələr, görülən könüllü işlər – bunların hər biri gələcək həyat yolunda mühüm iz buraxır. Vaxtını düzgün idarə etməyi bacaran gənc, həm fərdi inkişafını təmin edir, həm də cəmiyyət üçün dəyərli bir şəxsə çevrilir.

Vaxtın düzgün istifadəsi üçün ilk növbədə planlı həyat tərzi vacibdir. Məqsədlərin müəyyənləşdirilməsi, günün məhsuldar şəkildə bölünməsi, prioritetlərin düzgün seçilməsi gəncin vaxtını nəzarətdə saxlamasına yardımçı olur. Məsələn, bir gənc gününün müəyyən hissəsini kitab oxumağa, bacarıqlarını artırmağa, dil öyrənməyə və fiziki fəaliyyətə ayırarsa, onun həm intellektual, həm də emosional inkişafı daha balanslı şəkildə gedər. Belə gənc sabahın iş həyatında, ailə quruculuğunda və ictimai proseslərdə daha fəal və uğurlu olur.

Cəmiyyətin inkişafı da bilavasitə gənclərin vaxtdan necə istifadə etdiyinə bağlıdır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə gənclərin vaxt idarəetməsi məktəb illərindən tədris olunur. Bizim də cəmiyyətimizdə bu istiqamətdə maarifləndirmə işləri genişlənməlidir. Məktəblərdə, universitetlərdə “vaxt menecmenti” mövzusunda təlimlər təşkil olunmalı, gənclərə zamanın strateji resurs olduğu aşılanmalıdır. Həmçinin ailə mühiti də bu mövzuda ciddi rol oynayır. Valideynlərin övladlarına nümunə olması, onların vaxtını necə keçirdiklərini izləməsi və düzgün istiqamətləndirməsi də vacibdir.

Unutmaq olmaz ki, müasir dövr texnologiyalar dövrüdür və bu, rəqabəti daha da artırır. Bugünkü gənc sabahın mütəxəssisi, alimi, müəllimi, mühəndisi, jurnalisti və lideridir. Bu rola layiq olmaq üçün zamanını düzgün bölməyi və dəyərləndirməyi bacarmalıdır. Zamanı boş keçirmək – yalnız şəxsi inkişafı ləngitmir, eyni zamanda cəmiyyətin ümumi inkişafına da mənfi təsir göstərir. Bir gənc inkişaf etmədikdə, o, yalnız öz həyatını deyil, ətrafını da passivliyə sürükləmiş olur.

Bəzən gənclər düşünürlər ki, “hələ gəncik, vaxtımız çoxdur, indi istirahət edək, sonra baxarıq.” Lakin bu fikirlər zamanla adətə çevrilir və insan heç zaman “o uyğun vaxtı” tapa bilmir. Çünki uyğun vaxt deyilən anlayış mövcud deyil – uyğun vaxt yaradılır. Gənclik enerjisindən, marağından, potensialından zamanında istifadə etmək lazımdır. Gecikən qərarlar, təxirə salınan məqsədlər, sərf edilməyən fürsətlər bir gün peşmanlıq yarada bilər. Ən acısı isə budur: peşmanlıq zamanı geri qaytarmır.

Hər bir gənc anlamalıdır ki, onun ən qiymətli sərmayəsi – vaxtıdır. Bu sərmayəni necə xərcləyirsə, gələcəkdə o cür qazanc əldə edəcək. Vaxtını bilik, təcrübə və faydalı fəaliyyətlərə sərf edən gənc, gələcəyin uğurlu fərdi olacaq. Vaxtını israf edənlər isə peşmanlığın və fürsətlərin arxasınca baxmaqla kifayətlənəcək.

Gənclik ötəri dövrdür. Amma bu dövrün necə keçməsi, insanın bütün həyatını müəyyən edir. Zaman keçmədən, sən keç! Vaxtın dəyərini indi bil, gələcəkdə minnətdar ol.

Nurcan Babək,

BDU-nun  jurnalistika  fakultəsinin tələbəsi