ŞUŞADAKI HƏBSXANANI XAN QIZININ TİKDİRDİYİNİ BİLİRDİNİZMİ?! - Aqil ABBAS yazır

AQİL ABBAS
1632 | 2024-06-06 09:00

(I məqalə)

(II məqalə)

Bu Tar fabrikinin yanında, ordankı Şuşa gözəl görünür, Bəxtiyar müəllimin  maşını dayandı. Təbii ki, biz də dayandıq. Bəxtiyar müəllim, Oktay Akbal və xanımı maşından yendilər…

Və gözlənilmədən Oktay Akbal otların üzərində uzanıb sürünməyə, torpağı öpməyə başladı. Bəxtiyar müəllimin gücü çatmadı onu yerdən qaldırmağa. Şahmar Əkbərzadə yüyürüb qonağı qucaqlayıb qaldırdı. 

Bəxtiyar müəllim soruşdu:

- Oktay bəy, nə olub?

- Mən Pənah xanın nəslindənəm. Hamıdan gizlədirdim ki, birdən məni Şuşaya buraxmazlar. Uşaqlıqdan and içmişdim ki, Şuşanı görəndə dizin-dizin sürünəcəm. 

Əynində ağ kostyum vardı, ot onu gömgöy göyərtmişdi. 

Sonra Şuşanın birinci katibi Əhəd Kərimov ona təzə kostyum bağışlasa da kostyumunu dəyişmədi. 

- Bu takım əlbisəylə əynimdə Türkiyəyə qayıdacam, sonra onu evin ən görkəmli yerindən asacam.  Çünki onda Şuşa torpağının, otunun ətri var. Müsafirlərimə də lovğa-lovğa deyəcəm ki, mən getdim babamın tikdiyi şəhəri gördüm. 

Mən bunu dəfələrlə  yazmışam, dəfələrlə də xanımıma danışmışam. O da xətrimə dəyməmək üçün  qulaq asır. 

Ərimgəldiyə az qalmış yolun kənarında bir çayxana var, maşını orda saxlayıram. 

Qacar Tiflisi  yandırıb yenidən Şuşaya qayıdanda, bax, bu yerdə  atını saxlayıb və Qalaya  xəbər göndərib ki:

- Ya qapıları açın, ya da sizi Tiflisin  gününə salaram. 

Sonra qapılar açılır, Şuşanın axundu  ağsaqqallarla birlikdə gəlib Qacarın hüzuruna, diz çöküb Şahənşahın atının ayağından öpüb  və Qalanın  açarlarını  təqdim edir. 

Xanımım deyinir:

- Bunu Batmanqılıncda yazmısan, oxumuşam da. 

-  Bunu məndən əvvəl  Yusif Vəzir Çəmənzəminli yazıb. Qarabağnamələrdə  də var.

Həmin yerdən ilk gözə dəyən Şuşa həbsxanasıdı. Yəqin çoxları bilmir ki, bu həbsxananı Xan qızı Natəvan tikdirib. Xan qızının  qardaşı cinayət  törətdiyinə görə həbs olunmuşdu, Sibirə göndərmək istəyirdilər, Xan qızı da Çara müraciət edir ki, icazə ver Qalada bir həbsxana tikim, qardaşım  cəzasını  orda  çəksin. Çar da Xan qızının  xətrinə dəymir. Təbii ki, həmin həbsxana indiki  müasir həbsxanalardan fərqlənirdi. Zindan formasında tikilmişdi. 15 nömrəli kamerada da Xan qızının qardaşı yatmışdı. Bu kameraya burjuy kamerası  deyirdilər. «Dolu» romanında bu barədə yazmışam. Bu kamerada yatanlar sonra lovğa-lovğa danışırdılar:

- Sən mənlə söhbət eləyə bilməzsən, mən on beş nömrəli kamerada  yatmışam. 

Nodar Dumbadzenin «Ağ bayraqlar» əsərində belə bir yer var. Yazır ki, Metex qalası (həbsxanası) Çar hökuməti  vaxtı tikilmişdi. Sonra sovetlər hakimiyyətə  gələndə bu həbsxanaya bir qədər əl gəzdirib adı və funksiyasını  saxlamaqla verdilər zəhmətkeşlərin  daimi  istifadəsinə. 

İndi sovetlər gələndən sonra Şuşa həbsxanasına da bir az əl  gəzdirib adı və funksiyasını  saxlamaqla vermişdilər  zəhmətkeşlərin  daimi  istifadəsinə. 

Yekə-yekə  danışmaq olmasın, mənim Dəvəçi adlı (əsl adı Hafiz idi, amma Qarabağda hamı onu Dəvəçi  çağırırdı) özündən razı bir dayım vardı. O da gəbəli-xəlili həmin kamerada  yatmışdı. Əsgərlikdən imtina etdiyinə görə tutmuşdular. 

Xanımım:

- Dayın Sovet ordusuna xidmət eləməyə etiraz etməmişdi ey, qorxusundan əsgərliyə getməmişdi.

Və əslində dediyi həqiqət idi. 

1992-ci ilin mayından sonra bu həbsxanada ermənilər bizim əsirləri saxlayırdılar. Bu həbsxananın divarları bizim əsirlərə  verilən işgəncələrin şahididi. Dilləri olsa nələr danışardı, onu bir Allah bilir. 

Yəqin ki Şuşa   bir mədəniyyət mərkəzi olduğuna görə daha burda həbsxana fəaliyyət göstərməz. Amma həmin həbsxananı təmir edib İşgəncələr muzeyinə çevirə  bilərlər. Gələn turistlər də görər ki, ermənilər burda azərbaycanlı əsirlərin başına nə oyun  açıblar, necə işgəncələr veriblər. 
Nəhayət, polislər portalda  adımızı  yoxlayandan sonra bizi buraxırlar şəhərə, Gəncə qapısından giririk. Gözümün qabağına Şuşanın girişindəki çayxananın üstünə çıxıb şəkil çəkdirən  ermənilər gəlir. İndi həmin çayxana  yoxdu, söküblər.

Gəlirik «Şuşa» otelinə. Otelin əməkdaşları məni tanıyır. 

Deyirlər:

- Aqil müəllim, siz Qarabağ komandasıyla da gəlmişdiniz 

Resepşndə işləyən xanım qız nəzakətlə soruşur:

- Müəllim, keçən dəfəki  otağınızı verim?

- Fərq etməz.

Ağdamdan Şuşaya yarım saatlıq yol olsa da biz bu yolu iki saata gəlmişik. Gəzə-gəzə gəlmişik, vaxtımızın  çoxunu da Xankəndidə  keçirmişik. 

Bir saat istirahət edəndən sonra düşürük  şəhəri gəzməyə. 

Şuşaya ilk köçənlərdən, evinin açarlarını da Möhtərəm Prezidentdən alan Kərim Kərimliyə zəng edirəm.  Təbii ki, birinci təbrik edirəm, «sağ əlin bizim başımıza» deyirəm, sonra da:

- Kərim, biz düşdük Qoçətdə bir tikə çörək yeməyə, gəl ora. 

Gəlirik «Qoçət»ə. Hava yaxşı olmasına baxmayaraq, bayıra qulluq  eləmirlər, deyirlər ki, keçin içəri.

Keçib  bir stolun  arxasında otururuq. Gözləyirik, yaxınlaşan  yoxdur. Ofisiantı çağırmaqdan yorulmuşam:

- Ay qardaş, bir bəri bax. 

Ofisiantın vecinə də deyil. Öz-özünə gileylənir:

- Mən neyləyim, tək qalmışam. 

Yadıma  köhnə bir  rus  anekdotu  düşür. Bir rus bir yaponla Moskvada oturur restoranda, nə qədər  gözləyirlər «Qoçət»də olduğu kimi, ofisiant  yaxınlaşmır. Yapon cibindən  kibrit  qutusu  çıxarır və bir kibriti yandırıb  tutur əlində, kibrit yanıb qurtarır, amma ofisiant gəlmir. 

Yapon:

- İkinci kibriti də yandıracam ha. 

Rus:

- Yandır da, nə olacaq?

- Əgər  ikinci kibrit yanıb qurtaranacan  ofisiant gəlməsə onu işdən çıxaracaqlar.

Rus gülüb deyir:

- O, Yaponiyadadı. İstəyirsən bütün  qutunu yandır, heç kim onu işdən çıxarmayacaq.

«Qoçət» əsl Avropa  restoranıdı, Avropada da  yarım saatdan çox ofisiant gözləyirsən.

Nəhayət, ofisiant menyünü gətirir. Menyüda ağız dadımıza uyğun  nə isə  axtarırıq. Hansını soruşuruqsa, ofisiant deyir, o  yoxdur. Yaxud da deyir ki, hələ hazırlanmayıb. 

- Bəs, nəyiniz var?

- Hazır şalanpurumuz var, bir də  kabablar.

Bu vaxt Kərim gəlib çıxır. 

- Kərim, deyirlər burda şuşalıların öz kafesi var, bizi apar ora, bir Qarabağ yeməyi yeyək.

- Var idi, kiminsə mülkündə yerləşmişdilər, mülk sahibləri şikayət etdilər çıxartdılar. İndi deyəsən, şəhərin aşağısında, hardasa bir yer götürüb işlədirlər.  Qoy zəng edib  yerini  öyrənim gedək.

Yerini öyrənir, dururuq.  Çıxanda istəyirəm «Qoçət»i işlədənlərə  «Məşədi İbad» kinosundakı kimi  deyəm ki,  mənim min manatlıq papağım burda  qalsa, onun dalınca bura  gəlmərəm.  Demirəm, sadəcə istehza ilə süzüb  çıxıram.

Şəhərin ucqar bir yerində axtarıb şuşalıların  kafesini tapırıq. Bizi çox hörmətlə  qarşılayırlar, xeyli də  adam var. Bayırda stol azdı, dörd nəfər gənc tez ayağa qalxır ki:

- Buyurun, oturun. Biz çayı ayaq üstə də içərik. 

  Dərhal bir çay verirlər və soruşurlar ki, nə hazırlayaq?

- Əsl Qarabağ çığırtması.

Mənzərəli bir yerdi. İki göz istəyir tamaşa eləsin, hava da xoş. 

Duranda hesabı almaq istəmirdilər, tək mənə görə yox, elə Kərim müəllimə görə də.  Az qala əlbəyaxa olub hesabı ödəyirik. 

Qorxuram mənim bu yazımdan sonra «Qoçət»in sahibləri şuşalıların kafesini bağlada. 

Xanımım:

- Kərim, burda bir məktəb direktoru vardı  Arsen Xaçaturyan, biz atamla  onun  qonağı olmuşduq.  O evi mənə göstərə bilərsən?

Kərim:

- Əvvəl çıxaq  Cıdır düzünə, sonra  tapıb göstərərəm… 

Qalanı da qalsın sabaha. 

Xanımımın «Yol» romanı var. Mən Laçın səfərini  onun kimi yaza bilməsəm də, amma təxminən  povest  kimi yazacam. Əgər oxucular istəsə. 

(Ardı var)

 

TƏQVİM / ARXİV