20 Oktyabr 2024 13:16
4794
LAYİHƏ

Şagirdlər arasında sülh mədəniyyəti gücləndirilir

Bakı şəhərinin 53 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İncəsənət Məktəbinin əməkdaşlığı ilə layihə icrasına başlanılıb...

Adalet.az xəbər verir ki, “Təhsil üçün Birlik, Birlik üçün İncəsənət” layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibidir.

Layihə rəhbəri Lalə Qasımova bildirib ki, layihənin məqsədi sülh mədəniyyəti üzrə təlim kursu və incəsənət təşəbbüsləri vasitəsilə şagirdlər arasında sağlam və faydalı münasibətlərin inkişaf etdirilməsidir. Layihənin icra müddəti 6 aydır.

Layihənin icrası şagirdlərin arasında baş verə biləcək münaqişələrin azalmasına, onlar tərəfindən müxtəlifliklərin, eləcə də mədəniyyətlərin qabul olunmasına, tolerant davranışların gücləndirilməsinə xidmət edəcək.

İlkin mərhələdə təşkil edilən təlimlərə 53 nömrəli tam orta məktəbində təhsil alan 24 nəfər 13-15 yaşlı şagirdin iştirakına şərait yaradılacaq. Təlim proqramı “Sülh mədəniyyəti” mövzusunu əhatə etməklə 21 gün davam edəcək. Daha sonra şagirdlər sülh mədəniyyətinin təbliği məqsədilə tamaşa hazırlayacaqlar. Hazırlanan tamaşa digər məktəb şagirdləri arasında nümayiş ediləcək.

Layihədə ibtidai sinif müəllimləri üçün 1 gün vorkşop və sülh mədəniyyətinə dair metodiki material nüsxələrinin çoxaldılması nəzərdə tutulub.