10 Mart 2025 11:34
242
MƏDƏNİYYƏT

Şərqin ilk balerinasının taleyi: Övlad olmadı, məşhur ərindən boşandı... 

Bu gün Azərbaycanın və Şərqin ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ Xalq Artisti Qəmər Almaszadənin doğulduğu gündən 110 il ötür.

Adalet.az  xəbər verir ki, Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünya şöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadə Bakıda 1915-ci ildə dünyaya göz açıb.  Şahidlərin dediklərinə  görə, balaca Qəmər ilk dəfə 6 yaşında özəl studiyada (sonralar – Opera Teatrının nəzdində məktəb, indiki Bakı Xoreoqrafiya Məktəbi) baletlə məşğul olub.

Bir gün qonşusu Şura adlı qız ona rəqsə getdiyini, orada balet öyrəndiyini deyir. Həmin vaxt məşğələlərin qiyməti 7 rubl imiş, Qəmər xanımın isə 6 rublu varmış. O, pedaqoqun yanına gəlib və deyib ki, mənim pulum bu qədərdir. Müəllim isə çox təccüblənir ki, azərbaycanlı, müsəlman qız balet öyrənmək istəyir. Müəllim balaca müsəlman qızcığazının bu cəsarətli addımına heyrətlənərək «buyur, 6 rubla dərsə gələ bilərsən» deyib.
Həmin gün balaca Qəmərin ağlına da gəlməzdi ki, tək Azərbaycanda yox, Şərqdə bir ilkə imza atır. 

 Xüsusi olaraq vurğulamaq lazımdır ki, o dövr elə bir dövr idi ki, səhnəyə çıxan qız və qadınlar ya küçədə öldürülür, ya da öz doğmaları tərəfindən evdən qovulurdu. Artist sənətini ən aşağı iş hesab edən o dövrün böyük əksəriyyətinin qınağı qızları səhnədən uzaq salırdı.

Xatırlayırsınız ki, dahi Üzeyir Hacıbəylinin " Leyli və Məcnun" əsərini səhnəyə qoyarkən qadın obrazlarını da kişi aktyorlar canlandırırdı. Belə bir dövrdə bir qız valideynlərinə bu sahəni  seçəcəyini deməsi, bu sahəni öz gələcəyi hesab etməsi əslində bir inqilab, bir dönüş mərhələsi idi. Təbii ki, gənc Qəmərin ailəsində onun istəklərinə qarşı çıxan olmadı. Ailəsindən tam dəstək aldıqdan sonra bəzi "geridəqalmış" , hələ də çadra təfəkkürlü insanların qınağını  önəmsəmədi.

Beləliklə, Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının nəzdində fəaliyyət göstərən balet studiyasını bitirir və 1930-cu ildə həmin teatrda işə başlayır.

 Əslində qardaşı  Ənvər Almaszadə də incəsənət sahəsini seçdikdən  sonra Qəmərin sənət yolları xeyli hamarlaşır. 

Daha dəqiq, teatr rəssamı Ənvər Almaszadə 1937-ci ildən rəssam kimi fəaliyyət göstərir. AOBT-da Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasına və "Leyli və Məсnun" operasına tərtibat verir, geyim eskizləri hazırlayır. 

 İlk balerinamız səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxır və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (Sankt-Peterburq şəhəri) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənir. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağladı.

Özünü, həyatının mənasını bu teatrda görən Qəmər xanım  gələcək həyat yoldaşı ilə də burada qarşılaşır. Bu şəxs isə   xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olan, Azərbaycanda ilk baletin müəllifi Əfrasiyab Bədəlbəyli idi. O həmin Bədəlbəyli idi ki,  33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib.

 1931-ci ildə iki böyük sənətkar ailə həyat qurur.

1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını edən Şərqin ilk balerinası sənət cameasının ən çox söhbəti gedən sənətkarlarından olur. Çünki, həmin dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilir.Bu gənc Qəmərə qol-qanad verir.  Mənbələr bildirir ki, mütəxəssislər Gülyanaq surətini bəyənir və onun  rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsini  coşqun heyranlıqla qarşılayır.

Amma həyat yavaş-yavaş bu uğurlu xanıma acı üzünü göstərməyə başlayır. Cütlüyün  övladları olmadığından "Qız qalası" baletindən az sonra evlilik boşanma ilə nəticələnir. Qəmər xanım bu dəfə yenə də sənətinə sarılır.

 
“Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olur. Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.

O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb.

Mütəxəssislər bildirir ki, balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib.

Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib.

Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub. Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Akademiyasında milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib.

Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil edib. O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməyib.

Qəmər Almaszadə 2006-cı il aprelin 7-də  -91 yaşında dünyasını dəyişir.

O yaratdığı obrazlarla və  Azərbaycan Mədəniyyəti və İncəsənətində  qoyduğu bir  "İLK " izlə əbədi yaddaşlara köçdü.

Əntiqə Rəşid