adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Noyabr 2021 11:38
4195
MÜSAHİBƏ

Sənaye mütəxəssisi: " 1970-93-cüillərin sənaye şəhəri olan Ağdam yaxın zamanda daha  möhtəşəm bir mərkəzə çevriləcək"- MÜSAHİBƏ

Bu gün həmsöhbətim çox maraqlı bir ağdamlıdır. Əminəm söhbətimiz sizin də ürəyinizcə olacaq. 

Adalet.az  Ağdamın 1970- 1993-cü ilərdər senaye şəhərinə çevrilməsi, zavod və fabrik çeşidləri, yüngül. ağır, yeyinti sənayesinin inkişafı ilə bağlı, gələcək üçün yeni tikinti-quruculuq işlərinə dair  maraqlı  müsahibəni sizlərə təqdim edir.


-Akif müəllim, mövzuya keçməzdən əvvəl özünüzü oxucularımıza təqdim edin... 


- Mən 1957-ci ildə Ağdam şəhərində, dünyaya göz açmışam. 1974-cü ildə 1sayl; məktəbi bitirmişəm. Əsgərlik xidmətinə qədər Ağdam Metiz-Furnitur zavodunda (yerli əhali ora “düymə” zavodu da deyirdi) dəzgah ustası işləmişəm. 1975-77-ci ildə Qazaxıstanın Temir- Tau şəhərində hərbi xidmət keçmişəm. Rayonumuza dönəndən sonra Ağdam Dəzgahqayırma zavodunun nəzdində olan 70 saylı məktəbdə peşə təhsili alaraq adıgedən zavodda işə düzəldim. İşlədiyim müddətdə peşəkar mütəxəssis kimi formalaşdığıma görə təhsilimi davam etdirmək qərarına gəldim və 1982-ci ildə sənədlərimi Tula şəhərində yerləşən Texniki İnsututun “Avtomobil və avtomobil təsərrüfatı ” fakültəsinin hazırlıq kursuna verdim. Zavod məni ali təhsilli mütəxəssis olaraq yenidən işə dəvət etdiyi üçün 1988-ci ildə təyinatımı doğma rayonuma aldım. Elə həmin vaxtdan Ağdam Dəzgahqayırma zavodunda işə başladım. Əvvəl texnoloq, istehsalat dispeçer şöbə rəisinin müavin, Ağdam işğal olunana qədər isə xarici əlaqələr şöbəsinin rəisi işləmişəm. Eyni zamanda tədris istehsalat kombinatında, 1 saylı məktəbin (1989-1993-cü il) 9-10-cu siniflərə avtomobil texnologiyasını tədris etmişəm. Ailəliyəm 3 övladım, 6 nəvəm var. 


-Akif müəllim, bayaq söhbət əsnasında dediniz ki, ağdamlıları maşın alverçisi, muğam ifaçısı kimi tanınması sizi çox narahat edir. Hətta qeyd etdiniz ki, dahilərdən biri deyib ki, musiqiyə meyilli xalqın döyüş ruhu nisbətən zəif olar! İctimaiyyətə Ağdamı başqa formatda necə tanıtmaq olar?

 

-Əslində Qarabağ, xüsusən Ağdam Azərbaycan incəsənətinə təkrarsız şəxsiyyətlər bəxş edib. Bəli, bizim camaat başqa musiqiləri deyil, məhz muğamatı sevib, muğam oxuyanları dinləyib. Amma bu o demək deyil ki, ağdamlıların döyüş ruhu nisbətən zəif olub. Bütün respublika bilir ki, Qarabağ müharibəsində ən çox şəhid də , ən çox qazi də məhz Ağdamda olub. Bu o deməkdir ki, ağdamlılar musiqini, incəsənəti sevə bilər , amma ruhunu tam ram etməz. Çünki onun ruhunda qəhrəmanlıq, mərdlik, zəhmətsevərlik, işgüzarlıq, tikib-qurmaq həvəsi musiqiyə olan meyildən çox-çox böyükdür. Yəqin ki. Ümummilli lider Heydər Əliyev Ağdamın işğalı ilə bağlı 1998-ci ildə Milli Məclisdə çıxışını heç kim unutmayıb:” Beş ildir ki, bu əhali ağır şəraitdə yaşayır. Ağdam bu gün əldən getməyib. Ağdam 6 ay bundan əvvəl də boş idi. Amma orada dözüb qalan cəsarətli, qeyrətli adamların hesabına Ağdam bu günə kimi işğal oluna bilməyib. Ağır şərtlər altında yaşayan adamlar böyük hörmətə layiqdirlər. Mən dedim və bir daha təkrar edirəm, Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz və müqəddəs şəhər və rayondur. Mən Bərdə və Ağcabədidə qaçqın düşmüş insanlarla görüşdüm. Onların nə qədər daxili mənəvi zənginliyə malik olduqlarını hiss etdim. Bir daha onların qarşısında baş əyirəm". Bu sözlər Ağdama və ağdamlılara verilən ən böyük dəyərdi. 

 


- Niyə Ağdama “dünyanın ən varl şəhəri” deyilirdi?


 -Dəfələrlə qonaq olduğum bölgələrdə sual verirlər ki, niyə Ağdam Qarabağdakı diğər rayonlardan daha fərqli inkişaf etmiş, daha müasir, daha varlı olub? Deyirdim ki, Ağdam rayonu aqrar rayon olmaqla bərabər. 1970-ci ildən həm də bir sənaye şəhərinə çevrilib. Qarabağın iqtisadi mərkəzi oldu. Ətraf rayonlarda nə çatışmırdısa, onu gəlib Ağdamdan tapmaq-almaq mümkün idi. Buna görə, sovet dönəmində ittifaq miqyasında tanındı. Müqayisə üçün qeyd edim ki, rayonumuzda 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı müəssisəsi, 27 sənaye müəssisəsi, təkcə şəhərdə 17 sənaye, 12 nəqliyyat müəssisəsi var idi. Burada ət kombinatı, xalça fabriki, rayonlararası təchizat idarəsi, dəzgahqayırma zavodu, metiz-furnitur zavodu, rayonlararası traktor təmiri zavodu, taxıl məhsulları kombinatı, yük və nəqliyyat xidməti avtobazaları, 4 nəqliyyata texniki xidmət idarəsi fəaliyyət göstərib. Taxıl məhsulları kombinatı 80 min tonluq elevator, 245 tonluq dəyirman, 245 tonluq çörək zavodu, 640 tonluq yem zavodundan ibarət idi. Ağdamda istehsal olunan məhsullar nəinki Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilib. Burada həmçinin yağ-pendir, konserv, şampan, şərab, barama zavodları, elektrik lampaları istehsalı fabriki də var idi. Rayonun digər ərazilərində isə 2 tikinti materialları kombinatı, 11 şərab zavodu fəaliyyət göstərib. Sovet İttifaqında ən yüksək səviyyəli şərablar sırasında “Ağdam” portveyni olub.Ruslar ona "Azərbaycanın əfsanəvi içki markası” deyirdilər. Ağdam adına olan hər şey yüksək səviyyədə olduğu üçün qazanc da yaxşı olub. Qeyd etmək yerinə düşər ki, rayonun, eləcə də bölgənin iqtisadi inkişafında əhəmiyyətli rol oynamış iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət-xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Bu da insanların həm işlə təminatı, həm ümumilikdə maddi rifahına böyük kömək edirdi. Fürsətdən istifadə edərək burdan Ağdam İcra Hakimiyyəti Aparatının rəhbəri, hörmətli Zülfü Qasımova, Ağdam da yerləşən bütün müəssisələrin adını tərtib edərək ictimaiyyətə çatdırdığı üçün dərin təşəkkürümü bildirirəm.

 

       ( Zavodun məhsullarından bir neçəsi- dəzgahlar) 


 -Maraqlıdır, Ağdamda ağır sənayenin bariz nümunəsi olan Dəzgahqayırma Zavodu hansı təyinata əsasən işləyirdi? 


- Dəzgahqayırma Zavodunda 10 il işləmişəm - 1993-cü ilə qədər. Zavodda 950 nəfər işləyib, gecə və gündüz növbəsində işləyiblər. Ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbər təyin olunduğu dövrdə - 1970-ci ildə təməli qoyulub və bu sahənin inkişafı hər zaman onun nəzarətində olub. Zavodda müxtəlif tipli və təyinatlı dəzgahlar, hava ilə işləyən məngənə-tisk avadanlıqları, xalq tələbatı məhsulları istehsal olunurdu. Nümunə üçün qeyd edim ki, burğu dəzgahı hər ay 60 ədəd, iki növdə məngənə tiski hər ay 3000-3500 sayda istehsal edilirdi. TOZ adlı xüsusi ötürücü qurğusu hazırlanıb Moskvanın S.Orcanakidze adına zavoda göndərilirdi, oradanda xaricə satılırdı. Qeyd edim ki, zavodun ilk direktoru Mamed Niftəliyev, daha sonra isə Sabir Ağayev, Nizami Əliyev, Ramiz Hüseynov və Hüseyn Hüseynov olub.


 -Deyilənə görə, zavodun filialları da olub... 


-Bəli, zavodun iki filialı:biri Papravənd, digəri isə Mahrızlı kəndlərində fəaliyyət göstərib. Məqsəd kənddəki gənclərin işlə təmin olunması və yol qətetmənin, vaxt itkisinin qarşısını almaq idi. Məhsullarımız keçmiş SSRİ-nin 125 – ə qədər şəhərinə, o cümlədən Kuba dövlətinə (kombaynlar üçün bıçaqlar) göndərilirdi. Qeyd etməliyəm ki, zavodun fəaliyyətində Belorusiyanın Baranoviçi və Litvanın Vilnüs şəhəri xüsusi rol oynayıb. Zavodun əsası qoyulandan kadrların hazırlanması işçilər Baranoviç və Vilnüs şəhərindəki zavodlarda 6 aylıq kurs keçərək hazır mütəxəssis kimi zavoda dönürdülər . Onlar geri dönərkən yeni texnika və texnologiyaya baxışı, istehsalat məsuliyyət və mədəniyyətini Ağdam Dəzgahqayırma zavoduna ötürürdülər. Buda öz növbəsində Ağdam sakinlərinin elmi-texnoloji inkişafına səbəb olurdu. Ümumiyyətlə, zavod o qədər geniş təyanata malik idi ki, Baranoviçdən və Vilnüsdən mütəxəssislər mütəmadi olaraq gəlib yeni texnikanı, texnologiyanı zavodda tətbiq edir, işçiləri məlumatlandırırdılar. Ağdam və Baranoviç şəhərləri arasında münasibət o qədər inkişaf etmişdi ki, onlara qardaşlaşmış şəhərlər də demək olardı.Zənnimcə, bu münasibətləri yenidən bərpası strateji əhəmiyyətə kəsb edə bilər və bu şəhərlərin qardaşlıq statusu əhəmiyyətli olardı. 

 

                         (Baranoviç şəhəri)


-Aydındır. Təbii ki, bu sənaye müəssisə ağdamlılara böyük iş, dolanışıq avantajı verirdi. Bəs, ətraf rayonlar bundan nə qazanırdı?


 -Qarabağ ərazisindəki bütün rayonlar bu zavodların imkanlarından əhəmiyyətli dərəcədə bəhrələnirdi. Bildiyiniz kimi bu zavodların sayəsində Ağdamda kiçik özəl müəssisələr formalaşmışdı.Onların istehsal etdiyi məhsullardan ətraf rayonlarda istifadə edə bilirdilər. Misal üçün dəmirçixanaların işi heç bir rayonlarda olan dəmirçixanalarla müqaisə edilə bilməz. Bu dəmirçixanalarda nə istəsəniz hazırlatdıra bilərdiniz. Çünki dəmirçixanaların bütün qəlibləri bu zavodlarda hazırlanırdı. Qaz sobaları, kənd təsərrüfatı avadanlıqları (balta, yaba, bel, kürək, kətmən, dırmıq) dəmirçixanaların inkişafını böyüdürdü. Sonra, avtomobil texnologiyasında qəzada əzilmiş, lazımsız günə düşmüş minik maşınlarının təmiri üçün lazım olan ehtiyat hissələri və tərtibatlar zavodun imkanları çərçivəsində bərpa olurdu. Maşın təmiri və texnologiyasında yeniliklər məhz bu zavodun adı ilə bağlıdır. Ağdamlıların maşına olan diqqəti, biliciliyi, məhəbbəti elə o vaxtdan var. Yadıma düşmüşkən deyim otbiçən qurgular da məhz zavodumuzda düzəlirdi.

 

 

-Hələ 1980-cı illərdə ağdamlıların böyük əksəriyyətinin indi adına “villa” deyilən dəbdəbəli evlərdə yaşaması, qapısında mütləq bir maşını olması, ümumiyyətlə imkanlı olması deyiləndə bir çoxunda fərqli baxış yaradırdı. Amma mən məktəblikən (təxminən 1982-ci il) Gəncədən tanışlarımız gəlmişdi , dedilər ki. toy üçün lazım olan hər şeyi Ağdamdan tapdıq-aldıq. Elə ləvazimatlar var ki, nəinki Gəncədə, heç bir rayonun ticarət mərkəzində satılmır, amma Ağdamda satılırdı.

-Bəzən eşidirik ki, “ağdamlılar hər şeydən pul qazanmağı, dolanışıq qurmağı bacarır” deyirlər. Əlbəttə , bunu ağdamlıların fəaliyyət dairəsini yaxından bilən adamlar söyləyib. Həqiqətən hər kəs Ağdamda özünə və qabliyyətinə uyğun iş tapırdı. Dolanışığın qururdu və kasıb olmurdu. Ağdamda sexlər vardı ki, o sahədə geniş inkişaf etmişdi və oradan da dolanışıq qurmaq mümkün idi. Məsələn, taxta və setka sexləri ... Onlar üçün dəzgahlar, daş karxanalarında daş kəsən dəzgahlar və onların hissələrinin istehsalı məhz bu müəssisələrdə reallaşırdı. Yadınızda olar, Ağdamda dəri gödəkçələrin istehsalı və satışı böyük gəlir mənbəyinə çevrilmişdi. Dəri məmulatlarının tikilməsi üçün “baraban” adlı dəzgahın hazırlanmasından sonra məhsulun geniş çeşiddə istehsalı gücləndi. İşi gücləndirən reduktor və motor hissələrinin alınması bu zavodlar hesabına əldə olunurdu və nəticə olaraq bu məhsullar ittifaqın şəhərlərində də satılırdı. Yeri gəlmişkən, rayonumuzda rayonlararası traktor təmiri zavodu fəaliyyət göstərirdi, onun da müəyyən ehtiyat hissələri üçün zavoda müraciət edirdilər. Ağdamın və digər rayonların abadlaşdırılmasında da bu zavodun böyük xidməti olub. Məsələn, şəhərin girişindən mərkəzinə qədər olan yollarda “gül külçələri ”deyilən dəmirlərdən dekorativ hasarların, abidə fontanların dekorasiya hissələrinin qurulmasında da zavodun məhsulları əsas rol oynayırdı. Dediyim bütün növ məhsullar diğər rayonlarda da istifadə edilirdi. 


-Bayaq tədris istehsalat peşə kursu haqqında da danışdınız... 


-Zavodumuzun təyinatı genişləndikcə, ixtisaslı mütəxəssislərə ehtiyac çoxalırdı. Bu məqsədlə zavodun nəzdində peşəyönümlü məktəb fəaliyyət göstərirdi.. Kəndlərdən, şəhərdən olan gəncləri təkminləşdirici , yeni texnika və texnologiyanı mənimsəyən, yüksək səviyyədə məhsul istehsal edən mütəxəssislərə çevirmək üçün 70 saylı Peşə Məktəbinə daxil olurdular.

-I Qarabağ müharibəsi dönəmlərində deyilirdi ki, Ağdamda - həmin zavodlarda silah da düzəlib. Bu nə qədər doğru idi?

-1992-ci il müharibənin qızğın dönəmləri idi. Ölkə yenicə müstəqilliyə qədəm qoymuşdu deyə böyük imkanları, büdcəsi yox idi. Cəbhədə silah-sursat çatışmırdı . Həmin vaxtlar qrad qurğusunun mərmi buraxan çərçivəsini hazırlamışdıq, bir də iriçaplı zenit pulemyotlarını PDM və tankların üstünə quraşdırmışdıq. Bundan əlavə döyüş zamanı sıradan çıxmış avtomatdan tutmuş tanka qədər bütün hərbi texnikanı təmir edib yenidən orduya təhvil verirdik . 


-İşçilərin sosial vəziyyəti hansı durumda idi?

-Respublikanın heç bir yerində görünməyən məbləğdə 1000-1200 manat arası dəyişimlə maaş alan işçilərimiz vardı. Üstəlik zavodun yardımçı təsərrüfatı vardı ki. işçiləri ən uçuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin edirdi. Evi olmayan işçilər pulsuz evlə təmin olunurdu. Bunun üçün 5 mərtəbəli 3 bina tikilib təmənnasız olaraq onlara bağışlanmışdı. Uzaq rayonların gəncləri də yaradılan şəraitə və yüksək əməkhaqqına görə Ağdama işləməyə axışırdılar. 


-El arasında “Düymə zavodu” kimi tanınan Ağdam Metiz-Furnitur zavodu da fəaliyyəti geniş olan bir müəssisə idi...


 -1970-ci ildə əsası qoyulan Ağdam Metiz-Furnitur zavodu da geniş istehsalat profilli idi. Orta Asiyaya pambıq kirləri üçün məftillərdən hazırlanan məhsullar hazırlanıb göndərilirdi, eyni zamanda çoxprofilli mismarlar, çamadanların metal detalları və s. istehsal edib. İşçilərin 50 faizindən çoxunu qadınlar təşkil edirdiki. Bu rayonlarla müqaisədə yüksək göstəricidir.Qeyd edək ki, çoxprofilli mismarların istehsalı Ağdamda tikinti və məişət xarakterli sahələrdə əhəmiyyətli rol oynayırdı . 


-Müzəffər ordumuzun qələbəsi nəticəsində Ağdam rayonu da öz azadlığına qovuşdu. Təbii ki, müəyyən bir müddətdən sonra bütün köçkünlər yurdlanırna yerləşdiriləcək. Siz necə düşünürsünüz ağdamlılar yenə əvvəlki imicini formalaşdıra biləcəkmi? 


-Bilirsiniz, yaxşı yaşamaq, rifah halını yüksəltək üçün iş və məşğulluq mərkəzləri əhaliyə tikilən qəsəbə və evlərdən çox əvvəl inşa edilməlidir. Yadınızdadırsa, hörmətli Prezidentimiz İlham Əliyev mayın 28-də Ağdama səfər etdi. Sevindirici haldır ki, obyektlərin, o cümlədən Sənaye Parkının təməlini qoydu. Mətbuatdan məlumdur ki, 200 hektara yaxın ərazini əhatə edən Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Mütəxəssislər də düşünür ki, Ağdamda sənaye parkının yaradılması geostrateji baxımdan əhəmiyyət daşıyır. Buradakı qida sektoru, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, inşaat materiallarının istehsalı nəzərdə tutulur. Bu isə makroiqtisadi göstəricidə qeyri-neft sektorunun çəkisinə xüsusi təsir edəcək. Burada nəqliyyat dəhlizləri yaradılacaq. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisinə başlanıb. Yevlax qovşağı ilə birləşmə həm də Bakı-Tbilisi-Qars ixrac dəhlizinə qoşulma deməkdir. Regionda istehsal olunan məhsulların həm Azərbaycanın müxtəlif bölgələrinə daşınması, həm də ixrac potensiallı istiqamətdə hərəkətə gətirmək mümkün olacaq. Sənaye parkında tək istehsal müəssisələri deyil, həm də xidmət sahələri və soyuducu kameraları yaradılacaq. Fermerlərin istehsal etdikləri məhsulların saxlanılması və emalı təmin olunacaq. Bu isə əhalinin geri qayıtması prosesini təmin edəcək. Hesab edirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti və planlaşdırması nəticəsində yurdunu sevən hər bir ağdamlı yurduna dönəcək. Ağdamı əvvəlkindən də artıq inkişafına təkan verəcəklər. İnsan amili inkişafda əsas meyardı. İşi, məşğulluğu olan insan isə qazanacaq, imkanlı şəxsə çevriləcək və nəhayət yaradıb quracaq, inkişafa öz töhfəsini verəcək. 


-Akif müəllim maraqlı müsahibəyə görə təşəkkür edirik. 


 Söhbətləşdi Əntiqə Rəşid