Emini hələ tələbə olduğu dövrdən tanıyıram. Barəsində onun tələbə dostlarından eşitmişəm. Sonra imzasını mətbuatda görüb bir az da yaxından tanımışam və nəhayət günlərin bir günündə «Ədalət» qəzetində yolumuz kəsişib. Artıq onu evimin, ailəmin yaxını kimi tanıdığımdan görüşlərimiz həmişə maraqlı olubdur. Necə deyərlər, doğmalar kimi, dostlar, həmkar kimi, söz adamı kimi. Bir-birimizə böyük sayqı və diqqət göstərmişik. Onun 44 günlük müharibəmizdəki iştirakı və qalib zabit kimi yenidən sıraya qayıtması mənə özəl bir sevinc bəxş edib. Xüsusi ilə müharibənin gedişi zamanı döyüşdüyü ərazidən mənə telefon açıb «Əmi, Tuğdayam, sizin eviniz kəndin hansı tərəfindədi?» -deməsi məni həm kövrəltmişdi, həm də sevindirmişdi. Çünki kəndimdən, evimdən ilk xəbəri Emin verirdi mənə.
İndi əlimdə bir kitab tutmuşam. Bu Emin Pirinin 2017-ci ildə işıq üzü görən «Sağ qalan varmı?!» şeirlər kitabıdır. İsti bir avtoqraf da yazıb:
- Emin Piridən əmisi Əbülfət Mədətoğluna sevgilərlə. 19.12.19.
Mən bu kitab barəsində bir dəfə fikirlərimi oxucularla bölüşmüşəm. Lakin bugünlərdə Eminin yaradıcılığı ilə bağlı dəyərli ədəbiyyatşünas alimimiz Sərvanə Dağtumasın böyük məqaləsini oxuyandan sonra yenidən «Sağ qalan varmı?!»ya qayıtdım və yenidən oxudum. Gördüm ki, Emin Piri şair kimi çığır-bağır salan, özünü kimlərəsə tanıtmaq istəyən, necə deyərlər, «gündəm» yaradan deyil, yəni o mənim bildiyim qədər sözün təkcə şəklini yox, onun mahiyyətini də bədii fikir kimi oxucu qarşısına çıxarır, şeirlərini oxuyanda ilk anda bir sadə söz düzümü ilə qarşılaşırsan. Düşünürsən ki, burda fərqli nə var ki. Adi sözlərdi. Lakin sözün içərisinə işıq salanda onun qatlarını görürsən və onda anlayırsan ki, bu 3-4 misrada Emin Pirinin özəl duyğuları, özəl yanaşması oxucu gözləyir. Məsələn:
Bir az sərxoşluqdan,
bir az da söhbətin şirinliyindən
qırıldı şərab badəsi
yıxılıb əlimdən.
Baxıb ötürdü
Köks ötürdü
xidmətçi xanım:
«cənab leytenant,
bu da qadın ürəyi deyil ki,
diqqətsizlikdən qırasız!»
Yəqin ki, şeiri siz də oxuyub özünüzü diqqətsizliyin əlindən aldınız və diqqətinizi toplayıb nufuz etdiniz mahiyyətə. Gördünüz baxış bucağını, hiss etdiniz yaşananı. Deməli, bu da mənə görə ,artıq şairin sevgi ilə real həyatın bir müstəvidəki görüntüsünə deyil, alt qatına oxucunu çəkib aparmasıdı. Axı bütün hallarda sınan hər nədirsə, onun fərqli-fərqli yeri, məzmunu, mahiyyəti bəllidir. Onu görməmək, ondan yan keçmək, məncə mümkün deyil.
Söylədiyim fikirlərin gerçək nümunəsini mən «Bıçaq» şeirində də görüb qəbul etmişəm:
Namus adı qoydunuz,
Qeyrətdir dediniz,
Kəsdiniz
Qadın başlarını.
kəsirsiniz, anladıq.
Etməyin!
desək də kəsəcəksiniz.
Heç olmasa kəsməyin
mal bıçağıyla.
şirniyyat bıçağınız yoxmu?!
Zənnimcə, bu şeiri müzakirə etmək gerçək olanı, yəni hər birimizin bu və ya digər formada görüb bildiyimiz reallığı çözmək kimi bir şeydir. Amma Emin Pirinin «Bıçaq» şeirindəki məntiqi o qədər səmimi və həm də düşündürücüdür ki, onu bilən, qəbul edən, anlayan bir kimsə yəqin ki, əlini bıçağa atmaz. Zərif və həm də zəif bir cinsin üstünə bıçaqla getməz. Mən burda özüm üçün bir məqamı da dəqiqləşdirdim. Daha doğrusu, Eminin şeirindən tutub götürdüm. O da kobudluğun sinonimi kimi mal bıçağını görmək, qəbul etməkdir. Çünki o qədər qüsurlu olmalısan ki, əlindəki bıçağın nəyə aid olduğunu, harada istifadə edildiyini görməyəsən, bilməyəsən. Deməli, görüb bilsən onda Eminin dediyi fikirlə razılaşarsan. Və şirniyyat bıçağı ilə bir şirinlik yaradarsan. Bu şirinlik isə anlaşmaqdır, əsəbini idarə etməkdir, qan tökmək deyil!!!
Bizim bir varlıq olaraq inancımız, and yerlərimiz, dualarımız var və həmin inanclar da, dualar da nəsildən-nəsilə ötürülməklə bu gün də yaşayır, sabah da yaşayacaq da. Həmin inanclardan biri də dualarımızdır. Özümüzə, soyumuza, cəmiyyətimizə, millətimizə və sairə. Ünvanlara dualar edirik məqsədli şəkildə, inaclı şəkildə. Həmin dualardan birini də Emin Piri edir. Balaca bir şeirlə bu duanı çatdırır bizə. Oxuyanda mahiyyətinin nə qədər böyük olduğunu görmək, hiss etmək heç də asan olmur. Çünki bu duanın da qatları var. Enməsi, enilməsi, zəruri olan qatları.
Uşaqlıqdan
Tanrı türkü qorusun
dedilər qulağımıza.
Böyüyüb gördüm:
Yox!..
Tanrı türkü qorumaqdan çəkinir,
Türk qoruyur Tanrını!
Ən yaxşısı:
Tanrı Türkü qorusun,
Türk Tanrını!
Duanı oxudunuzmu, Amin dedinizmi? Düşünürəm ki, bu duanı inacla, istəklə oxuyan hər kəs mütləq amin deyəcək. Çünki türkün türkdən başqa dostu yoxdur və bir də dua təkcə Allaha üz tutmaq deyil. Bu dua həm də özümüzü, birliyimizi qorumaq üçündü!. Bunu da Emin Piri şeirə çevirib.
Mən Emin Pirinin «Sağ qalan varmı?!» kitabından üç şeir barəsində fikirlərimi sizinlə bölüşdüm. Və kitabın da adını bir neçə dəfə vurğuladım. İstədim soruşum ki, bizi , indiki məqamda isə gerçək şeiri, gerçək sözü duyan varmı? Varsa da, yoxdursa da oxusun Emin Pirini.