30 Oktyabr 2024 11:20
2463
ƏDƏBİYYAT

Vahid Qazinin  yeni kitabının təqdimatından REPORTAJ

Ötən gün yazıçı-publisist Vahid Qazi ziyalı camesini ətrafına toplamışdı.

Adalet.az xəbər verir ki, V. Qazi növbəti kitabını - "İtmiş yaddaşın şifrəsi: İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri"ni oxucularına təqdim elədi.
"Əjdaha" nəşriyyatının çap etdiyi "İtmiş yaddaşın şifrəsi: İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri"adlı kitabının görüş-təqdimatı "Misra Book Kafe"də baş tutdu. Olduqca səmimi və maraqlı ortamda keçən tədbirin aparıcısı yazıçı, şair, publisist Aqşin Yenisey idi. .

Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli , Filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru Azad Qaradərəli, əməkdar jurnalist Yusif Rzayev, Novator.az saytının rəhbəri ,jurnalist Hikmət Sabiroğlu, jurnalistlər Arzu Qazıyeva, Könül Arifqızı, Ülviyyə Heydərova, yazıçı Eldar Zeynalov, Şairə Şahrun Süleymanova (Vahid müəllimin dili ilə desək, həm də orta məktəb illərində sinifkomları olub ) Vahid müəllimin orta məktəbdə sinif rəhbəriolmuş Nərgiz Həsənova və digər tanınmış SÖZ adamları, müəllifin yaradıcılığı ilə bağlı fikir və düşüncələrini dilə gətirdilər
Vahid Qazi yaradıcılığının izləyiciləri Müsavat Partiyasının Başqanı Arıf Hacılı ,kinodramaturq Eldəniz Quliyev, polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Şairlər Şərahil Laçın, Sevil Ülvi, jurnalist Şakir Eminbəyli müəllifi yeni uğuru münasibəti ilə təbrik etdilər.


İndi isə keçək, yeni kitabla bağlı müzakirələrə...

Əslində mən əminəm ki, “Ruhlar şəhəri” əsəri ilə hər kəsin qəlbində özünə əbədi məskən salan Vahid Qazinin - "İtmiş yaddaşın şifrəsi" kitabı ilə də ictimaiyyət arasında yazıçı nüfuzunu qoruya biləcək, yox, yüksəldəcək. Bilirsiniz, zəmanə elə gətirib ki, kimin əlinə klavyatura keçirsə, deyir, “yazıçıyam, şairəm, jurtalistəm”.

Hazırda kitab bolluğudur, amma hər kitab da oxunmur, sevilmir, davamı gözlənilmir. Bu sarıdan Vahid Qazi şanslı yazıçıdır, publisistdir. Hər zaman yazdıqları oxunub, sevilib, davamı arzulanıb.
“İtmiş yaddaşın şifrəsi” kitabına ön söz yazan ədəbiyyat eksperti Aqşin Yenisey müəllifin əsərlərinin oxucu tərəfindən qəbul edilməsini belə görür: Vahid Qazinin bu kitabının şəhrinə bu qədər uzaqdan başlamağımın səbəbi diqqəti kitabın bir dil faktı olduğuna yönəltməkdir və bu dil müəllifdən daha çox, müəllifin mənsub olduğu mədəniyyətin dilidir.

Vahid Qazinin bir-bir şərh edib oxucuya bəri başdan istiqamət vermək istəmədiyim bu kitabındakı esse və məqalələri, əslində, milli mədəni irsi dünya mədəniyyəti müstəvisinə, eyni zamanda dünya mədəni irsini də milli müstəviyə daşıyan, müəllif təkəbbürünün milli sərhədlərini aşmış, bir növ, borxesian mətnlərdir. Bu kitabda mədəniyyətin özü şərh olunur, mövzuların bütünü mədəniyyətin özüdür”.

Bəli, Aqşin bəyin dediyi kimi, Vahid Qazinin "nəğmələri" elmi kültürün dəyərlərini mənimsəmiş oxucular üçündür.
Zemfira xanımın kitabla yenicə tanış olduğunu bildirdi və söylədi ki, taleyin gərdişiylə dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimiz arasında daim doğma Vətəni ilə, Qarabağımızla nəfəs alan bir qələm doztumuz var: yazıçı, publisist, esselər müəllifi Vahid Qazidir.
Tanınmış xanım jurnalistimizin bu sözü ilə də razılaşmamaq mümkün deyil. Azərbaycandan minlərlə km uzaq İsveçdə yaşayan Vahid Qazinin nəbzi hər zaman Azərbaycanın, Qarabağın nəbzi ilə vurdu. Bütün məqalələrində, esselərində, xırda bir sosial şəbəkə statusunda Azərbaycan var, Qarabağ var. Sanki Vahid müəllim özü ilə bərabər Azərbaycanı da, Qarabağı da uzaq İsveçə aparıb.

Eləcə tədbir əsnasında kitabı vərəqlədim: Təsadüfə baxın, gözümə ilk dəyən “Şuşadan yaza bilmək” məqaləsi oldu. Başımı kitaba əyib, diğər yazıları da gözdən keçirdim.Kitaba toplanmış 269 səhifənin demək olar ki, nədən bəhs etməsindən asılı olmayaraq yenə gəlib, Azərbaycanda, Qarabağda bitirdi.

Xüsusən, “Xaçaturyanın döyüş süitası” müəllif qədər məni də təəssüfləndirdi. Erməni bəstəkarın Azərbaycan xalq mahnılarını öz musiqi əsərlərinə köçürərək erməni incəsənəti kimi təqdim etməsi bir təəssüf doğursa da müəllifin yazdığı sonuncu cümlələr min təəssüf yaradır: Adını çəkdiyim (və çəkmədiyim, heç mövcudluğundan xəbərim belə olmayanları demirəm) bu şəxslərin hər biri ona görə uğur qazanıb özünü və xalqını dünyaya tanıda bildilər ki, arxalarında toplumun dəstəyini, kürəklərində neçə erməni əlini duydular. Özləri də yıxılanın əlinə əl, qalxanın ayağına çiyin uzatdılar.

Elmdə, siyasətdə, incəsənətdə, idmanda, hərbdə – hər yerdə birinin uğuruna beşi yol açdı. Qabağa keçənə ağız büzmədilər, şəbədə qoşmadılar, ayağından tutub dartmadılar, şərləmədilər, donos yazmadılar, yolu ağzında quyu qazmadılar…Nə isə!.. Palan içi tökməyə ehtiyac yoxdu. Özü də astarı üzünə yüz ildi çevrilmiş palanı”.
Yəqin ki, siz də müəllif qədər, mənim qədər təəssüfləndiniz!
Elə isə dərdlərini, acılarını, ağrılarını, vətən həsrətini eyni zamanda qürbət kədərini ürəyinin köşəsində kitablara köçürən Vahid Qazinin "İtmiş yaddaşın şifrəsi: İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri"tapın, alın, təcili oxuyun!

Qeyd edək ki, bu il Əjdaha” nəşriyyatında çap olunan bu kitabın redaktoru Aqşin Yenisey, texniki redaktoru Sadiq Əliyev, korrektoru Nərmin Dadaşovadır. Kitab 269 səhifədən ibarətdir. Tədbirin sonunda iştirakçılar müəlliflə xatirə şəkilləri çəkdirdilər, ktablarına Vahid Qazinin imzasını qeyd etdirdilər.

Əntiqə Rəşid