“GƏL, GÖR MƏNİ EŞQ NEYLƏDİ” - Əlisəfdər HÜSEYNOV yazır

Məşhur musiqi kollektivlərindən biri Bakıda qostrolda olanda Niyazi adəti üzrə qonaqları öz evinə ziyafətə dəvət etmişdi. Ziyafətin şirin yerində Niyazi ilə çıxış etmiş xanım musiqiçilərdən biri dəhlizdə Həcər xanıma yaxınlaşıb rus dilinin qol-qabırğasını sındıra-sındıra demişdi: “Siz xoşbəxt adamsınız ki, bu evin xanımı, Niyazi kimi təkrarsız bir istedadın hayat yoldaşlsınız. İnanın, bizim Niyazi səviyyəsində dirijorumuz olsaydı, ona sağlığında qızıldan heykəl qoyardıq”.
Niyazi yaşa dolduqca gəncliyində keçirdiyi ağır xəstəliyin fısadları tez-tez baş qaldırır, ona əziyyət verirdi. Belə vaxtlarda son qərarı vermək, ərini zorla istirahət evlərinə, sanatoriyalara göndərmək, darta-darta həkim müayinəsinə gətirmək Həcər xanımın, necə deyərlər, öhdəlikləri sırasında idi. Elə indi də “Leçkomissiya” deyilən elitar müalicıxanaya məhz arvadının təkidi ilə gəlib çıxmışdl….
…- Həcər, nə vaxt gəlmisən? Heç xəbərim olmayıb ki…- Niyazinin səsi Həcər xanımı diksindirdi.
- Hardan xəbərin olsun? Div kimi yatmışdln ey…- Həcər gülümsədi.
- Div yuxusuna elə divlər gedər də. Təsəvvür elə ki, mən də sənin divinəm. - Hiss olunurdu ki, nahardan sonra Niyazi yaxşıca dincəlib, kefi kökdür. - Bax beləsindən - barmaqları ilə başına iki boynuz qoydu, gözlərini bərəldib çəpləşdirdi, - Hə, necədir?
Həcər xanım bu zarafatı cavabsız qoymadı:
- Lap “fırt” eləyib divin burnundan düşmüsən!.
Gülüşdülər
Həcər xanım gətirdiyi zənbildən təzə meyvələrlə dolu iri selofan torbanı, ardınca da içərisinə meyvə şirəsi tökülmüş şüşə qabı çıxarıb masanın üstünə qoydu.
- Bu nədir? Yoxsa mənə konyak da gətirmisən? - deyib Niyazi göz vurdu.
- Yavaş elə, boğazında qalar. Təzə meyvə şirəsidir.
- Day meyvənin özünü gətirmisən də. Şirə nəyə lazım idi?
- Sənin ürəyinə bələdəm, - Həcər xanım cavab verdi. - Birini özün yeyib ikisini qonşulara paylayacaqsan. Ona görə işimi əvvəlcədən ehtiyatlı tutmuşam.
Sonra masanın üstündəki təmiz stəkanı şirə ilə doldurub Niyaziyə uzatdı.
- Götür, nə qədər ki, köhnəlib dadını dəyişməyib, iç.
Niyazi odeyalı kənara itələyib qalxdı, masaya yaxınlaşıb stəkanı arvadının əlindən aldı.
- Sağ ol, Həcər. Vallah, sən olmasaydın, mən çoxdan o dünyalıq olmuşdum…
Sonra stəkanl başına çəkərək içindəki şirəni tələsmədən, xırda qurtumlarla içib nazik blğlarını sığalladı.
- Yeməyi indi yeyəcəksən, yoxsa?.... - Həcər xanım soruşdu.
- Nə bişirmisən div üçün?
- Sənin xoşladığın döşəməli plov.
- Bəh, bəh, - Niyazi əllərini bir-birinə sürtüb ağzını marçıldatdı. -Gülü lap gözündən vurmusan ki? Amma tələsmə, qoy bir az da acım ki, sonra lap ləzzətlə yeyim. Olar?
Həcər xanım cavab verməyə macal tapmamış palatanın qapısı açıldı və 6-7 yaşlı bir qız uşağı başınl içəri salıb maraqla Həcər xanıma baxmağa başladı.
- Oho! Dostum gəlib çıxdı ki, - Niyazi sevincək ucadan dedi. - Bəs qapıda niyə dayanmısan? Keç içəri görüm.
Uşaq elə bil Niyazini görmür, dediklərini eşitmırdi: gözlərini heç cür Həcər xanımdan ayıra bilmirdi.
Həcər xanım uşağın ona belə maraq və təəccüblə baxmağından bir balaca karıxdı. Fikirləşdi ki, yəqin onu kiməsə oxşadır. Amma səbrini basa bilməyib
Niyaziyə tərəf çevrildi.
-Bu qəşəng qız kimdir, Niyazii?
- Baş həkimin qızıdır. Özü də bax belə qızdır - sağ əlinin baş barmağını yuxarı qaldırdı.- Təzə dostlaşmışıq.
Uşaq Həcər xanıma baxmaqdan sanki yoruldu, başını sola döndərib soruşdu;
- Niyazi əmi, Həcər xala budur?
- Hə, budur, - Niyazi Həcərə baxıb yenə göz vurdu. - Nədir, oxşamır? - və dərhal da yersiz sual verdiyinə görə ürəyində özünü danladı, çünki uşaq
Həcər xanımı birinci dəfə idi görürdü.
- Burda deyirlər ki, siz onu İrandan oğurlamısınız. Amma bu xala elə bizim xalalara oxşayırmış ki…
Niyazi və Həcər təəccüblə bir-birlərinə baxdılar və qəfildən eyni vaxtda hər ikisini gülmək tutdu. Amma onların Mahaçqalada bir-birlırinə qoşulub qaçmaları əhvalatının bu balaca qızcığazın qulaqlarına çatana qədər, Allah bilir, neçə ağızın “redaktəsindən” keçərək belə əcaib forma almaşı onların heç birini təəccübləndirmədi.
Niyazi gülməkdən yaşarmış gözlərini cib dəsmalı ilə silərək uşağa baxdı:
- Mən heç oğruya oxşayıram, ay şeytan? - cavab gözləmədən əli ilə Həcəri göstərib əlavə elədi - İkincisi, bu boyda əjdahanı oğurlamağa məndə güc harda idi? Bir də bala, lap oğurlasaydım da daha gedib İrandan niyə oğurlayırdım? Elə deyil, Həcər?
Həcər xanım gülümsədi, amma cavab vermədi.
Uşaq naraq dolu nəzərlərlə gah Niyaziyə, gah da Həcər xanıma baxdı və bilmədi nə desin.
Həcər də, Niyazi də başa düşürdülər ki, öz məhəbbət tarixçələrini bu uşağa danışmağın, Həcərin vətəninin İran yox, İrana birləşdirilmiş Cənubi
Azərbaycan olması barədə mühazirə oxumağın yeri deyil - 6-7 yaşlı uşaq deyilənləri çətin ki, həzm etsin. Amma bu söhbəti uşağın anlaya biləcəyi şəkildə yekunlaşdrmaq da pis olmazdı.
- Qızım, Həcər xalanı oğurlamamışam, Mahaçqaladan öz xoşu ilə qaçırmışam. Belə bir şəhər var, böyüyüb öyrənəcəksən. Özü də İran yox, təmiz türk qızıdır. Yoxsa lap dünya gözəli olsaydı da qaçırmazdım.
Sanki məsələyə nöqtə qoyuldu. Amma sən demə zıppıltının yekəsi qabaqdaymış. Uşaq bu dəfə dediklərinin mənasını anlamadan gəlib bura da çıxmış hansısa bir çuğulun “yaradıcılığı” olan sözləri düdüləyib tökdü:
- Niyazi əmi, səni Həcər xala adam edib, hə?
Palatada elə bil bomba partladı, gülüşün dalğasından hətta pəncərələrin şüşələri də cingildədi və uşaq deyəsən bir balaca səksəndi…
Qarnını tutub gülüşünü heç cür saxlaya bilməyən Niyazi axır ki, sakitləşdi və Həcərə yaxınlaşıb əlini onun çiyninə qoydu
- Qəşəng bala, məni də hamı kimi Allah adam eləyib. Amma Niyazi olmağıma görə, bəli, Həcərə borcluyam. Gedib sənin yanında belə sohbətlər edənlərə çatdırarsan ki, ağızlarına qıfıl vurub farağat dursunlar. Yoxsa Niyazi əmi gəlib onların qulaqlarını kəsib oğurlayar.
Sonra masanın üstündəki meyvələrdən qırmızı bir alma, iru bir armud götürüb uşağa uzatdı:
- Bəri gəl, bunları tut görüm.
Uşaq elə bil and içmişdi ki, ayağını kandardan içəri qoymayacaq.
Niyazi əlindəkiləri Həcərə verib başı ilə uşağı göstərdi. Amma Həcər stuldan qalxana qədər qızcığaz qəfildən qapının arasından yoxa çıxdı.
Elə bil otağln istisi, bayaqkı şuxluq bir az azaldı…
Niyazi pəncərənin qarşısında dayanlb bir tayını açdı, küçədə o tərəf bu tərəfə şütüyən maşınlara baxıb qəfildən Həcər xanıma tərəf çevrildi:
- Həcər, bilirsən bayaq yuxuda burnuma nəyin iyi gəlmişdi? Evliliyimizin birinci ilində Ağdaşdakı o soyuq, rütubətli evdə hər axşam xörək bişirmək üçün yandırdığın neft plitəsinun iyi. Deyirəm nə gözəl günlər idi.
“Nəyi gözəl idi, ay kişi? Qalmışdın bir dəst köhnə, nimdaş kostyumun ümidinə. Evdən çıxanda altı deşilmiş ayaqqabılarının içinə qəzet, karton qoyurdum ki, ayaqların islanmasın. Elə belə şeylərdən tutulmadınmı o zəhrimar xəstəliyə?” - Həcər təbii ki, bu sözləri ürəyində dedi - Niyazinin romantik ovqatına soğan doğramaq insafdan olmazdı.
- Deyirəm, o vaxt bir-birimizə qoşulub qaçmasaydıq, bizim aqibətimiz necə olacaqdı, ay Niyazi? - Həcər şux ovqatı saxlamağa çalışırdı. - Özünə qayğanaq buşirməyi də bacarmırdın, elə indi də bacarmırsan.
Niyazi yenə ürəkdən güldü:
- Gəlsənə, səni bu gün bir günlük oğurlayıb gətirim bura mənə qayğanaq bişirməyi öyrədəsən?.
- O vaxt qardaşlarım məni sənə vermək istəmirdilər deyə məni qaçırtdın. Bəs, bu gün kimdən, nədən qaçırmaq istəyirsən?
- Bu dəfə gəl bu günümüzdən qaçıb dünənimizə qayıdaq, əl-ələ verib keçmişimizə səyahət edək - səni mənə calayan o eşqin xatirinə, - Niyazi lap şair kimi, lirik-romantik tonda danışırdı. - Gör türk şairi Yunis Imrə necə gözəl deyib ey:
Könlüm düşdü bu sevdaya,
Gək, gör məni eşq neylədi.
Başımı saldım qovğaya,
Gəl, gör məni eşq neylədi
Gah əsərəm yellər kimi,
Gah tozaram yollar kimi,
Gah coşaram sellər kimi,
Gəl gör mənə eşq neylədi.
- Baho, dil çaşıb düzünü deyər, - Həcər gülümsəyib zarafata keçdi. - Məni qaçırıb doğrudan da başını qovğaya saldın da…
- Yox Həcər, elə deyil, - Niyazinin səsi ciddiləşdi.- Səni qaçırıb xoşbəxt oldum mən. Təkcə həyat yoldaşı yox, həm də ana, bacı əvəzi, dost, simsar qazandım. Çətin, ağır günlərimiz oldu, bəzən lap küsüşdük, dalaşdıq, amma bir dəfə də olsun üzündə, gözlərində narazılıq, peşmançılıq ifadəsi görmədim. Heç vaxt öz taleyindən, bəxtindən şikayətlənmədin, həmişə mənə dayaq, dəstək oldun. Sən olmasaydın mən heç vaxt duruş gətirə bilmızdim. - Niyazi sanki trans vəziyyətdə idi. - Məni mənə çevirən sən oldun, Həcər.
Həcər xanım karıxan kimi oldu: “Bu axşam buna nə olub, görəsən?”
Niyazi onun ürəyindən keçənləri duydu.
- Özün bilirsən ki, mən heç vaxt belə ritorika ilə, pafosla danışmamışam. Amma bu gün buna məcbur oldum. Iş ondadır ki
iki gün əvvəl istədim elə burada, bu palatada sənin əzab-əziyyətin qarşısında öz borcumdan çıxım, “Həcər” adlı simfoniya yazıb hisslərimi, duyğularımı ora köçürüm, səslərin dili ilə deyim. Elə bilirdim ki, musiqi ilə hər şeyi ifadə etmək olar. Amma sən demə belə deyilmiş. İnsanın qəlbinin ən dərin qatlarında elə sirlər yatırmış ki, onları heç musiqi ilə də izhar etmək mümkün deyilmiş. Başa düşdüm ki, mən bu simfoniyanı yazıb tamamlaya bilməyəcəm. Ona görə də yarımçıq saxladım. Bu mənim bir bəstəkar kimi ilk məğlubiyyətim oldu,- sözünü bitirib çarpayıya yaxınlaşdı, balışın alrından bayaq Həcər xanımın tapdığı not kağızlarını çıxardıb yuxarı qaldırdı:
- Budur, bax.
Həcər xanım yerindəcə quruyub qalmışdı. Niyazi təxminən bir saat əvvəl onun cırıb zibil qabına atmaq istədiyi not kağızlarından danışırdı.
Niyazı ona yaxınlaşıb yenə də əlini çiyninə qoydu:
- Allahın işini bilmək olmaz. Amma ürəyimə damıb ki, bu dünyanı səndən əvvəl tərk edəcəm, Həcər. Belə xəstə canla çox yaşamaq olmaz. Bu kağızları atmıram, sənə verirəm. Mən olmayanda götürüb baxar, bu günü yada salarsan.
Həcər xanım titrəyən əllərini uzadıb not kağızlarını aldı, amma ora yazılan işarələri görə bilmədi, çünki hər gözündə elə gözü boyda göz yaşı ilişib qalmışdı - nə yuvarlanıb aşağı düşürdü, nə də geri - gözlərinə qayıdırdı…