adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Dekabr 2021 10:52
1130
ƏDƏBİYYAT

Tahir Rzayev: XİLASKAR ATANIN XİLASKAR OĞLU (poema)

Milli Məclisin deputatı Tahir Rzayev qələmə aldığı "Xilaskar atanın xilaskar oğlu” poemasını düşmən üzərində qələbəmizi təmin edən qəhrəman xalqımızın və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şərəfinə həsr etmişdir. Həmin poemadan bir hissəni təqdim edirik.

 

Tarixin dərslərinə hər vaxt möhtacdır bəşər,

Heçdən tarixə dönmür günlər, saatlar, anlar.

Əbədi ömür edib qəlblərdə tarixləşər

Xalqının tarixini yazanlar, yaradanlar.

 

Yaratmağa, yazmağa sevən ürək gərəkdir,

Yanmasan, düşünməsən, duymasan, yaratmazsan.

Yaşadıb ucaltmağa arzu, istək gərəkdir,

Ürəyini Vətənçün qoymasan, yaratmazsan.

 

Torpağın həsrətini nadan, cahil anlamaz,

Haqq, ədalət yolunda susar, ucalmaz səsin.

Sən torpağın bağrına bir şəhid adını yaz,

Ordan qeyrət, cəsarət, xalqa sevgi göyərsin...

 

Ağılla cəsarətin vəhdəti - nur, səadət,

Azadlıq - qurtuluşdur, həqiqətdir, zəfərdir.

Həyatını xalqına bəxş edən kəsin, əlbət,

Ömrü də tarixinin, xalqın ömrü qədərdir.

 

Ədalətə, hikmətə güvənən unudulmaz,

Torpağını sevənlər ad alıb, ucalırlar.

Haqsız tökülən qanlar heç zaman yerdə qalmaz,

Bir gün bağlanan yolun bir gün açılmağı var.

 

Rəhbər haqq yolu seçdi, haqq oldu qibləgahı,

Xalqının keçmişiylə, qüdrətiylə öyündü.

Sonsuz düşüncələrlə açdı yeni sabahı,

Ürəyi torpaq eşqi, yurd dərdiylə döyündü...

 

Düşündü axşam-səhər, düşündü aram-aram,

Vətənin dərdlərini gözlərinə çəkdi o.

Təmkinlə, siyasətlə, inamla, qram-qram,

Zəfərə gedən yolun özülünü tökdü o.

 

 

 

 

Zəhmətə güvəndilər vətənpərvər oğullar,

Azərbaycan adında bir dünya yaratdılar.

Dəyişdi görkəmini kəndlər, şəhərlər, yollar,

Arzulara qovuşub, məqsədlərə çatdılar.

 

Uğurlar sıralandı, artdı sürətlə artdı,

Rəhbər hər çətinliyə dözərək, sinə gərdi;

Xalq gücüylə möhtəşəm xarüqələr yaratdı,

Ancaq ki, azalmadı ürəkdən Vətən dərdi...

 

***

Dərin xəyallara dalıbdı rəhbər,

Keçmişə yol salıb düşüncələri.

Qəlbində gəzdirir hər an, sərasər,

Xalqının dərdini illərdən bəri.

 

Fikrində canlanır Ulu Öndərin

söylədiyi sözlər, müdrik kəlamlar:

"Oğlum, tarixini öyrənənlərin,

Ürəyi təpərli, işiqlı olar.

 

 

 

Tarixin dərsləri ömrü uzunu

mayakdır öyrənib düşünənlərə.

Ən böyük müəllim tarixdir, bunu,

deməyib müdriklər bil əbəs yerə.

 

Dilinə, dininə, öz tarixinə,

Xor baxan xalqına acıya bilməz.

Nəslini sevməyən qalar pis günə,

Ömrü bada gedər, taleyi gülməz.

 

Başımıza gələn müsibətlərin,

Kökünü, sirrini anlamalıyıq.

Tarixi dərk edib, dərindən-dərin,

Çox vaxt özümüzü danlamalıyıq.

 

Qılınc çalmışıqsa birliyimizə,

Düşmənə yolları açmışıq, demək.

Dönük olmuşuqsa birliyimizə

Vətən sevgisindən qaçmışıq, demək.

 

 

 

 

Haqdan, ədalətdən düşdükcə uzaq,

Aləmə yüksəlib nalə - ahımız.

Keçmişi unutsaq, xatırlamasaq,

Artar gündən-günə günahlarımız.

 

Yad onsuz da yaddır, yada nə var ki,

Vətən oda yanar el yadlaşanda.

Torpaq, yurd bölünər - insanlar bil ki,

var-dövlət uğrunda həddi aşanda.

 

Xəyanət boy atar, həqiqət ölər,

Millət birliyinə sahib olmasa.

Zalımlar sevinməz, ədalət gülər,

Ay oğul, insanlıq xırdalanmasa”.

 

Ata dərs öyrədir, oğul dinləyir,

Hər kəlmə incidir, nurdur, mayakdır.

Atanın köksündə bir səs inləyir

Əvvəli və sonu ədalət, haqdır.

 

***

 

 

Ali Baş Komandan cəsarətiylə

Yatan vicdanları bir-bir oyatdı.

Xalqına, yurduna sədaqətiylə

Möhtəşəm bir tarix yazdı, yaratdı.

 

Həsrətli torpaqlar, kəndlər, şəhərlər,

Güldü üzümüzə ilk bahar kimi.

Ali Baş Komandan - cürətli rəhbər,

Səs saldı dünyaya xilaskar kimi.

 

Dağların gözünə işıq saçıldı,

Qayalar səsləndi zəfər dilində

Fərəhdən payızda güllər açıldı,

Kədərli Arazın sahillərində...

 

Yerlərdə qalmadı şəhid qanları

Ruhlar sevindilər, qanadlandılar.

Vətənin qəhrəman, mərd oğulları

Ölümü öldürüb ad qazandılar.

 

 

 

 

Odur, rəhbərinin bir əmri ilə,

Ordumuz sədləri dəf etdi, keçdi.

İnamla, vüqarla, sədaqət ilə,

Xalqımız qurtuluş yolunu seçdi.

 

Xalq rəhbərə, rəhbər xalqa güvəndi,

Çin etdi xalqının saf niyyətini.

"Xöşbəxtəm yerinə yetirdim” dedi,

"Atamın əhdini, vəsiyyətini”...

 

Vətənin yolunda qanlar-qadalar

Qırmadı rəhbərin iradəsini.

Harada millətin, xalqın haqqı var,

Ucaltdi o yerdə məğrur səsini.

 

Ən çətin məqamda, ən əziz gündə,

Seçdi bir-birindən doğmanı, yadı.

Görüşlər, fikirlər çözələnsə də,

Qarabağ heç zaman unudulmadı.

 

 

 

 

Dedi ki, "Qarabağ Azərbaycandır!”

Dedi ki, "Qarabağ ürəkdir, candır”

Dedi ki, "Qarabağ cəlladlara yox,

Mərdlərə yurd olan cənnət məkandır.”

 

***

Qoymadıq Şər Xeyrin belini əyə,

Mərdlik canımızda, qanımızdadır.

Qardaşlıq yolunda mətinik deyə,

Türkiyə, Pakistan yanımızdadır.

 

Birlik nidaları göyə ucalsın

Sevinsin atalar, gülsün analar.

Aləm anlasın ki, Türk Dünyasının

Ərdoğan, İlham tək oğulları var.

 

Qonşumuz namərdsə, düşünək gərək

Xalqımıza bir gün ağlamalıyıq.

Xalqları yumruq tək birləşdirərək,

Özümüzə ümid bağlamalıyıq.

 

 

 

Millət mənliyiylə öyünər, gülər,

Söyüd bar gətirməz, yoxdan var olmaz.

Nəsli pak olanlar cəngavərləşər,

Nadandan sərkərdə, xilaskar olmaz.

 

Səbrlə, ağılla, siyasət ilə,

Tarixi dərsləri anlatdı bizə.

Faktlarla, sübutla, cəsarət ilə,

Düzəliş eylədi səhvlərimizə.

 

Xalqın qüdrətini sözlə, təriflə,

Dünyaya göstərdi, hər yana yazdı.

Ədalət sözünü böyük hərflə

Haqqa dönüklərin alnına yazdı.

 

Andıyla, sözüylə sübut etdi ki,

Torpaq - ürəyidir, Vətən - canıdır.

Nahaqqın üstunə elə getdi ki,

Dedilər, zamanın qəhrəmanıdır.

 

 

 

 

Keçdi, zəmanənin sınaqlarından,

Ədalətə arxa, haqqa yar oldu.

Vüqarlı sərkərdə, məğrur Komandan,

Tarixdə iz qoyan xilaskar oldu.

 

Dünya unudulmaz ad verdi ona,

Üzü ağ, andı pak, sözü qətidir.

Güc verən Rəhbərə, Baş Komandana

Xalqının tükənməz məhəbbətidir.

 

Ədalət üzülməz, şər ayaq tutmaz,

Qış əvəz eləməz heç vaxt baharı.

Nəsillər ucaldar, tarix unutmaz,

Məğrur rəhbərləri, xilaskarları.

 

Verdi qiymətini dövri-zamanın

Azadlıq amalı, ədalət yolu.

Aldı öz haqqını Azərbaycanın

Xilaskar atanın xilaskar oğlu

 

Tahir Rzayev

Millət vəkili