10 Sentyabr 2024 11:39
1186
ƏDƏBİYYAT

Şəhid qızı - Tərlanə Yaqubqızından HEKAYƏ

 Əzizə mərmər pillələri az qala birnəfəsə qalxdı. Sürahinin yuxarı tərəfində dayanıb bayaqdan onun yolunu gözləyən Şərqiyyə xanımla salamlaşıb birbaşa mətləbə keçdi:

- İşdən çıxıram.

Şərqiyyə xanım qəfil xəbərdən donub qaldı. Yeddi ilə yaxın müddətdə onunla bir müəssisədə çalışan gənc həmkarından bu sözləri eşitmək ona çox ağır gəldi. Şərqiyyə xanımın qızı yox idi, iki oğul anası idi. Əzizə onların şöbəsinə ilk dəfə gələndə bu qızı elə sevmişdi ki... Ürəyindən hətta "kaş belə bir qızım olaydı" arzusu da keçmişdi. Əsmər bənizli, yaşıl gözlü, mütənasib boy- buxunlu Əzizə həm də səmimiyyəti, ədəb- ərkanı ilə qısa müddətdə hamının rəğbətini qazanmışdı. Elə bil dünən idi. "Bu yeddi il nə tez keçdi"-deyə, qadın ürəyində təəssüf hissi keçirdi. 

- Hara gedirsən? Niyə gedirsən, qızım?

Əzizənin  cavabı gecikmədi:

- Başqa yerdə iş tapmışam. Məvacibi də yüksəkdir.

- Axı hara gedirsən?

- Şərqiyyə xanım, inciməyin, rəsmi təsdiq olunmayana qədər deyə bilmərəm.

Qadın bir qədər tutulsa da, Əzizənin fikrinə hörmətlə yanaşdı.

- Əlbəttə, ixtiyar sahibi sənsən, zümrüdgözlüm. Əgər sirr kimi saxlamaq istəyirsənsə, heç sonra da demə. Məsləhət sənindir.

Əzizə kadrlar şöbəsindən əmək kitabçasını götürdükdən sonra da ikinci mərtəbəyə qalxıb Şərqiyyə xanımla vidalaşmağa gəldi. Qadın özünü ağlamaqdan güclə saxlayırdı.Hiss edirdi ki, Əzizə də əməlli- başlı kövrəlib, amma biruzə vermək istəmir. 

Qız hamı ilə sağollaşıb getdikdən sonra bayaqdan ağzına su alıb susan işçilərin arasına pıçhapıç düşdü. Ancaq  Şərqiyyə xanım  bu cümlələri aydın eşitdi:

- Qızda üzə bax da. Qırmızı- qırmızı deyir ki, işdən çıxıram. Getdiyi yeri də demir. Yəqin çox yaxşı işdir. Yüz faiz daydayı var imiş.

Əzizənin lap əvvəldən paxıllığını çəkən digər əməkdaş guya özlüyündə amiranə tərzdə söhbətə yekun vurdu:

- Əşşi, demir deməsin. Gələn gündən bizə fors atır. Böyük adamın qızıdır, guya bilmirik? Belə də ki, hara gedir- getsin, gözümüz aydın.

Şərqiyyə xanım onlara məzəmmətlə baxıb fikirli halda otaqdan çıxdı. Əzizə ilə onun arasında az qala iyirmi yaş fərq vardı. Amma buna baxmayaraq, həmişə söhbətləri tuturdu. Şöbənin Əzizə ilə az qala yaşıd olan işçilərindən bəziləri isə qızın nə gözəlliyini, nə də savadını həzm edə bilmirdilər. Şərqiyyə xanım bütün bunları onsuz da hiss edirdi. Amma Əzizənin gedişi onun paxıllığını çəkən bəzi qızların iç üzünü sanki lap ortaya çıxarmışdı. Şərqiyyə xanım bir qədər pərt olmuşdu. Elə bilirdi ki, bu qızlar ürəyində ona gülüb rişxənd də edirlər. "Hə, nə oldu, aranızdan su da keçmirdi, ana- bala idiniz, amma getdiyi yeri sizə də demədi, halbuki siz onu övladınız kimi sevirdiniz!"

" Lənət şeytana! Təki Əzizəmin işləri yaxşı getsin, təzə iş yerini bilməsəm də olar." Şərqiyyə xanım bütün günü fikirli oldu, dağı arana, aranı dağa qatdı.

Əzizənin gedişindən artıq bir aydan çox keçmişdi.  Bu müddət ərzində Şərqiyyə xanım nə qədər çalışsa da Əzizənin yoxluğu ilə barışa bilmirdi. 

Günlərin birində Şərqiyyə xanımın intizarına son qoyuldu. Sonbeşiyi İlqar bu il orta məktəbi bitirib tələbə adı qazanmışdı. İlqar ali məktəb seçimində Qarabağ universitetini qeyd etmiş və öz arzusuna çatmışdı. Dərs ilinin ilk günü başa çatdıqdan sonra o, ailəsinə müəllim və tələbə yoldaşları ilə çəkdirdiyi  fotonu göndərdi.Şərqiyyə xanım tələbələrin arasında dayanıb gülümsünərək şəkil çəkdirən Əzizəni görəndə sevincdən uçmağa qanadı olmadı. Bu, o idi, onun zümrüdgölü əziz Əzizəsi! Dünənə qədər oğlunun Qarabağ universitetini seçməsini özünə dərd edən ananın vicdanı sızladı:

- Mən şoğərib minanın qorxusundan uşağın orda oxumasına razı deyildim. Amma mənim Əzizəm könüllü olaraq Qarabağa işləməyə gedib. Halal olsun sənə, qızım!

Telefonu götürüb həyəcanla Əzizəyə zəng etdi:

- Salam, qızım, necəsən, haralardasan?

Əzizə Şərqiyyə xanımın sualına sualla cavab verdi:

- Salam, Şərqiyyə xanım, siz necəsiniz?

- Sənsiz bağrım çatlayır. İndi sənə bir şəkil göndərəcəyəm.

Əzizə ona göndərilmiş şəkli görəndə təəccübləndi. Şəkil cəmi bir neçə saat əvvəl ilk dərs günündə çəkilmişdi. Qız  fikirləşdi ki, yəqin tələbələrdən kimsə dinc dayanmaylb, şəkli sosial şəbəkələrdə paylaşıb.

Şərqiyyə xanım Əzizəni intizarda qoymaq istəmədi:

- Şəkildə sənin sol tərəfində dayanan ucaboylu  oğlan mənim sonbeşiyim İlqardır. Çox xoşbəxtəm ki, oğluma dərs deyəcəksən.

Əzizə doluxsundu:

- Mən də xoşbəxtəm, Şərqiyyə xanım. Xoşbəxtəm ki, buraya işləməyə gəlmişəm.

Şərqiyyə xanım qızı ərklə danlamağa başladı:

- Burada nəsə dövlət sirri var idi ki, Qarabağa getməyini hamıdan gizlədirdin?

Əzizə Şərqiyyə xanıma haqq qazandırdı:

- Haqlısınız, əziz Şərqiyyə xanım. Amma bəzi ağzıgöyçəklərə görə susdum.Hər şözü, hər hərəkəti lağlağı ilə qarşılayan, ağzını açıb bir söz deyəndə kənardakılara göz-qaş işarəsi verən meşşan xasiyyətli, özünübəyənmiş tiplərə görə heç kəsə heç nə deyə bilmədim. Hətta əyin- başımı süzənlər də bilmirdilər ki, geyindiyim paltarları anam öz əli ilə tikir, brend dükanlardan almıram. Amma mən sizi anam kimi sevmişəm. Elə bugün özüm sizə zəng edib yeni işim barədə məlumat verəcəkdim.

- Qızım, sən ora tək getmisən?

- Yox, anamla birlikdə getmişik.

- Bəs atan?

Araya ağır bir sükut çökdü.

- Mən ora atamın yarımçıq qalmış arzularını həyata keçirmək üçün getdim. Atam müəllim kimi təyinat alıb Qarabağa gedəndən az sonra müharibə başladı.O, işləmək üçün gəldiyi torpaqda qəhrəmancasına şəhid oldu. Atam mənim üzümü heç görməyib, mən də onu ancaq şəkillərdən tanımışam. 

- Axı bildiyim qədər siz bakılısınız?

- Şərqiyyə xanım, məgər bunun məsələyə bir aidiyyəti var? Müharibədə həlak olan şəhidlərimizin  hamısı məgər qarabağlı idilər? 

- Haqlısan, qızım, amma indiyənə qədər sənin şəhid qızı olduğunu bilməmişdim.

- Şərqiyyə xanım, mən şəhid qızı olduğum üçün başımı həmişə dik tutmuşam. Heç vaxt ağlayıb sızlamamışam. Şəhid atamın adından istifadə etməmişəm. Anam mənə korluq verməmək üçün iki yerdə işləyib. Məktəbdə də, universitetdə də  atalılardan yaxşı geyinmişəm. İş yerimizdə bəzi qızların mənə münasibətini hiss edirdim. Elə bilirdilər ki, mən yüksək vəzifəli bir şəxsin qızıyam. Mən isə heç kəsə, hətta sizə də şəhid qızı olduğumu deməmişəm.

Şərqiyyə xanım göz yaşları içində yalnız bunu deyə bildi:

- Əslində qızlar haqlı imiş.Sən həqiqətən böyük adamın qızısan, Əzizə! Allah şəhid atana rəhmət eləsin! Ruhu şad olsun. Özündən muğayat ol. Elə bil ki, İlqar da sənin qardaşındır.İnşəallah, o torpaqlarda bir də müharibə olmaz.