adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Noyabr 2022 10:44
696
ƏDƏBİYYAT

 Torpaq onu sevənin, göz bəbəyi kimi qoruyanındır

Torpaq, ucsuz-bucaqsız bir məkandır. Ancaq bu torpağa qeyrətli oğulların, onu özlərindən, həyatlarından da dəfələrlə böyük məhəbbətlə sevən şəhidlərin qanı axanda və torpaq bu qanla yoğrulanda adı Vətən olur. Vətən daha da böyüsün deyə bu torpağın oğulları canlarını fəda edir, ölümün əlini sıxırlar. Şəhid olub müqəddəsləşir, torpağın isti qoynunda əbədi məskən salırlar:

Yanıb

külə dönsəm

Nə dərdim,

Vətən torpağını

bir ovuc

böyük edərdim...

Qazilər, savaşda torpaq, Vətən yolunda yaralanıb, qan tökənlər də başımızın tacıdırlar. Axı onlar da, dünyanın ən əziz neməti olan yaşamaqdan müharibə zamanı əl çəkməyə, torpaq uğrunda canlarından keçməyə hər an hazır olublar. Onlar da vətəni şəhidlərimiz qədər çox sevirlər.

...Rövşən Məhəmməd oğlu Bayramov 6 iyul 1991-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində dünyaya göz açıb. Əlfi Məmmədov adına kənd tam orta məktəbini bitirdikdən sonra ordu sıralarında xidmət edib. Orduda Rövşən öz qorxmazlığı, bacarığı ilə çoxlarından seçilib. Hərbi xidmətdən qayıtdıqdan sonra Rövşən bir çox sahələrdə çalışıb, fərdi təsərrüfatla məşğul olub.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlananda Rövşən özünə dinclik tapmayıb, müharibəyə getməyə can atıb. Amma nədənsə onun bu istəyi dərhal yerinə yetirilməyib. Düz 9 gün rayon mərkəzindən axşamlar yaşadığı doğma kəndə qayıtmayıb. Gecələri hərbi komissarlığın yaxınlığında keçirib. Döyüşə, Orduya qoşulmağa razılıq alandan sonra heç kəndə, ailəsinin yanına gedib sağollaşmayıb da. Gənc ailəsini narahat etmək istəməyib.

Rövşən söhbət zamanı bildirdi ki, müharibə başlananda hələ 2 yaşı olan Nübar adlı qızı bir gün belə onu görməyəndə “dünyanı dağıdırdı”. Hələ gəl gör, qızı onun savaşa ölümə getdiyini görəydi. Vətən müharibəsində orduda yiyələndiyi hərbi peşə Rövşənin dadına çatıb. Pulemyotçu olan Rövşən manqa komandiri kimi öz igidliyi, cəsarəti ilə əsgər yoldaşlarına nümunə olub. Onun komandiri, polkovnik leytenant İlkin Əsədov söhbətimiz zamanı belə təsvir etdi:

“Rövşən başqalarına nümunə olan əsgər idi. Qorxmaz, igid, vətənpərvər. Ona nəyi isə necə yerinə yetirməyi izah etmək lazım deyildi. O, bacarıqlı olduğuna görə, ağıllı, təmkinli, məntiqli qərar verməyi bacarırdı. Ölümdən qorxmayan Rövşən döyüş zamanı həmişə özünü təhlükəyə atır, ölümün üstünə şığıyırdı. Biz onunla bir yerdə, savaşanda özümüzdə nikbin müsbət enerji hiss edirdik. Onunla birlikdə vuruşmaqdan qürur hissi keçirirdik.”

Rövşən 44 günlük Vətən müharibəsi başa çatandan sonra dinc həyata qayıtdı. Doğma Salmanbəyli kəndində heç bir həftə də istirahət etmədi. Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismarı İdarəsinə krançı kimi işə düzəldi. O, burada da işə yanaşmaq tərzi, məsuliyyəti ilə seçilir. Təmkinli, bacarıqlı bir işçi kimi onun haqqında çalışdığı idarənin baş mühasibi Cəbrayıl Cəbrayılov bir sözlə söylədi:

“Rövşən olduqca təvazökar və işgüzar bir oğlandır. Az bir müddət ərzində o, kollektiv üzvlərinin dərin  hörmətini qazanıb. Onun üçün yox, bacarmıram sözləri mövcud deyil. Öz işini bir qayda olaraq vicdanla, canla-başla yerinə yetirir. İmkan düşən kimi digər iş yoldaşlarının köməyinə yetir, onları darda qoymur. Buna görə də biz, onun iş yoldaşları Rövşənlə çiyin-çiyinə çalışdığımıza görə fəxr edir, onunla bir çox sahədə məsləhətləşirik. Sağ olsun, həmişə köməyimizə çatır, yarayır. O, əsl işgüzar, hər cür tərifə layiq insandır.”

...İstər savaş zamanı, istərsə də dinc həyat olsun vicdanının səsinə qulaq asıb, doğru yolla addımlayırsansa, ətrafındakılara hörmətlə yanaşırsansa həmişə hörmət sahibi olacaqsan. Dünən Vətən müharibəsi iştirakçısı, bu gün isə sadə peşə sahibi - sürücü olan Rövşən Bayramov da məhz belə insanlardandır.

Elimizin vətənpərvər və qeyrətli oğlu Rövşən Bayramova gələcək həyatında uğurlar arzulayırıq.

Adil MİSİRLİ