04 Mart 2025 18:21
105
ƏDƏBİYYAT

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edildi - FOTOLAR

4 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı  çağdaş Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, Vətən, xalq qarşısında öz tarixi borcunu yerinə yetirən ictimai xadim, görkəmli alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirmişdir. 

Rayon ictimaiyyətinin nümayəndələri, yazarlar, ədəbiyyat həvəskarlarının   iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı istiqlal şairi B.Vahabzadənin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərdiyi misilsiz xidmətlərindən, onun dərin fəlsəfi şeirləri və milli dəyərlərə olan bağlılığı ilə hər zaman xalqının yaddaşında əbədi qalacağından, şairin zəngin poetik söz dünyasının milli çalarından, şairin istər  Sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində keşməkeşli həyatından bəhs etmişdir.

Tədbirdə Karrar qəsəbə tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva “ İstiqlal mücahidi Bəxtiyar Vahabzadə” mövzusunda məruzə etmişdir. O, məruzəsində öz kökünə bağlı olan böyük şairin 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olmasından, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq, istiqlal uğrundakı ədalətli mübarizəsini cəsarətlə qələmə almasından və bu poemaya görə 1962-ci ildə şairin "millətçi" damğası ilə təzyiqlərə məruz qalmasından bəhs etmişdir.

Tədbirdə bədii qiraət həvəskarları Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr səsləndirmişlər. Sevimli şairin həyat və yaradıcılığını əks etdirən videoçarxlar və görkəmli şəxsiyyətlərin onun haqqında söylədiyi fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

Tanınmış xanəndə Səfalı Əliyevin ifasında B. Vahabzadənin qəzəllərindən ibarət muğamların  və şairin öz səsində  “Ana dilim” şeirinin səsləndirilməsi tədbir iştirakçılarının alqışlarlarına səbəb olmuşdur.