adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Aprel 2024 09:23
1963
ƏDƏBİYYAT

Şəlalə Camal: Üzmə məni, sevgilim...

Daha yorulmuşam

Daha yorulmuşam dava - dalaşdan,
Mənim müharibəm sənli də deyil...
Elə hey özümlə çıxdım savaşa,
Getdi cavanlığım, dönən də deyil....

Baxıram aynaya, gözüm qırışıb,
Qara saçlarım da dən görüb artıq...
Mən bu zamanadək kimlə yarışıb?
Demişəm ağ deyil, qaradı qatıq?..

İndi gəncliyimdən xəbər, ətər yox,
Vaxtsız qocalıq da inan ki, zaydır.
Ömründə xoş vədə görməyən kəsin,
Nə fərqi gəncliyi, ya qocalığı?!

Mənim arzularım qaldı o çağda,
İndi arzulasam mənə gülərlər.
Onda deyərdilər "uşaqdı qanmır",
İndi "ağlı gedib" deyərlər mənə...

***

Sevgilim...

Gəl oturaq, söhbət edək,
Əlimdən tut gedək gəzək,
Bəxtimə verirsən bəzək,
Üzmə məni, sevgilim...

Düz denən, yalan uydurma,
Boş sözlə qarın doydurma.
Mən durmamış sən də durma,
Əzmə məni, sevgilim....

Ayrılsaq bitəcək sevdam,
Həmin gündən sənə yadam.
Başqa gözdə, özgə donda
Gəzmə məni, sevgilim...