15 Iyul 2024 10:01
207
GÜNDƏM

Terrorçuların xar olduğu gün: Türkiyənin Demokratiya və Milli Birlik Günü 

Türkiyədə 15 iyul  Demokratiya və Milli Birlik Günüdür (15 Temmuz Demokrasi ve Millî Birlik Günü). 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişinin yatırılmasının ildönümünə həsr olunmuş mitinqdə dedi ki, Türkiyə 2016-cı ildə dövlət çevrilişi cəhdini unutmayacaq və xarici qüvvələrin ölkədə sabitliyi pozmağa yönəlmiş planlarının həyata keçirməsinə imkan verməyəcək:"Biz millətimizə qarşı yönəlmiş heç bir məkrli ssenarinin reallaşmasına imkan verməyəcəyik . Çevriliş günlərində Türkiyə xalqı bütün dünyaya birləşərək vahid bir xalq ola bildiyini sübutu yetirdi. Bizim tərəfimizdə 85 milyon insan var, milli iradəni tüfənglə, tankla, təyyarə məğlub etmək olmaz. 15 iyul bizim şərəf günümüz oldu”.

Adalet.az xəbər verir ki, səkkiz  il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi etdi. 

Paytaxt Ankarada TRT binaları basıldı, özünü "Yurdda sülh şurası” adlandıran FETÖ terror təşkilatı üzvlərinin hazırladığı mətn silah gücünə oxutduruldu.  FETÖ qiyamçıları Türkiyə Böyük Millət Məclisi (TBMM), Ankara Təhlükəsizlik Müdirliyi və Xüsusi Hərəkat Departamentini bombaladılar. Xalq çevrilişə sinə gərdi, 251 nəfər şəhid oldu.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışıyla küçəyə çıxan milyonlarla vətəndaş çevrilişə "Dur" dedi.  Çevriliş cəhdinə qarışan və dəstək verən yüzlərlə FETÖ üzvü həbs olundu.

Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alındı. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu.

Qeyd edək ki, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilməklə dövlət çevrilişinə cəhd prosesinə 9 minə yaxın hərbiçi cəlb edilib. O qanlı və qaranlıq gecədə Türkiyənin gün işığına çıxması üçün döyüşən mülki, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub.

Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa etdi.

2016-cı ilin dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Qardaş Türkiyə xalqı Azərbaycanın haqlı və qətiyyətli mövqeyini hər zaman yüksək dəyərləndirib.

 Əntiqə Rəşid