Bu fikri tək biz demirik, bu sözləri həm də çox təcrübəli, savadlı pepdaqoqlar deyirlər. Təbii ki, nə onların, nə də bizim dediklərimiz “Quran” ayəsi deyil. Amma bir şey gün kimi aydındır ki, elin gözü tərəzidir. Ömrünü-gününü gənc nəslin tərbiyəsi və savadlanması yolunda «xərcləyən» təcrübəli ekspertlər bu gün həyəcan təbili çalırlar ki, Azərbaycan təhsili çox mürəkkəb bir durumdadır. Ən azından ona görə ki, təhsil sistemində həyata keçirilən islahatlar islahatdan çox kadr dəiyşikliyidir və həmin kadr da, istər yaşlı olsun, istərsə də gənc, işə başlayandan sonra bir o qədər də böyük uğurlara imza ata bilmir.
Çünki idarəetmə və digər vacib sistemlər dəyişməyib. Direktorların təyin edilməsində hələ də sosial ədalət prinsipi öz əksini tapmayıb. Düzdür, direktorları müsabiqə yolu ilə, test imtahanları yolu ilə seçirlər. Ancaq bu məsələlər də bir o qədər də özünü doğrultmur. Adam var ki, test və müsabiqə imtahanından yüksək bal toplayıb, amma onu direktor təyin etməyiblər, ondan az nəticə əldə edəni o vəzifəyə qoyublar. Özü də ən çox gənc xanımları direktor vəzifəsinə təyin edirlər. Onların da 32, 35, uzaqbaşı 40 yaşları var. Belə baxanda hər şey çox ədalətli görünür. Amma kollektivə təyin olunmuş bu gənc direktorlar o kollektivdən yox, digər yerlərdən gəlib. Ona görə də onlar kollektivə gələrkən çətinliklə üzləşir, söz-söhbətlər yaranır və nəticədə gənc drektor heç də istəyinə nail ola bilmir. Ancaq direktorları kollektivdən seçmə yolu ilə təyin etsəydilər bu daha ədalətli olardı. Onu da biz demirik ha! Həmin fikri də yenə təcrübəli pedaqoqlar səsləndirirlər. Çünki kollektivdə kimin o vəzifəni bacarması hamıya yaxşı tanışdır. Kollektiv də onu seçəndə istər, istəməz məcbur olub həmin drektorun sözünə qulaq asır.
Artıq bir neçə Bakı məktəbində yeni təyin olunmuş gənc direktorlarla pedaqoji kollektiv arasında müəyyən anlaşılmazlıq da var. Yəqin ki, burada bir-birini anlamamaq və bir-birini başa düşməmək faktoru da mövcuddur. Məsələn, Bakıdakı 282 nömrəli məktəbə gənc bir xanım direktor təyin edilib. Buna sözümüz yoxdur. Sözümüz onadır ki, həmin xanım direktor vəzifəyə təyin olunandan 10-15 gün sonra məktəbin dörd giriş qapsıının hamısını bağlatdırdı. Hansı ki, həmin məktəbin həyətində futbol stadionu var və eyni zamanda yaxınlıqdakı sakinlərin asudə vaxtlarını o yerlərdə keçirməsinə normal mühit mövcuddur. Təəssüf ki, qapılar bağlandı, hətta gənclər və yeniyetmələr həmin stadiona gedib, idmanla məşğul ola bilmir, tində, küçədə duran tərbiyəsiz uşaqların təsiri altına düşürlər. Əgər xanım direktor doğrudanda nəsə bir yenilik eləmək istəyirdisə, heç olmasa məktəbin divarlarına yazılmış müxtəlif yazıları pozduraydı. Həmin divarlarda elə sözlər yazılıb və elə şəkillər çəkilib ki, adam onu dilinə gətitrməyə utanır.
Bu yaxınlarda Rəfael və Coşqunun Heydər Əliyev adına sarayda konsert proqramı keçirilib. Orada Rəfael soruşur ki, Azərbaycan təhsilinin gələcəyi varmı? Coşqun da cavab verir ki, təhsilimizin gələcəyi yox, keçmişi var. Doğrudan da Azərbaycan təhsilinin keçmişi çox zəngin və yaddaqalan olub. Mehdi Mehdizadənin, Lidiya Rəsulovanın, Firudin Cəlilovun və nəhayət Misir Mərdanovun nazir olduqları dövrlərdə Azərgbaycan təhsili öz intibah dövrünü yaşayıb və millətin, xalqın yaddaşında xoş izlər qoyub. Bunları da biz demirik, illərin pedaqoqları, alimləri və ziyalıları deyirlər...
Amma son beş-on ildə isə təhsilimiz doğrudan da ağır günlərini yaşayır və təhsilimizi bu ağır günlərdən kim və necə çıxaracaq, onu demək hələ də mümkün deyil. Təbii ki, təhsili və savadı olan millət həmişə tərəqqi edir və böyük uğurlar qazanır və zaman gələcək Azərbaycan təhsili yenə dirçələcək. Amma bu nə vaxt, haçan olacaq onu deyə bilmərik?!