Tramp G7 sammitinə qatılacaq
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iyun ayında Fransanın ev sahibliyi edəcəyi "Böyük yeddilik" (G7) ölkə rəhbərlərinin görüşünə qatılacaq.
Adalet.az xəbər verir ki, bu haqda mənbəyi gizli saxlanılan Ağ Ev nümayəndəsi "Axios" nəşrinə açıqlama verib.
Məlumata əsasən, Tramp tədbir çərçivəsində ticarət əlaqələri, süni intellekt texnologiyaları və cinayətkarlıqla mübarizə məsələlərinə dair mövzuların müzakirəsində yer alacaq.
Adətən ABŞ dövlət başçıları hər il keçirilən bu cür görüşlərə qatılırlar. Lakin Trampın İrandakı hərbi əməliyyatlara dəstək verməyən Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi "Böyük yeddilik" dövlətlərindən narazı olduğu üçün budəfəki iştirakı sual altında idi.
Ağ Ev rəsmisi qeyd edib ki, G7 sammiti çərçivəsində rəsmi sənədlərin imzalanması gözlənilmir. Bunun əvəzinə tərəflər gələcəkdə əldə ediləcək müqavilələrin əsaslarını formalaşdırmaq üçün ortaq məxrəcə gəlməyə cəhd edəcəklər.
Qeyd edək ki, liderlərin toplantısı 15-17 iyun günlərində Fransanın cənub-şərq regionunda yerləşən Evian-le Ba şəhərində baş tutacaq. Gündəlikdə İranla bağlı vəziyyətin yer aldığı bildirilsə də, ABŞ rəhbəri daha çox iqtisadi və biznes mövzularına diqqət ayırmaq niyyətində olduğu deyilir.
Bildirilir ki, İran ətrafında yaranan münaqişə Vaşinqtonla G7 ölkələri və digər mühüm tərəfdaşları arasındakı əlaqələrə mənfi təsir göstərməkdədir. Nəşr vurğulayır ki, iyunun ortalarına qədər hər hansı bir razılıq əldə edilsə də, münasibətlərdəki gərginlik tam olaraq aradan qalxmayacaq.


Bakı -°C

