Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 24 illiyi qeyd olunur
![](https://adalet.az/uploads/img/posts/2025/02/13/13jpeg-1739434504.jpeg)
1991-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etməsindən sonra Ermənistanın havadarlarının dəstəyi ilə ərazilərimizin bir hissəsi işğala məruz qaldı. Həmin dövrdə yeni formalaşan Azərbaycan Ordusu qeyri-bərabər döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək ərazilərimizin 80 faizini qoruyub saxlamağa nail oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğuna başlanıldı və torpaqlarımızın bir hissəsi azad edilərək düşmən atəşkəsə məcbur edildi. Ulu Öndərin ilk sərəncamları müharibədə şəhid olanların ailələrinə, yaralananlara və müharibə iştirakçılarına diqqət və qayğının artırılmasına yönəlmişdi.
Müharibə iştirakçıları, şəhid ailələri və qazilər öz hüquqlarını qorumaq üçün müxtəlif cəmiyyətlər, fondlar və ictimai birliklər yaratmağa başladılar. 2001-ci ilin yanvar ayında ölkənin bütün şəhər və rayonlarında keçirilən konfranslar nəticəsində 9 fevral 2001-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis qurultayı baş tutdu. Qurultayda idarə heyəti və nəzarət-təftiş komissiyası seçildi. İdarə heyətinin qərarı ilə polkovnik Mehdiyev Mehdi İmdad oğlu ictimai birliyin sədri seçildi. Onun rəhbərliyi altında təşkilat bu günə qədər 100 minə yaxın imtiyazlı vətəndaşı bir araya gətirmişdir. Hal-hazırda ölkənin 78 şəhər və rayonunda yerli filiallar fəaliyyət göstərir.
İctimai birlik ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətini dəstəkləyir və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın ictimai həyatında fəal iştirak edir. Eyni zamanda, birlik imtiyazlı vətəndaşlar ilə dövlət qurumları arasında vasitəçilik missiyasını həyata keçirir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mütəmadi olaraq vətənpərvərlik tədbirləri təşkil edir, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarını müdafiə edir, onların sosial-iqtisadi və mənəvi problemlərinin həllinə köməklik göstərir. Bundan əlavə, müharibə iştirakçılarının emosional, psixoloji və fiziki reabilitasiyasına yönəlmiş layihələr həyata keçirilir. Bu fəaliyyətlərin nəticəsi olaraq təşkilatın üzvlərinin sayı hər il artmaqdadır.
27 noyabr 2024-cü ildə Ankara şəhərində Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandum ictimai birliyin səlahiyyətli nümayəndəsi, Silahlı Qüvvələr və müharibə veteranı Aris Məmmədov tərəfindən təqdim edilmiş və TADİV-in başkanı, Türkiyə Cümhuriyyəti Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, professor Aygün Attar tərəfindən imzalanmışdır. Qarşıdakı dövrdə Zəfər bayramının 5 illiyi münasibətilə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
14 fevral 2024-cü il tarixində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin dövlət qeydiyyatına alınmasının 24 ili tamam olur. Bu münasibətlə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun idarə heyəti ictimai birliyin bütün üzvlərini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.
Əvəz Səfərov
TADİV-in İşlətmə Müdürü