17 Iyul 2024 15:02
415
ELM VƏ TƏHSİL

""Test" mənim xidmətimdir" deyənlər,  Vurğun Əyyub sağkən səsiniz çıxmırdı...

1987-ci il idi. Kənd məktəbi səviyyəsində məzun olaraq qurduğum xəyallara qovuşmaq üçün gün sayırdım. Nəhayət avqust ayında Lenin adına APİ-nin Azərbaycan -dili - ədəbiyyat fakültəsinə imtahan verməli oldum. Bu günkü kimi yadımdadır. İlk imtahanım ədəbiyyatdan yazılı idi. Mövzum isə" Cəfər Cabbarlı yaradıcılığında mənfi obrazların təhlil" oldu. O vaxt sinifdənxaric oxu üsulu ilə nəinki, tək C.Cabbarlını, yalan olmasın bütün yazıçılarımızın əsərlərini oxuyub başa vurmuşdum. Orta məktəb ədəbiyyat müəlliməm Roza xanım çox güclü idi. Həm fənni sevdirmişdi, həm də yazıçıları.

Plan qurmağı da, plan sayəsində inşanı ardıcıl şəkildə yazmağı da mənə çox gözəl şəkildə öyrətmişdi. Heç kəsin inanmadığı bir iş oldu. Yazıdan 4 almışdım. İkindi imtahan isə şifahi ədəbiyyat və Azərbaycandilidən idi. 3 aldığıma elə sevinirdim. Az qalırdım küçədən keçənləri tutub bağrıma basam. Çünki biz Bakıya imtahana gələndə hamı bir ağızdan deyirdi ki, havayı yerə ora  gedib, yola pul  xərcləməyin Əntiqənin sevdiyi fakültənin qiyməti 10 min manatdır. Amma 2 imtahandan keçməyim məni elə sevindirirdi ki...

Yadıma düşmükən deyim, o vaxt imtahana girəndə həm daimi qeydiyyat yerini yazırdılar, həm də müvəqqəti- imtahan verdiyin zaman qaldığın ünvanı . 3 gündən sonra sonuncu- 3-cü imtahana gedəcəkdim.   Ananla birgə qaldığımız ünvana  kəndimizdən olan Qaməddin adlı bir adam gəldi.   Qohumlarımla görüşdü, söhbətləşdi və məlum oldu ki, ali məktəblərə "makler"lik edir.  APİ-dən bunu mənim ardımca göndəriblər. Qaməddin dedi ki, həmin fakültənin qiyməti 10 min manatdır, amma bu qız 2 imtahanı verdiyinə görə  7 min manata tələbə ola bilər. 

Anam kəndə -atama zəng vurdu, məsələni dedi. Atam qəti etiraz etdi.Dedi ki, biliyi var girsin, yoxdu qayıtsın gəlsin evinə:"Mənim insituta veriləcək pulum yoxdu".

Sonuncu imtahandan 2 alandan sonrabilmədim insitutları "alverxanaya" döndərənlərəmi əsəbləşim, yoxsa, bankda 13 min manat pulu ola-ola mənə 7 min manat rəva görməyən atamamı əsəbləşim...   Küsdüm, institutdan da, oxumaqdan da... 2000-ci iilərin başında yenə insitut həvəsim  "ərşəqalxanda" yenidən Bakıya üz tutdum və test imtahanlarını müvəffəqiyyətlə verib ali məktəbin tələbəsi oldum!Bunun üçün isə hər zaman Elçibəyə və Vurğun Əyyuba təşəkkür borcum bitib-tükənməz olub.

 

Keçək əsas məsələyə

Bəzən ziyalı, ağsaqqal, alim hesab etdiyimiz insanların uşaqcasına danışıqları bizdə hələ balaca vaxtından yaranan sterotipləri kökündən məhv edir.
Hamıya məlumdur ki, 1992-ci ildə , yəni Azərbaycan müstəqillik qazandıqdan sonra ilk iş ali təhsilin qayğısına qalmaq olub. Bu o dövrün bütün şahidləri təsdiq edər. Müstəqil Azərbaycanın qurucuları olan gəlnclərin sovet üsul idarəsinin tətbiq etdiyi ali təhsil almaq şərtləri nin dəyişdirilməsi mühüm məsələ olaraq gündəmə gəldi. O vaxt hökümətdə təmsil olunan şəxslər açıqlamasında bildirdilər ki, 1992-ci ilin iyul ayında prezident Əbülfəz Elçibəyin və prezidentin təhsil üzrə müşaviri Rafiq İsmayılovun rəhbərliyi ilə ali məktəb rektorlarının qatıldığı müşavirə keçirildi.

Həmin müşavirədə bütün rektorlar test üsulunun tətbiqi ilə razılaşdılar. Çünki, yoxsul təbəqədən olan gənclərin təhsil alma şansları artacaqdı. Beləliklə, Preziden Elçibəyin qərarı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradıldı və ilk sədr Vurğun Əyyub seçildi. Düzdür, sistemin tətbiqi birinci növbədə Əbülfəz Elçibəy başda olmaqla Azərbaycan hakimiyyətinin siyasi iradəsi hesabına baş tutsa da, yaddaşlarda ən çox Vurğun Əyyub qalıb. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması prosesi zamanı təşkilatın idarə heyətinin üzvlərindən biri seçilib və 1992-ci ildə Azərbaycanda ali məktəblərə tələbə qəbulunun test üsulu ilə keçirilməsini təmin edib.

1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması prosesi zamanı təşkilatın idarə heyətinin üzvlərindən biri seçilib.
O, 1992-ci ildə Azərbaycanda ali məktəblərə tələbə qəbulunun test üsulu ilə keçirilməsini təmin edib.

Maraqlıdır ki, V.Əyyub dünyasını dəyişəndən sonra bəzi ziyalılarımızın dili açılıb. Məsələn, 2019-ci ildə Azərbaycanın ilk təhsil naziri Firudin Cəlilov bakupost-a müsahibəsində testi ölkəyə kim gətirib sualına cavab verərkən deyib ki, İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır:” "Mən Rəhim Hüseynovun vaxtında Baş Nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən ya “hə” de, ya “yox”. Konkret razılıq vermədi. Orda bizim Elçibəylə xoş olmayan deyişməmiz oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin, Sülhəddin Əkbər və başqaları da iştirak edib. Amma 30 ildə birinin qanacağı çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə kim gətirib və ilk test imtahanını kim keçirib.. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib.
Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuludur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbul Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim”.
Sonda Cəlilov deyib ki, , son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi".
Hazırda biz, Cəlilovun bu sözünə inanmamaq məcburiyyətindəyik.
Çünki, sabiq təhsil naziri Misir Mərdanov bu fikrin tərsini deyir. O açıqlayıb ki, çoxları elə bilir ki, test üsulunu o vaxtın təhsil naziri Firidun Ağasıoğlu gətirib. Düzdür, qərarı onlar verib. Ancaq test üsulunu, o kağızları əlində Azərbaycana gətirən mən olmuşam: “Nazir müavini kimi Türkiyənin təhsil işçilərinin hamısını yaxşı tanıyırdım. Xalq Cəbhəsi gəlib, bu işə başlayanda isə heç nə bilmirdilər. Şəxsən rektor məni çağıraraq bildirdi ki, deyirlər, test kağızlarını gətirmək üçün Misir müəllim getsin. Düzdür, həmin ərəfədə məni çıxarıb universitetə keçirmişdilər, bir az incik idim. Buna baxmayaraq, o kağızların dalınca mən getdim. Ancaq belə gözləmirdik. Bunlar tamamilə fərqli sistem gətirdilər, səhv yol ilə getdilər. Mən o sualları tərtib edən adamlarla tez-tez görüşürdüm. Deyirdim ki, bu uşağa hansı həcmdə bilik vermisənsə, onu tələb elə. İndi isə olduqca ağırlaşdırılmış suallar salırlar. Düşünürəm, təcili olaraq bu qaydalardan imtina olunmalıdır”.
Son olaraq: Baxmayaraq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, filosof Müşfiq Şükürov 1992-ci ildən bu yana keçirilən və təriflənən test üsulu bizim təhsil sahəsindəki uğursuzluğumuzun abidəsidir –deyir, amma özüm də daxil olmaqla , o dövrdən bu günə qədər məzun olan bütün gənclər Elçibəyə, V.Əyyuba və o dövrdə höküməti təmsil edənlərə təşəkkür borcludur.

 

P.S.Yadıma kiçik bir hadisə düşdü. Deməli "Laçınım mənim" mahnısı ilə qəlbimizdə özünə taxt quran sevimli müğənnimiz Məhəbbət Kazımov  dünyasını dəyişəndən sonra  onun duet ortağı Könül Kəırimova iddia qaldırdı ki, o"Laçınım mənim" mahnısı onun özünə məxsusdur.  Həmin vaxt belə bir məqalə yazmışdım:" Könül , bu iddianı niyə M.Kazımov sağ olanda qaldıra bilmədin? İnsan da  yaxın bildiyi insana bu namərdliyi edərdimi?". 

Təbii ki, yalan danışırdı və iddiasından geri çəkildi... Eyni nüans... 

 Əntiqə Rəşid